1. Əsas səhifə
  2. Xəbərlər
  3. Biznesə dair məlumatlar
  4. 2020-ci ilin yekunları

2020-ci ilin yekunları

Tarix:
4 Fevral 2021

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib) (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

2020-ci il ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 531 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 817 milyon dollardan çox əsaslı məsrəflər xərclənmişdir.

COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, il ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi eləcə də bp-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam etmişdir. 

İlin sonuna müfəssəl mühəndis-layihələndirmə işləri əsasən bitmişdi. İl ərzində daha əvvəllər gətirilmiş çoxsaylı lövhələr, boru xətləri və digər iri materiallara əlavə olaraq dördüncü rübdə ən azı 10 iri avadanlıq yükü Bakıya çatdırılmışdır. 

Platformanın üst modullarıın və qazma qurğularının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam etmişdir. Son əməliyyatlara  aşağıdakılar daxildir: alt göyərtənin seksiyalarının stapelin üzərinə qaldırılması, ilk iri avadanlıq  komponentlərinin öz yerlərinə yerləşdirilməsi, boru xətləri ilə yanaşı açıq göyərtənin panelinin quraşdırılması işlərinin genişləndirilməsi, qazma qülləsinin tikinti-quraşdırma sahəsinə gətirilməsi və qazma modullarının sahədə quraşdırılması və montajı işlərinin başlanması. 

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq bloku payalarının tikinisi tamamlanmış, uğurla yüklənərək platformanın quraşdırılacağı yerə göndərilmiş və təhlükəsiz şəkildə dəniz dibində quraşdırılaraq platformanın dayaq blokunu qəbul etməyə hazır vəziyyətə gətirilmişdir. Dayaq blokunun quraşdırılması işləri davam etmişdir. Hazırda onun birinci seksiyaları stapelə yüklənib. 2020-ci ildə həmçinin sualtı qurğuların istehsal-quraşdırma işlərinə başlanmışdır.

İl ərzində həmçinin ACE layihəsinin digər hissələrini də irəli aparan işlər görülmüşdür. Bunlara lay sularının idarə olunması ilə bağlı Mərkəzi Azəri platformasında aparılan işlər və Şərqi Azəri platformasında ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə  enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlərə hazırlığın başlanması.  Bundan əlavə, Səngəçal terminalında yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi ilin sonuna, demək olar ki, tamamlanmışdır və bu nəzarət otağının quraşdırması 2021-ci ilə planlaşdırılır. 

2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək  üçün həyata keçirilən mühəndis və tədarük işləri qrafikə uyğun davam edir, təchizatçılar tərəfindən göndərilən iri avadanlıq yükləri  Azərbaycana doğru hərəkət etməkdə davam edir.

Hasilat

2020-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (34 900), Mərkəzi Azəri (113 200), Qərbi Azəri (118 900), Şərqi Azəri (64 200), Dərinsulu Günəşli (95 400) və Qərbi Çıraq (50 400) platformalarından birlikdə – gündə orta hesabla 477 000 barel və ya ümumilikdə təxminən 175 milyon barel, yəni 23,6 milyon ton olub.

İlin sonunda AÇG-də ümumilikdə 127 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

2020-ci ildə AÇG-də 11 neft hasilat və 2 suvurma quyusu qazılmışdır. 

Səmt qazı

2020-ci il ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 2,2 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

2020-ci ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 85 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon standart kubmetrdir. 

2020-ci ildə terminal təqribən 239 milyon barel neft və kondensat, o cümlədən 208 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 31 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.  

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 49 milyon standart kubmetr (təxminən 1 milyard 720 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir.

BTC Ko.-nun səhmdarları: bp (30,10%); AzBTC (25,00%); MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

 

2020-ci il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 111 milyon dollar, əsaslı xərclərə isə təqribən 29 milyon dollar xərclənmişdir. 

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2020-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 475 milyon tondan artıq (3,57 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4659 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

İl ərzində isə BTC vasitəsilə 27,8 milyon tondan artıq (təqribən 211 milyon barel) xam neft və kondensat ixrac olunub və Ceyhanda 278 tankerə yüklənib. 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Şahdənizdə iştirak payları belədir: bp (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

 

2020-ci il ərzində Şahdəniz üzrə fəaliyyətlərə 1 milyard dollardan artıq əməliyyat xərcləri və 942 milyon dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Hasilat

İl ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir. 

31 dekabrda Şahdəniz yatağından ilk dəfə olaraq Avropaya yeni Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə kommersiya qaz nəqli başlandı. CQD Şahdəniz yatağından başlayır və Şahdənizdən Avropa bazarlarına qaz nəqlinin başlanması Azərbaycandan Avropaya uzanan 3500 km uzunluğunda CQD qaz dəyər zəncirinin tam inteqrasiya olunduğunu bildirir. Bu mühüm nailiyyət nəticəsində Şahdəniz Avropanın enerji bazarını şaxələndirəcək və onun enerji təhlükəsizliyini gücləndirəcək yeni enerji təchizatı  mənbəyinə çevrilib.

2020-ci ildə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 18,1 milyard standart kubmetr qaz və 3,6 milyon ton (29 milyon barel) kondensat hasil edilmişdir. 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.

2020-ci il ərzində Şahdəniz 2 layihəsi şərq-cənub cinahından qaz hasilatının başlanması üzrə bir sıra mühüm işləri başa çatdırmağa nail oldu. İsrafil Hüseynov borudüzən gəmisi hər biri 18,3km uzunluğunda olan iki dərinsulu axın xətlərinin mexaniki quraşdırılmasını təhlükəsiz şəkildə başa çatdırdı. Axın xətlərinin birləşdirmə blokunun quraşdırılması və digər sualtı quraşdırma işləri Xankəndi sualtı tikinti gəmisi vasitəsilə uğurla yerinə yetirildi.


Dərinsulu şərq-cənub cinahından (suyun 540m dərinliyində) hasilatın başlanması dənizdə quraşdırma və istismar sınaqları  bitdikdən sonra 2021-ci ilin ikinci rübünə planlaşdırılır. Digər iki dərinsulu cinahdan (qərb-cənub və şərq-şimal) hasilatın başlanması gələcək illərə planlaşdırılır və hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmağı təmin edəcək.

Qazma əməliyyatları

2020-ci ildə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb. 

İstiqlal qazma qurğusu SDF03 quyusunda sualtı tamamlama işlərinə başlayıb. Maersk Explorer qurğusu SDF05 quyusunu bitirərək konservasiya edib və SDH03 quyusunun alt hissəsini qazmağa başlayıb.

Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 20 quyu qazıb və bunlardan 16-sını tamamlayıb - yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu,  şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində iki quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%). 

 

2020-ci il ərzində CQBK-nin əməliyyat xərcləri 47 milyon dollar, əsaslı xərclər isə 13 milyon dollar olub.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə  çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

2020-ci il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 33,8 milyon kubmetr olmuşdur.

Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına 2020-ci il yanvarın ayının 13-də başlanmışdır. Quyunun qazma işləri artıq 5305 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir.  Quyu layihə dərinliyinə çatdıqdan sonra, əldə edilmiş məlumatlar təhlil olunacaq və əgər uğurlu olarsa, nəticələri təsdiq etmək üçün qiymətləndirmə proqramı da həyata keçirilə bilər. 

D230 blokunda 2019-cu ilin dekabr ayında başlanmış 3-ölçülü seysmik tədqiqat proqramı 2020-ci il mart ayının 14-də başa çatdı. Seysmik məlumatların ilkin mərhələsinin emalı prosesi iyun ayında, tam həcminin emalı isə üçüncü rübdə başa çatdırıldı. Hazırda məlumatların interpretasiyası işləri aparılır. Seysmik tədqiqatın interpretasiyasının nəticələri müsbət olarsa, əsas kəşfiyyat proqramına başlana bilər. 

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Quyunun qazılmasına bu məqsədlə seçilmiş qazma qurğusu üzərində hazırda aparılan işlər başa çatdıqdan sonra başlamaq nəzərdə tutulur.  Quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi avqust ayının 28-də ictimaiyyətə açıqlandı. İki aylıq açıqlama müddəti bitdikdən sonra sənəd yenilənib yenidən hökumətə təqdim edildi. Sənədin təsdiqi ilə müvafiq icazələr alınmaqla quyunun qazılmasına 2021-ci ilin ikinci rübündə başlanacaq.
2020-ci ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2442 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. 

bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2020-ci ildə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 3,2 milyon ABŞ dolları xərcləmişlər.

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

Bu qəbildən Azərbaycanda həyata keçirilmiş və hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır:
  • bp və tərəfdaşları iki il davam edən və 2020-ci ilin avqust ayında sona çatan “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” adlı proqramı dəstəkləmişdir. Bu layihə Azərbaycanda əlilliyi olan şəxslərin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutmuşdur. Layihə həmçinin psixoloji məsləhətlər vasitəsilə iştirakçıların öz qabiliyyətlərinə inam hissini gücləndirir. Layihənin birinci fazası 2019-cu ilin yanvar ayında bitmiş və həmin ilin iyul ayında layihə ikinci fazaya keçmişdir. İkinci fazada iştirakçıların məşğulluq imkanlarını daha da artırmaq məqsədilə təlim proqramı genişləndirilmişdir. Layihə çərçivəsində bp Azərbaycan şirkəti xüsusi təcrübə proqramı yaradıb və layihənin birinci fazasından seçilmiş doqquz, ikinci fazasından seçilmiş altı iştirakçıya beynəlxalq iş mühitində bp-nin təcrübəli əməkdaşlarından yeni bacarıq və biliklər öyrənmək və layihədə öyrəndiklərini işə tətbiq etmək imkanı yaradılmışdır. Bundan əlavə 2020-ci ilin iyul ayında layihənin ikinci fazasında iştirak edən 95 nəfərə iş tapmalarına kömək etmək üçün virtual iş yarmarkası təşkil edilmişdir.
  • bp-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) milyonlarla dollar dəyərində layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. 2020-ci ildə proqrama 63 yerli şirkət qəbul edilərək mövcud iştirakçılara qoşulub, 17 şirkət isə proqramı bitirib.
  • bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) az təminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək məqsədi daşıyan “Gələcəyini qur” layihəsini həyata keçirir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir – akademik biliklər vermək və sosial inteqrasiya. Bu günədək layihənin iştirakçısı olmuş 315 şagirdin 282 nəfəri (90%-i) ali məktəblərə daxil olub. Layihənin nəticələri və ümumi uğurunu nəzərə alaraq bp və tərəfdaşları layihəni 2020-2021-ci tədris ilində də davam etdimək qərarına gəlib. 
  • bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) orta məktəblərdə informasiya texnologiyası (İT) tədrisinin gücləndirilməsi və bu sahədə bilik və bacarıqların yaradılması səylərinə dəstək vermişdir. Bu üç illik təşəbbüs çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıqda İT təmayüllü məktəblər üçün kurikulum hazırlanıb. Bundan əlavə, yeni kurikulumun pilot tətbiqinə başlamaq üçün 25 seçilmiş Bakı məktəbini təmsil edən 50 müəllimə xüsusi təlimlər də keçilib. Yeni kurikulum əsasında 10-cu və 11-ci siniflər üçün yeni tədris və təlim materialları, o cümlədən dərsliklər hazırlanmış və çap edilmişdir. Layihə 2020-ci ilin avqust ayında uğurla başa çatmışdır.
  • bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən Yevlax, Goranboy, Samux və Şəmkir rayonlarında ilkin olaraq 100 icma üzvünü əhatə edən yeni gəlir imkanları yaradılması layihəsi həyata keçmişdir. Bu əsasən həmin fermerlərə arıçılıq və kiçik təsərrüfatçılıq üzrə avadanlıq, təlim və müntəzəm məsləhətlər verməklə yaradılan gəlir imkanlarıdır. “Şirin qızıl” adlanan bu layihə bp-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən daha iki rayonu – Ağstafa və Tovuz rayonlarını əhatə etməklə uzadılmışdır. Layihənin üç il bir ay - 2017-2021-ci illər üçün nəzərdə tutulmuş bu yeni mərhələsinin məqsədi 500 nəfərdən çox icma üzvünə fayda vermək və arıçılığın inkişafı üçün 110,000-dən çox nektar ağacı əkmək idi. Bu günədək 60,000-dən çox nektar ağacı əkilmiş və 400 nəfərdən çox yeni layihə benefisiarı seçilmiş və onlara təlim keçirilmişdir. Layihə 2021-ci ilin yanvar ayında başa çatmışdır.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Bakı Mühəndislik Universitetində bp-nin yaratdığı 11 laboratoriyada kimyəvi eksperimentlərin aparılması üçün materialların alınmasını və yeni avadanlıqların quraşdırılmasını təmin etməklə həmin universitetə dəstək olmuşdur. Bundan əlavə, bu dəstəyə Kimya Mühəndisliyi fakültəsi üçün tədris materiallarının ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsi də daxil olmuşdur. Layihə 2020-ci ildə başa çatmışdır.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimlərinin və tələbələrinin ingilis dili biliklərini inkişaf etdirməyi nəzərdə tutan “Mühəndislər üçün ingilis dili” layihəsinə dəstək vermişdir. Layihə təhsil potensialının artırılmasına kömək etmiş, habelə universitetin beynəlxalq əməkdaşlığının genişlənməsinə dəstək vermişdir. Ümumilikdə, 90 müəllim və 200-ə yaxın tələbə bu layihədən bəhrələnmişdir. Layihə 2020-ci ildə başa çatmışdır.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsi məqsədi daşıyan bir layihəni dəstəkləyir. Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramını Azərbaycana gətirərək onun ADA Universiteti nəzdində həyata keçirilməsini təmin edir. Altı modul üzrə altı aylıq tədrisdən ibarət proqramda ümumilikdə layihə müddəti ərzində 108 nəfərədək iştirakçını əhatə etməklə altı qrupun olması planlaşdırılır. Bunlardan 44 iştirakçıdan ibarət iki qrupun təlimi artıq başa çatmışdır. Layihənin təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbi tərəfindən sertifikatlaşdırılıb və dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilat olan “Duke Corporate Education” (Duke CE) tərəfindən hazırlanmış biznes təhsili üzrə dünya səviyyəli kurikuluma əsaslanır. Bu layihə biznes idarəetmə təhsili üzrə ölkədəki cari tələbatı qarşılamağa kömək etmək üçün nəzərdə tutulub.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Tovuz rayonunda İcmalardakı Ailələrə Dəstək Klubu yaratmaqla kənd yerlərindəki qadınların kiçik sahibkarlıq səriştələrinin və bacarıqlarının inkişafına və onların məşğulluq imkanlarının artırılmasına dəstək verməyi nəzərdə tutan layihə həyata keçirir. Heyəti işə götürülmüş və təlim almış bu klub həmçinin həssas təbəqədən olan qadınların uşaqlarına gündəlik qayğı xidmətləri göstərəcək. Bu vaxtadək layihə çərçivəsində 22 qadın öz kiçik bizneslərini idarə etmək üçün lazım olan bacarıqların inkişaf etdirilməsi üzrə təlimlər almış və kiçik həcmli gəlir yaradan fəaliyyətlərini qura bilmələri üçün müvafiq avadanlıqlarla təchiz edilmişdir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycanda data analitikası üzrə tədqiqat və təlim potensialının gücləndirilməsi üçün üç illik təhsil layihəsinə dəstək verir. Bu məqsədlə ADA Universitetində Kompüter Elmləri üzrə və Data Analitikası üzrə rəqabətədavamlı və dayanıqlı ikili magistr dərəcəsi (MSCS/DA) proqramı yaradılmışdır.  Bundan əlavə, Data Analitikası (Data Analytics) üzrə Tədqiqat Mərkəzinin əlavə inkişaf etdirilməsi nəzərdə tutulur. Bu dərəcə proqramı beş semestrdən ibarətdir ki, bunların da üç semestri Bakıda, iki semestri isə Vaşinqtonda keçirilir. Birinci semestr üçün seçilmiş 20 tələbə semestri onlayn başa vurmuşdur. İkinci semester üçün qəbul prosesi artıq başlayıb.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) 15-dən çox yerli universitetin layihə idarəetmə bacarıqlarını gücləndirmək üçün yeni sosial layihəni uğurla başa çatdırmışdır. Təlimlərdən faydalanan 45 layihə iştirakçısından 41-i beynəlxalq sertifikatlı layihə idarəetmə mütəxəssisinə (Sertifikatlı Beynəlxalq Layihə İdarəetmə Mütəxəssisləri, D səviyyəsi) çevrilmiş və öz müvafiq universitetlərində layihə idarəetmə komandaları  formalaşdırmışdır. Layihə çərçivəsində layihələrin idarə olunmasına dair Azərbaycan dilində dərslik də hazırlanmışdır.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) məktəbəqədər təhsil layihəsini dəstəkləmişdir. Bu layihə valideynlər, uşaq inkişafı üzrə mütəxəssislər və məktəbəqədər təhsil müəllimləri üçün tədris materialı hazırlayan bir qrup yerli mütəxəssisi bir araya gətirmişdir. 12 bölmədən ibarət olan bu tədris materialında uşaqlara doğulduğu andan məktəb yaşına qədər olan dövrdə effektiv qayğı barədə tövsiyələr və təlimatlar öz əksini tapmışdır. Layihə 2020-ci ildə başa çatmışdır.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Tovuz və Ağstafa rayonlarında inkluziv təhsili dəstəkləmək üçün yeni sosial layihəyə başlamışdır. Layihə çərçivəsində məktəbəqədər və məktəb müəllimləri inkluziv təhsilə aid 10 mövzu üzrə təlim materialları ilə təmin ediləcək və təlim keçəcək. İnklüziv təhsil haqqında təlim materialları və məlumat kitabları (inklüziv təhsil mühitinin bir hissəsi kimi təlim prosesinin təşkili üçün praktik tövsiyələr daxil olmaqla) hazırlanmış və müəllimlər üçün inklüziv təhsil üzrə resurs mərkəzi müvafiq ədəbiyyatla təmin edilmişdir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) əlilliyi və inkişafda gecikmələri olan uşaqların müalicə xidmətinin Azərbaycanda inkişafı, həmçinin onların müalicəsi ilə məşğul olan peşəkarlara dəstək olmaq üçün sosial layihəyə başlayıb. Buna nail olmaq üçün ABŞ-da yerləşən Corctaun Universiteti ilə birgə əlilliyi və inkişafda gecikmələri olan uşaqları müalicə edən yerli mütəxəssislərə təlimlər keçirilir. Ölkə daxilində uşaq inkişafı xidmətlərinin qovşağını genişləndirmək məqsədilə Corctaun Universiteti ilə birgə yerli peşəkarlara təlimlər keçirmək üçün yerli universitetlərdən birində praktiki təlim mərkəzi yaradılması nəzərdə tutulmuşdur. 
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) tələbələrə düzgün karyera seçimi etmələrinə dəstək olmaq üçün ərsəyə gətirilən layihəni dəstəkəlyir. Layihə çərçivəsində təxminən 500 tələbə şəxsi maraqlarını, çatışmazlıqlarını müəyyənləşdirmək, həmçinin öz karyera hədəflərinə çatmaları üçün lazım olan bilik və bacarıqları əldə etmələri məqsədilə təlim və mentorluq imkanları ilə təmin ediləcəklər. Layihənin digər məqsədi də ixtisas təhsilinin vacibliyi haqda ictimai fikri təşfiq etməkdir. “Karyera rəhbərliyi” testinə qatılan 100-dən çox tələbəyə analitik düşünmə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün konsultasiyalar verilmiş və qeyri-texniki bacarıqlar üzrə təlimlər keçirilmişdir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) yerli universitetlərin elmi araşdırmalarının və nəşr fəaliyyətinin yaxşılaşdırılmasına xidmət edən bir layihəni uğurla başa çatdırmışdır. Layihə çərçivəsində 10 yerli universitet Scopus'a (Elsevier-in həyat elmləri, sosial elmlər, fizika elmləri və səhiyyə elmləri sahələrində 11,000-dən çox naşirin 36,000-dən çox başlığını əhatə edən abstrakt və istinad bazası) girişlə təmin edilmiş və onlara bazadan istifadə təlimi keçilmişdir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) ağacəkmə kampaniyasını təbliğ etmək üçün ekoloji layihəyə başlayıb. Layihə çərçivəsində, Bakının kənarında yerləşən Xocəsən qəsəbəsi yaxınlığında yerləşən 11 hektar ərazidə 10,000 ağac əkmək üçün su təchizatı və suvarma sistemi qurulmuşdur.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Beynəlxalq Bankı ilə birlikdə 200 Azərbaycan vətəndaşının təhsil almasını maliyyələşdirərək yeni bir təşəbbüsə imza atdı. Layihə ölkənin əmək bazarında yüksək peşəkarlığa malik informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacın təmin edilməsinə dəstək verir. Bu layihə bp və tərəfdaşlarının ölkədə təhsilə, təlimə və yerli potensialın yaradılmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2020-ci il ərzində 4,2 milyon ABŞ dolları həcmində vəsait xərcləmişdir. 

Bu layihələr aşağıdakılardır:
  • bp şirkətinin COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün ölkədə aparılan mübarizə tədbirlərinə dəstək məqsədilə 3 milyon ABŞ dolları həcmində töhfəsi olmuşdur. Bu vəsait COVID-19-un diaqnostika və müalicəsi üçün ümumi, biokimyəvi və PCR laboratoriyaların xaricdən alınması və ölkəyə gətirilməsi, onların Yeni Klinikada quraşdırılması, 100,000 ədəd koronavirus PCR test dəsti, bu testləri həyata keçirmək üçün bütün lazımi laborator sərfiyyat materialları və reagentlərin, həmçinin xüsusi təhlükəli yoluxucu xəstələrin təxliyəsi üçün nəzərdə tutulmuş üç ədəd izolyasiya kapsulunun alınması və ölkəyə gətirilməsinə xərclənmişdir. Bu dəstəyin məqsədi ölkədə COVID-19 hallarının effektiv diaqnozu və müalicəsi imkanlarını artırmağa və ümumilikdə ölkənin səhiyyə xidmətlərini gücləndirməyə yardım etməkdir. Bundan əlavə, ölkəyə bp-nin Azərbaycandakı əməkdaşları tərəfindən eyni məqsədlər üçün 100,000 AZN-dən çox vəsait və “bp Türkiyə” şirkəti tərəfindən TƏBİB-in təcili yardım maşınları üçün nəzərdə tutulmuş 10,000 ABŞ dolları dəyərində “Castrol” sürtkü yağları da bağışlanıb.
  • bp şirkəti davamlılıq və tədarük-təchizatın idarə edilməsi; insan resurslarının idarə olunması; media və kütləvi kommunikasiyalar; bank işi və maliyyə bazarları; marketinqin prinsipləri; menecmentin əsasları; sosial işlərdə etik dəyərlər barədə 10 akademik dərsliyin ingilis dilindən Azərbaycan dilinə tərcüməsini və çapını dəstəkləyir. Gözlənilir ki, layihə ali təhsil müəssisələrində adları sadalanan sahələr üzrə tədrisin keyfiyyətini qaldıracaq və bundan 10 universitetdə 17,000-dən çox tələbə faydalanacaq. Bu vaxtadək altı kitabın tərcüməsi tamamlanıb və həmin kitablardan üçü yerli universitetlərə və kitabxanalara bağışlanıb.
  • bp şirkəti Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstək verir. Bu tərəfdaşlığın bir hissəsi olaraq bp bir sıra inkişaf və bacarıqların yaradılması proqramlarını maliyyələşdirir və bir qrup milli idmançıya dəstək verir. 2016-cı ildə bp şirkəti Azərbaycanın milli yığmalarına, hər iki milli komitəyə və yeddi seçilmiş milli idmançıya dəstəyini davam etdirmək məqsədilə öz tərəfdaşlıq müqaviləsini uzatmışdır. 
  • bp şirkəti tələbə və gənclərin öz xəyallarını gerçəkləşdirmələrinə və fərdi keyfiyyətlərini inkişaf etdirmələrinə yardım etmək üçün “Yüksəl” layihəsinə dəstək verir. Layihənin əsas ideyası gəncləri müxtəlif sahələrdə böyük nəticələr və nailiyyətlər əldə etməyə həvəsləndirməkdir. Layihə çərçivəsində gənclər üçün nümunə olacaq görkəmli şəxslər və tanınmış mütəxəssislər hər həftə Bakı Kitab Mərkəzində seminarlar keçirir və öz auditoriyalarına seminarlarda əhatə etdikləri mövzulara həsr edilmiş, bp tərəfindən alınmış kitabları təqdim edirlər.
  • bp şirkəti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiya Agentliyi və Azercell Telekom MMC-nin birgə təşkilatçılığı ilə keçirilən “Innoweek - İnnovasiya həftəsi” tədbirinə sponsorluq etmişdir. Innoweek 2020 tədbirinin məqsədi ölkə daxilində innovativ ideyaların inkişafının təşviq edilməsi, innovasiya ekosisteminin formalaşması prosesinin sürətləndirilməsi, startap hərəkatının genişləndirilməsi və gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsi idi. 
  • bp şirkəti 2019-cu ilin sonundan öz təqaüd proqramını yenidən bərpa etmişdir. Proqramın məqsədi neft-kimya sahəsi üzrə universitetlərin ikinci kurs tələbələrinin ingilis dili biliklərini təkmilləşdirməkdir. Layihə nəticəsində  təkmilləşmiş ingilis dili biliklərinə malik olan tələbələr öz karyera hədəflərinə doğru daha inamla irəliləmək imkanı qazanacaqlar.

Əlavə məlumat üçün

bp-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 5895