Birinci rüb ərzində AÇG layihəsinə $216 milyon əməliyyat məsrəfləri və $692 milyon əsaslı məsrəflər xərclənmişdir.
Hasilat
Birinci rübdə AÇG-nin fəaliyyətində mühüm bir nailiyyət qeyd olundu – Çıraq Neft Layihəsi (ÇNL) çərçivəsində ilk neft əldə olundu. Qərbi Çıraq platforması yanvar ayının 28-də öncə qazılmış quyuların birindən – J05 quyusundan hasilata başladı. O vaxtdan bəri Qərbi Çıraq platformasından hasilat artaraq üç quyudan indiki həddinə - gündə 40 000 bareldən artıq səviyyəyə çatmışdır. Qərbi Çıraqdan hasilat 2014-cü il ərzində digər öncəqazma quyuları işə düşdükcə artacaq.
Birinci rüb ərzində AÇG-dən ümumi hasilat – Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Dərinsulu Günəşli və Qərbi Çıraq platformalarından birlikdə – gündə orta hesabla 645 800 barel (b/g) (və ya ümumilikdə 58 milyon barel, yəni təqribən 8 milyon ton) təşkil edib.
Rübün sonunda bizim ümumilikdə AÇG-də 79 neft hasilat quyumuz və 35 injektor quyumuz istismarda idi ki, bunlar da aşağıdakılardır:
Çıraqda 18 quyu istismarda olub (13 hasilat və 5 suvurma quyusu) və oradan orta hesabla gündə 66 600 barel neft hasil edilib.
Mərkəzi Azəridə (MA) 24 quyu istismarda idi (17 hasilat, 6 qaz injektor və bir suvurma quyusu) və oradan gündə orta hesabla 168 400 barel hasilat əldə edilib.
Qərbi Azəridə (QA) 25 quyu istismarda idi (20 hasilat və 5 suvurma quyusu) və oradan gündəlik orta hesabla 169 200 barel neft hasilatı əldə edilib.
Şərqi Azəridə (ŞA) 17 quyu istismarda idi (13 hasilat və 4 suvurma quyusu) və oradan birinci rüb gündəlik orta hesabla 84 300 barel hasilat əldə edilib.
Dərinsulu Günəşlidə (DərSG) 28 quyu istismarda idi (14 hasilat və 14 suvurma quyusu) və oradan birinci rüb gündəlik orta hesabla 146 200 barel hasilat əldə edilib.
Qərbi Çıraq (QÇ) birinci rübdə iki quyudan gündəlik orta hesabla 11 100 barel hasilat əldə edib.
Səmt qazı
AÇG yatağının operatoru olaraq BP birinci rüb ərzində Dərinsulu Günəşli platformasından hasil edilən səmt qazını 28 düym ölçülü sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir.
Azəridəki üç platformadan – Mərkəzi, Qərbi və Şərqi Azəri – səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə Mərkəzi Azəridəki kompressor və suvurma platformasına (KSVP) göndərilmiş və oradan da onun bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə elə həmin 28 düym ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına nəql edilərək ölkənin daxili istifadəsi üçün Azəriqaz şəbəkəsinə təhvil verilmişdir. Hazırda Mərkəzi Azəridə altı quyudan laya qaz vurma əməliyyatları davam edir.
Qərbi Çıraqdan hasil edilən səmt qazının bir qismi Səngəçal terminalına göndərilmişdir. Qərbi Çıraq qazının tam həcmdə terminala göndərilməsini təmin etmək üçün qaz kondensasiya və kompressiya sistemlərinin sınaqdan keçirilərək istismara təhvili istiqamətində işlər davam edir.
Çıraq platformasında hasil edilmiş səmt qazının müəyyən hissəsi isə mövcud 16 düym ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. Qazın məşəldə yandırılmasını azaltmaq məqsədilə BP rüb ərzində buxarlanan qazlar kompressoru və boru kəməri üçün nəzərdə tutduğu təkmilləşdirmə işlərinin əksər hissəsini başa çatdırıb. Bu iş ikinci rüb ərzində də davam etdiriləcək.
Birinci rüb ərzində ARDNŞ-yə gündə təxminən 6,2 milyon kubmetr (218 800 milyon standart kubfut), ümumilkdə isə 0,6 milyard kubmetr (19,7 milyard kubfut) AÇG səmt qazı vermişik.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
Birinci rüb ərzində AÇG-də 4 neft hasilat quyusu və bir suvurma quyusu qazılmışdır.
Çıraq: 2013-cü il dekabrın sonunda qazmağa başladığımız yeni A06X hasilat quyusu 2014-cü ilin mart ayında tamamlanaraq istismara verildi. Bunun ardınca aprel ayında yoxlama və intervensiya əməliyyatları aparıldı.
Mərkəzi Azəri: Birinci rübdə B28 yeni hasilat quyusunda qazma əməliyyatları davam etmişdir. 2013-cü ilin dekabr ayında qazmağa başladığımız bu quyunun bu ilin iyun ayında təhvil veriləcəyi gözlənilir.
Qərbi Azəri: Dekabr ayında qazmağa başladığımız C28 hasilat quyusu mart ayında tamamlanaraq istismara verildi. Bunun ardınca C25 quyusunda intervensiya əməliyyataları apardıq. Daha sonra isə C14 quyusunda qum şırnağının dayandırılması işləri aparılacaq.
Şərqi Azəri: Yanvar ayında D03 quyusunda intervensiya əməliyyatlarını bitirdik. Bunun ardınca əlavə intervensiya və təmizləmə əməliyyatları apardıq. D11z quyusunda yenidən tamamlanma və D11y quyusunda yanaqazma əməliyyatları ikinci rübdə də davam edəcək.
Dərinsulu Günəşli: Yanvar ayında E02Y quyusunda qazlift quraşdırmaq üçün aparılan intervensiya əməliyyatlarını başa çatdırdıq. Bunun ardınca E12 quyusunda yoxlama, E09Y quyusunda yanaqazma və E09y quyusunda tamamlama işləri apardıq.
Birinci rübdə Dədə Qorqud qazma qurğusu vasitəsilə bir suvurma quyusu - H07z quyusunu – qazdıq. Bu quyu tamamlandı və müvəqqəti olaraq dayandırıldı. 2014-cü ilin mart ayının əvvəlində daha bir suvurma quyusunu – H08-i qazmağa başladıq.
Qərbi Çıraq: Birinci rübdə iki hasilat quyusu – J05 və J11 – tamamlanaraq istismara verildi. Aprel ayının sonunda isə üçüncü quyu - J07 quyusu istismar üçün təhvil verildi.
AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təxminən 970 milyon standart kubfut və ya 27,4 milyon standart kubmetr qaz, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 milyon standart kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur.
2014-cü ilin biribci rübü ərzində terminal 75 milyon barel neft (o cümlədən 65.2 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 8,02 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), 1,34 milyon barel dəmir yolu vasitəsilə və 0,44 milyon barel kondensat ixrac kəməri vasitəsilə) ixrac etmişdir.
2014-cü ilin birinci rübü ərzində terminal həmçinin gündəlik orta hesabla 25,5 milyon standart kubmetr (900 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac etmişdir.
2014-cü ilin birinci rübündə BTC üzrə əsaslı xərclərə $14,6 milyon xərclənmişdir. 2014-cü il üçün əsaslı xərclərin $119 milyon olması gözlənilir.
BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.
Aprel ayının 21-də BTC Türkiyənin Ceyhan terminalında neftlə yüklədiyi 2500-cü tankerı yola salmağını qeyd etdi. “Vinga” adlı tanker Bakı yaxınlığındakı Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına nəql edilmiş 735 000 barel neft yükləyərək İspaniyaya yola düşüb. ”Vinga” tankerinə yüklənilmiş xam neft Azərbaycan Dövlət Neft Fonduna məxsusdur.
1 768km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib. Həmin vaxtdan etibarən BTC boru kəməri ümumilikdə 1,9 milyard bareldən artıq (256 milyon ton) xam neft nəql edərək dünya bazarlarına göndərib.
2014-cü ilin birinci rübündə BTC vasitəsilə 8.7 milyon ton (66 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 88 tankerə yüklənib.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 2013-cü ilin oktyabrından başlayaraq BTC vasitəsilə müəyyən həcmlərdə Tengiz neftinin nəql olunması bərpa olunub. Bundan əlavə, bu ilin fevral ayında ARDNŞ-nin əməliyyatçısı olduğu Şimal Marşrutu İxrac Boru Kəmərinin axın istiqaməti uğurla dəyişdirildi. Bu, BP ilə ARDNŞ-nin bu boru kəməri boyunca bir neçə obyektin yenidən işə salınması üçün birgə səylərinin nəticəsi idi. Müvafiq kommersiya razılaşmaları əldə edildi və bu da Şimal Marşrutu İxrac Boru Kəmərindən neft həcmlərinin BTC vasitəsilə ixracına imkan verdi.
2014-cü ilin birinci rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə $120 milyon əməliyyat xərcləri və $785 milyondan çox əsaslı xərclər çəkilmişdir. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq $480 milyon və $3 milyard 650 milyon olacağı gözlənilir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə, o cümlədən dənizdəki işlənmələr və Səngəçal terminalının genişləndirilməsinə aiddir.
Hasilat
Birinci rüb ərzində Şahdəniz yatağı Azərbaycan (ARDNŞ-yə), Gürcüstan (GOGC şirkətinə) və Türkiyə (BOTAŞ-a və BTC şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirmişdir.
Üç ay ərzində yataqdan 2,32 milyard kubmetr (təqribən 82 milyard kubfut) qaz və 0,6 milyon ton (təqribən 4,44 milyon barel) kondensat və ya gündəlik təxminən 26 milyon kubmetr (909 milyon standart kubfutdan çox) qaz və 49 330 barel kondensat hasil edilmişdir.
2006-cı ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2014-cü ilin birinci rübünün sonunadək yataqdan bazarlara təqribən 50,3 milyard kubmetr (1 775 milyard standart kubfut) qaz və 13 milyon tondan çox (194 milyon barel) kondensat ixrac edilib.
2013-cü ildə mövcud qurğuların texniki optimallaşdırılması nəticəsində Şahdəniz hasilat sisteminin gündəlik maksimum gücü 966 milyon standart kubfut qaz və 55 000 barel kondensat səviyyəsinə qaldırıldı. Şahdəniz tərəfdaşları 2014-cü ilin axırına qədər hasilat gücünün təxminən 1 milyard 40 milyon standart kubfuta qədər artırılması üçün şərtləri ARDNŞ ilə razılaşdırdı.
Qazma əməliyyatları
Şahdəniz Mərhələ 1
2014-cü ilin birinci rübündə Şahdəniz SDA03x qaz hasilatı quyusunda əməliyyatlar tamamladı və bu quyu 2014-cü ilin fevral ayının əvvəlində istismara verildi. Bunun ardınca qazma qurğusunun profilaktikası əməliyyatları aparıldı. Hazırda SDA02 quyusunda intervensiya əməliyyataları davam edir.
Şahdəniz Mərhələ 2
2014-cü ilin birinci rübündə İstiqlal qazma qurğusu SDC-03 quyusunda qazma əməliyyatlarını davam etdirdi və bu quyunun 2014-cü ilin may ayının sonunda tamamlanması gözlənilir. Bunun ardınca SDC-04 quyusunda qazma əməliyyatlarına başlayacağıq.
Birinci rüb ərzində Heydər Əliyev qazma qurğusunun texniki modifikasiyası baş tutdu və qurğu beşillik sertifikasiya aldı. O vaxtdan bəri qurğu SDD-02 quyusunun aşağı hissəsini qazmağa başlayıb və quyu 2014-cü ilin oktyabr ayında tamamlanacaq. Bu quyu sonra dayandırılacaq ki, gələcəkdə İstiqlal qazma qurğusu ilə tamamlansın. Noyabrda SDD-04 quyu lüləsinin üst intervalının qazılması başlayacaq.
Şahdəniz Mərhələ 2 Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni Cənub Qaz Dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. Bu, dünyanın hər hansı bir yerindəki ən böyük qaz işlənməsi layihələrindən biridir.
Şahdəniz Mərhələ 2 layihəsinin ümumi dəyəri Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişlənməsi də daxil olmaqla $28 milyard ətrafında olacaq. Nəhəng Şahdəniz yatağından hasil ediləcək ildə 16 milyard kubmetr qaz təxminən 3 500 kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.
Sahildən təxminən 70km məsafədə yerləşən Şahdəniz yatağının işlənməsinin 2-ci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir.
2013-cü il dekabrın 17-də Şahdəniz konsorsiumu Mərhələ 2 işlənməsi üçün yekun investisiya qərarını təsdiq etdi. Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca CQBK-nin ixrac gücünə ildə 16 milyard kubmetr əlavə olunması (Azərbaycanda 48 düym diametrli yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə), Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastuktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq.
Mərhələ 2 layihəsi Şahdəniz qazının ildə təxminən 10 milyard kubmetrinin 25 il ərzində İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara çatdırılmasını təmin edəcək. Bundan başqa, Şahdəniz Mərhələ 2-dən hasil olunacaq qazın ildə təxminən 6 milyard kubmetri Türkiyədəki istehlakçılara çatdırılacaq. Qaz satışı və nəqli üzrə bütün sazişlər Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən idarə olunacaq.
Yekun investisiya qərarı veriləndən bəri Şahdəniz Mərhələ 2 layihəsi qrafik üzrə davam edir. Layihə çərçivəsində tikinti və təchizat işləri üzrə artıq bir sıra iri müqavilələr imzalanıb. Bu müqavillələrə aşağıdakılar daxildir:
Dayaq blokları və göyərtələrin tikilməsi üçün tikinti-quraşdırma sahələrində həmçinin qurudakı terminal tikinti sahələrində işlər başlayacaq. Buna əlavə olaraq, platformanın dayaq blokları və üst modulların quraşdırılması üçün poladın ilk partiyaları artıq ölkəyə gətirilibdi. Bu fəaliyyətlər Cənub Dəhlizi layihələrinin bütövlükdə irəliləməsinə kömək edir.
Dənizdə İstiqlal və Heydər Əliyev qazma qurğuları vasitəsi ilə qazma işləri uğurla davam etmişdir. Bu qurğular 2018-ci ilin sonlarına planlaşdırılmış ilk gaz hasilatına hazırlıq yönümündə artıq 5 quyu qazıb. Hasilatın artırılaraq ildə 16 milyard kubmetr həcmində planlaşdırılan sabit ən yüksək səviyyəyə çatdırılması üçün tələb olunan bütün quyuların qazılması üçün bu iki qazma qurğusu Şahdəniz yatağında öz fəaliyyətini davam etdirəcək.
Birinci rüb ərzində CQBK ilə bağlı fəaliyyətlərə $12 milyon əməliyyat xərcləri və $137 milyon əsaslı xərclər sərf edilib. Tam il üçün əməliyyat xərclərinin $50 milyon olacağı gözlənilir. Əsaslı xərclər isə CQBK-nin genişləndirilməsi üzrə işlərin sürət götürməsi nəticəsində $1 milyard 250 milyona qədər artacaq.
Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır.
İl ərzində CQBK-nın gündəlik orta ötürücülük gücü 18,14 milyon kubmetr (təqribən 640.5 milyon kubfut) qaz və ya gündə 110 430 barel neft ekvivalenti olmuşdur.
CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.
CQBK-nın genişləndirilməsi layihəsi üzrə yekun investisiya qərarı 17 dekabr 2013-cü il tarixində, Şahdəniz Mərhələ 2 üçün qərar verilməsi ilə eyni zamanda qəbul edildi. 2014-cü ilin birinci rübü ərzində CQBK-nın genişləndirilməsi layihəsi üzrə dörd müqavilə imzalanıb. Bu müqavillələrə aşağıdakılar daxildir:
2014-cü ilin ikinci rübündə Azərbaycanda boru kəmərinin tikintisi üzrə müqavilələrin bağlanması planlaşdırılıb. İlk boru partiyasının Azərbaycana gətirilməsi bu ilin sonuna doğru planlaşdırılıb.
2012-ci ilin əvvəllərində “Giləvar” seysmik gəmisi Şəfəq-Asiman üzrə planlaşdırılmış 3-ölçülü seysmik tədqiqat proqramını başa çatdırdı. Bu, həmin müqavilə ərazisində indiyədək aparılmış ilk 3-ölçülü seysmik tədqiqatdır.
2013-cü ildə biz əldə edilmiş məlumatın təhlilini aparmağı davam etdirdik. Bu, indiyədək Azərbaycanda aparılan ən böyük 3-ölçülü seysmik məlumat təhlilidir.
2014-cü ilin birinci rübündə biz məlumatın təhlilini başa çatdırdıq sonra seysmik məlumatın interpretasiyasına başladəq ki, bunun tamamlanması üçün 18 aya qədər vaxt tələb olunur.
Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında BP ilə ARDNŞ arasındakı hasilatın pay bölgüsü sazişi (HPBS) 2010-cu ilin oktyabr ayında Bakıda imzalanmışdır.
Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1 100 kvadrat kilometr ərazini əhatə edir. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 000 metrdir.
Hazırda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 854 nəfərdir. Şirkətin ixtisaslı daimi işçilərin ümumilikdə 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir.
Səngəçaldakı Xəzər texniki təlim mərkəzi (XTTM) yerli texniklərin effektiv şəkildə hazırlanmasını davam etdirdi. May ayında təlim mərkəzi özünün onuncü il dönümünü və BP-nin əməliyyatçısı olduğu obyektlər üçün təqribən 900 yerli texnikə təlim keçməsini qeyd edəcək. Bu yüksək ixtisaslı texniklər BP-nin həm dəniz, həm də quruda əməliyyatçısı olduğu obyektlərinin ötən ol il müddətində təhlükəsiz və etibarlı şəkildə idarə edilməsində çox mühüm rol oynayıblar.
Bundan əlavə, BP şirkəti yerli mühəndislər üçün dünya səviyyəli “Neft-qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramı”nı (NİMTP) uğurla həyata keçirir. NİMTP milyonlarla dollar dəyərində bir təlim proqramı olaraq azərbaycanlı neft-qaz ixtisaslı məzunlar üçün nəzərdə tutulub və BP şirkətinə gələn gənc mühəndislərin qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır.
Bundan əlavə, BP 2014-18-ci illər üçün beşillik milliləşdirmə planı hazırlamışdır. Bu plana əsasən 2018-ci ilin sonunadək BP-nin ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil etməlidir. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilərin isə artıq 100%-i yerli vətəndaşlardır. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı və iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesi daha da gücləndirmək məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirakı daxildir. Bu plan artıq ARDNŞ ilə razılaşdırılıb və nəticədə 2013-cü ilin noyar ayında milliləşdirmə sahəsində əməkdaşlıq barədə protokol imzalanıb.
Bundan başqa BP ARDNŞ ilə əməkdaşlıq şəraitində Qobustan Regional Təlim Mərkəzində yerli işçi qüvvəsinin təlimi üçün öz üzərinə öhdəlik götürüb. Bu öhdəliyin bir hissəsi olaraq BP Səngəçal terminalının yaxınlığındakı yerli icmalardan – Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrindən olan 100 nəfər şəxsin peşə və texniki təliminə dəstək olacaq. BP şirkəti həmçinin Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq etdirərək bu məktəbinin tələbələrini özünün müxtəlif proqramlarına, təşəbbüslərinə və təkmilləşdirmə fəaliyyətlərinə cəlb etməyi, habelə bu təhsil müəssisəsində biznes yönümlü mühazirələr keçirməyi davam etdirəcək. Bu mühazirələrin birincisi ilk dəfə olaraq BP şirkətinin hasilat üzrə vitse prezidenti Pət Drohon tərəfindən böyuk bir tələbələr qrupu üçün keçirilib.
Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçiririk. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
Birinci rüb ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda $0,39 milyon xərcləmişlər.
Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər.
Bu qəbildən olan təşəbbüslərin bəzi nümunələri bunlardır:
Biznesimizi əks etdirən təqdimat slaydları ilə tanış olun
Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57