AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2018-ci il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 505 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 150 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
Hasilat
2018-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (46 000), Mərkəzi Azəri (154 000), Qərbi Azəri (126 000), Şərqi Azəri (97 000), Dərinsulu Günəşli (105 000) və Qərbi Çıraq (57 000) platformalarından birlikdə – gündə orta hesabla 584 000 barel və ya ümumilikdə təqribən 213 milyon barel, yəni 29 milyon ton olub.
İlin sonunda AÇG-də ümumilikdə 117 neft hasilat quyusu və 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
2018-ci ildə AÇG-də 14 neft hasilat quyusu və 3 su injektor quyusu qazılıb.
Səmt qazı
İl ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,4 milyon kubmetr, ümumilkdə isə 2,3 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
2018-ci ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 55 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 75 milyon standart kubmetrdir.
İl ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 284 milyon bareldən çox neft və kondensat, o cümlədən təqribən 255 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 28 milyon bareldən çox Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,3 milyon barelə yaxın ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac etmişdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla 28,4 milyon standart kubmetr (1003 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.
2018-ci ildə BTC üzrə əməliyyat xərclərinə təqribən 116 milyon dollar, əsaslı xərclərə isə təqribən 41 milyon dollar xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 417 milyon tondan artıq (3,12 milyard bareldən artıq) xam neft nəql edilmiş və Ceyhanda 4085 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
2018-ci il ərzində isə BTC vasitəsilə 34 milyon tondan çox (təqribən 255 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 327 tankerə yüklənib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
2018-ci ildə Şahdəniz üzrə fəaliyyətlərə 578 milyon dollardan çox əməliyyat xərcləri və təqribən 1,44 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aiddir.
Hasilat
2018-ci ildə Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırması davam etmişdir.
İl ərzində yataqdan 11,5 milyard standart kubmetr qaz və 2,5 milyon ton (təqribən 20,5 milyon barel) kondensat hasil edilmişdir.
2018-ci ildə həmçinin Şahdəniz yatağından ümumi qaz hasilatının 100 milyard kubmetrə çatması qeyd edildi. Bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlandığının və Cənubi Qafqaz Boru Kəmərinin işə düşdüyünün elan edildiyi vaxtdan tam 12 il sonra – dekabrın axırlarında əldə edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 48 milyon (ildə təqribən 16 milyard) standart kubmetrdir.
Qazma əməliyyatları
2018-ci ildə Şahdəniz Alfa platformasında SDA11 quyusu qazılmış və tamamlanmışdır. Bundan əlavə, SDA04 və SDA05 quyularında texniki bütövlüklə bağlı bəzi qazma əməliyyatları da aparılmışdır.
İstiqlal qazma qurğusu beş sualtı quyunu tamamlamışdır – ikisi qərb cinahda, üçü isə şərq cinahda. Maersk Explorer qurğusu SDH02A quyusunu tam dərinliyinədək qazmışdır.
Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq 15 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu və şərq cinahında üç quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
2018-ci ilin əvvələrində Cənub Qaz Dəhlizi boyunca bütün layihələrdə əldə edilmiş bir sıra mühüm istismar sınaqları və təhvil vermə nailiyyətlərindən sonra Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri, 29 may 2018-ci il tarixində Səngəçal terminalında keçirilmiş rəsmi inauqurasiya mərasimi ilə istismar mərhələsinə daxil oldu. Bunun ardınca 30 iyun 2018-ci ildə Şahdəniz 2 layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli daşımalar plana uyğun şəkildə başladı. Şahdəniz 2 layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir.
İyulun 30-da yatağın şimal cinahındakı SDC03Z quyusunun ventili açılaraq Şahdəniz Bravo platformasından ilk qaz əldə olundu. Bu da ümumilikdə Xəzər dənizində sualtı quyudan çıxarılan ilk hasilat olmaqla və təhlükəsiz, büdcədən aşağı və cədvəli qabaqlayaraq həyata keçirilməklə çox mühüm bir nailiyyətdir. Hazırda Şahdəniz Bravo qurğularından qaz və kondensat Səngəçal terminalına ixrac olunmaqdadır.
2018-ci il ərzində CQBK ilə bağlı fəaliyyətlərə təqribən 39 milyon dollar əməliyyat xərcləri və 352 milyon dollar əsaslı xərclər sərf edilib.
Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.
İl ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 23 milyon kubmetrdən çox olmuşdur.
CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
2018-ci il ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. Bu iki ölkə ərazisində Türkiyəyə ilk kommersiya məqsədli qaz çatdırmaları üçün nəzərdə tutulmuş bütün infrastruktur plana uyğun şəkildə tamamlanaraq 30 iyunda başlamış ixrac əməliyyatları üçün hazır vəziyyətə gətirilmişdi.
Hal-hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir və CQBKG-nin Azərbaycan və Gürcüstan ərazisindəki qurğuları və boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır.
Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən əldə edilmiş 3-ölçülü məlumatların interpretasiyası və emalı yekunlaşdıqdan sonra 2018-ci ildə SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalandı. Bununla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edildi. Seçilmiş perspektiv ərazilərdə kəşfiyyat quyularının qazılması üçün planlaşdırma işləri davam edir.
2018-ci ilin aprel ayında D230 blokunun birgə kəşfiyyatı və işlənməsi haqqında yeni hasilatın pay bölgüsü sazişi imzalandıqdan sonra aparılması 2019-cu ildə gözlənilən seysmik tədqiqat proqramının planlaşdırma işləri başlanıb.
Şəfəq-Asiman blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də davam etməkdədi
2018-ci ildə BP şirkəti Azərbaycanda mövcud “Qobustan” Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) 61% iştirak payı əldə etdi. Bu sövdələşmənin bir hissəsi olaraq, BP, əməliyyatçı kimi 2019-cu ildə bir geoloji-kəşfiyyat quyusu qazmağı planlaşdırır.
2018-ci ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2534 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2014-cü ildən bəri BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var idi. BP çox məmnundur ki, bu öhdəlik ilin ortasına yerinə yetirilib. Şirkət öz yerli işçilərinin inkişafına dəstək verməklə onların ixtisaslı işçi tələb edən vəzifələrin əksəriyyətində xarici vətəndaşları əvəz etməsinə nail olub. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2018-ci ildə 1,1 milyon dollar vəsait xərcləmişdir. Bu layihələr aşağıdakılardır:
Əlavə məlumat üçün BP-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 5895