AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2021-ci ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 266 milyon dollar əməliyyat məsrəfləri və 846 milyon dollardan artıq əsaslı məsrəflər xərclənmişdir.
COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, ilin birinci yarısında Azəri Mərkəzi Şərqi (ACE) layihəsi eləcə də bp-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam etmişdir.
İri avadanlıq yüklərinin və irihəcmli materialların tikinti-quraşdırma işlərinin qrafikini dəstəkləyərək Bakıya daşınması davam etmişdir. Sualtı qurğular və birləşdirici dirsəklərin quraşdırılması üzrə mühəndis-layihə işləri ikinci rübdə başa çatmışdır.
Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində irəliləməklə davam etmişdir. Bu işlərə aşağıdakılar daxildir: qazma avadanlığı modulu üzərində qazma sahəsi göyərtəsinin quraşdırılması, mexaniki avadanlıq dəstlərinin quraşdırılması, boru xətlərinin quraşdırılması, dikəldilməsi və kabellərin çəkilməsi. Üst modulların sürüşdürülərək yüklənməsi üçün relslərin hazırlanmasına başlanmışdır. Yaşayış modulları Bakıya çatdırılmış, quraşdırma sahəsində boşaldılmış və ilk üç modul artıq öz mövqeyinə qaldırılmışdır.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi müxtəlif sahələrdə davam etmişdir. Mərkəzi dayaq çərçivələrinin qaynaq işləri irəliləmiş və dayaq blokunun barjın üzərinə sürüşdürülməsi əməliyyatına hazırlıq işlərinə başlanmışddır.
İkinci rüb ərzində həmçinin dənizdə aparılan bir sıra quraşdırma işləri də irəliləmişdir. Bunlara Şərqi Azəri platformasında ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlər daxildir.
Səngəçal terminalında yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi tamamlanmışdır və bununla bağlı planlaşdırlmış modifikasiya işləri bu ilin dördüncü rübündə başlanacaq.
Ümumilikdə, 2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun davam edir.
2021-ci ilin birinci yarısında AÇG yatağında səmərəli hasilatı maksimuma çatdırmaq üçün məhsuldar layları daha yaxşı öyrənmək və hasilat və suvurma fəaliyyətlərini daha dəqiq planlaşdırmaq məqsədilə AÇG layihəsi çərçivəsində yüksək sıxlıqlı seysmik tədqiqat aparılmışdır. Altı ay müddətində və üç gəmi vasitəsilə həyata keçirilən tədqiqat fəaliyyətləri təhlükəsiz və qrafikə uyğun şəkildə yerinə yetirilmişdir. Tədqiqat zamanı ekipajlı gəmilərdən əlavə, həmçinin özü idarə olunan suüstü gəmi və məsafədən idarə olunan kiçik ölçülü sualtı qurğudan da istifadə edilmişdir.
Hasilat
İkinci rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Yarım il üçün AÇG-dən ümumi hasilat – Çıraq (30 000), Mərkəzi Azəri (111 000), Qərbi Azəri (118 000), Şərqi Azəri (78 000), Dərinsulu Günəşli (88 000) və Qərbi Çıraq (43 000) platformalarından birlikdə – gündə orta hesabla 468 000 barel və ya ümumilikdə təxminən 85 milyon barel, yəni 11 milyon ton olub.
AÇG-nin illik iş proqramının bir hissəsi olaraq ikinci rübdə Qərbi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilmişdir.
Plana əsasən Qərbi Azəri platformasından hasilat təxminən 13 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılmışdır.
İkinci rübün sonunda AÇG-də ümumilikdə 131 neft hasilat quyusu, 44 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
2021-ci ilin birinci yarısında AÇG-də 6 neft hasilatı və 3 suvurma quyusu qazılmışdır.
Səmt qazı
2021-ci ilin birinci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9,1 milyon kubmetr, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
2021-ci ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə 69 milyon dollardan artıq, əsaslı xərclərə isə 12 milyon dollardan artıq vəsait xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 488 milyon tondan çox (3,66 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4796 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
Ceyhan terminalında ilk iki rüb ərzində BTC vasitəsilə ixrac olunmuş 13 milyon tondan artıq (təqribən 99 milyon barel) xam neft və kondensat 137 tankerə yüklənmiş və yola salınmışdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
2021-ci ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 140 milyon dollar əməliyyat xərcləri və 366 milyon dollardan çox əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
İlin ikinci rübündə Şahdəniz yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olundu. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanmışdır. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minmişdir. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.
Hasilat
Birinci yarımildə Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir. Şahdəniz qazının 31 dekabr 2020-ci il tarixindən başlayaraq Avropa bazarlarına çatdırılması 2021-ci ilin birinci yarısında da davam etmişdir.
İlin ilk altı ayı ərzində yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə 10 milyard standart kubmetr qaz və təqribən 1,9 milyon ton (15,1 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.
Şahdəniz 2 layihəsi
İlin ikinci rübündə Şahdəniz 2 çərçivəsində 540 metr dərinlikdə yerləşən Şərq-Cənub cinahından hasilata başlanmışdır. Bu, 2021-ci il üçün planlaşdırılmış və təhlükəsiz, qrafikə və büdcəyə uyğun yerinə yetirilmiş mühüm bir hadisədir. Dərinsulu Şərq-Cənub cinahından hasilat dənizdə bütün əlaqədar quraşdırma və istismar sınaqları uğurla başa çatdıqdan sonra 30 iyun 2021-ci il tarixində başlandı. Cinahın 2021-ci ilin üçüncü rübündə tam hasilat səviyyəsinə çatacağı gözlənilir.
Qazma əməliyyatları
İkinci rübdə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
İstiqlal qazma qurğusu 3 sualtı quyuda - SDF03, SDF04 və SDC05 quyularında - tamamlama işlərini bitirib. Maersk Explorer qurğusu SDH03 quyusunun alt hissəsini tam dərinliyinədək qazıb və quyu konservasiya olunub.
Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-unu tamamlayıb - yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində dörd quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində bir quyu və şərq cinahın şimal hissəsində bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.
İlin birinci yarısında CQBK-nin əməliyyat xərcləri təqribən 27 milyon dollar, əsaslı xərclər isə təqribən 11 milyon dollar olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
İlin ilk altı ayı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 46,51 milyon kubmetr olmuşdur.
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2021-ci ilin birinci yarısı ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təxminən 0,5 milyon dollar xərcləmişlər.
Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.
Bu qəbildən Azərbaycanda həyata keçirilmiş və hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır:
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2021-ci ilin birinci yarısında 0,4 milyon dollardan çox vəsait xərcləmişdir.
Bu layihələr aşağıdakılardır:
bp-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 5895