1. Əsas səhifə
  2. Xəbərlər
  3. Biznesə dair məlumatlar
  4. 2021-ci ilin yekunları

2021-ci ilin yekunları

Tarix:
10 fevral 2022-ci il

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

 

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

 

2021-ci il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 533 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 660 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

 

İl ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi, eləcə də bp-nin icraçısı olduğu digər fəaliyyətlər, plana uyğun şəkildə irəliləmişdir.

 

İlin sonunda axırıncı iri avadanlıq yükləri Bakıya çatdırılmış və beləliklə də ACE layihəsi üçün lazım olan bütün avadanlıqların daşınması işləri başa çatmışdır.

 

Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində irəliləməklə davam etmişdir. Bu işlərə aşağıdakılar daxildir: boru xətlərinin dikəldilməsi və hidrosınaq işlərinin irəliləməsi, kabellərin çəkilməsi və sınaqdan keçirilməsi.

 

Yaşayış modullarının hamısı uğurla göyərtənin üzərinə qaldırılmış və quraşdırılmışdır. Bunun ardınca modulların birləşdirilməsi və daxili montaj işləri başlanmışdır.

 

Bundan əlavə, yuxarı göyərtənin paneli üst modulların üzərinə quraşdırılmış, həmçinin helikopter meydançası qaldırılaraq yaşayış blokunun yuxarısında öz yerinə quraşdırılmışdır. Üst modulların və qazma qurğusunun mexaniki tamamlanması ilə bağlı təhvil işləri plan üzrə irəliləmişdir. Qazma avadanlıqlarının istismar sınaq işləri  başlanmışdır və bu işlər 2022-ci il ərzində davam edəcək ki, üst modulların qaldırılması və barjın üzərinə sürüşdürülməsi əməliyyatınadək bitmiş  olsun.

 

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi davam etmişdir - ayaq çərçivələrinin bükülməsi işləri yekunlaşmış,  dayaq bloku qüllələrinin quraşdırılması işləri başlanmışdır.

 

İsrafil Hüseynov borudüzən gəmisi artıq platformanın sualtı neft və qaz xətlərinin tikintisinə başlayıb.

 

ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi ala bilməsi ilə bağlı Şərqi Azəri platformasında aparılan quraşdırma işləri də il ərzində davam etmişdir.

 

İlin sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 65% tamamlanmışdı. Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5500 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

 

Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.


Hasilat

 

2021-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (27 000), Mərkəzi Azəri (109 000), Qərbi Azəri (116 000), Şərqi Azəri (76 000), Dərinsulu Günəşli (86 000) və Qərbi Çıraq (44 000) platformalarından birlikdə – gündə orta hesabla 458 000 barel və ya ümumilikdə təxminən 167 milyon barel, yəni 23 milyon ton olub.

 

Sentyabrın 18-də AÇG layihəsi yataqdan 4 milyon barel ümumi hasilat əldə olunması uğurunu qeyd etdi.

 

2021-ci ildə AÇG-nin illik iş proqramı çərçivəsində iki platformada  planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilmişdir – ikinci rübdə Qərbi Azəridə və üçüncü rübdə Çıraq platformasın

 

İlin sonunda AÇG-də ümumilikdə 135 neft hasilat quyusu, 29 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.


AÇG üzrə qazma və tamamlama fəaliyyətləri


2021-ci ildə AÇG-də 10 neft hasilatı və 4 injektor quyusu qazılmışdır.

 

Səmt qazı

 

2021-ci il ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr, ümumilikdə isə 3 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

2021-ci ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

 

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

 

2021-ci ildə terminal təxminən 231 milyon barel neft və kondensat, o cümlədən 200 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 31 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.

 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

 

İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 61 milyon standart kubmetr (2 milyard 166 milyon standart kubfutdan çox) Şahdəniz qazı göndərilmişdir.

BTC Ko.-nun səhmdarları: bp (30,10%); AzBTC (25,00%); MOL (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); TotalEnergies (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir. 

 

2021-ci il ərzində BTC üzrə əməliyyat xərclərinə 119 milyon dollardan artıq, əsaslı xərclərə isə 34 milyon dollardan artıq vəsait xərclənmişdir.

 

Dekabrın 12-də BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ümumilikdə 500 milyon ton neft ixracı nailiyyətini qeyd etdi.

 

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 502 milyon tondan çox (3,77 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4939 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

 

2021-ci il ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 26,4 milyon ton (təxminən 200 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 280 tankerə yüklənmiş və yola salınmışdır.

 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Şahdənizdə iştirak payları belədir: bp (operator – 28,83%), TPAO (19,0%), PETRONAS (15,5%), AzŞD (10,0%), LUKOYL (10,0%), NİKO (10,0%), Cənub Qaz Dəhlizi Apstrim (6,67%).

 

2021-ci il ərzində Şahdəniz üzrə fəaliyyətlərə 2 milyard dollardan artıq əməliyyat xərcləri və təxminən 680 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

 

2021-ci ildə Şahdəniz yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olundu. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanmışdır. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minmişdir. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.


Hasilat

 

İl ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.

 

2021-ci ildə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 23 milyard standart kubmetr qaz və 4 milyon ton (təqribən 34 milyon barel) kondensat hasil edilmişdir.

 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 72 milyon (ildə 26 milyarddan artıq) standart kubmetrdir.

 

Şahdəniz 2 layihəsi

 

2021-ci ilin ikinci rübündə Şahdəniz 2 çərçivəsində hasilata başlayan şərq-cənub cinahı il ərzində tam hasilat səviyyəsinə çatdı. Cinahdan hasilat səviyyəsinin artması nəticəsində 2021-ci ilin iyul ayında ilk dəfə olaraq Şahdəniz Bravo platformasından gündəlik hasilat Şahdəniz Alfa ilə eyni səviyyəyə çatdı.

 

Qərb-cənub cinahında İsrafil Hüseynov borudüzən gəmisi sualtı boruların quraşdırılmasını uğurla və qrafiki qabaqlayaraq başa çatdırdı. Bu işlər zamanı gəmi özünün ən yüksək icra və məhsuldarlıq göstəricilərinə nail olmuşdur və bu da şərq-şimal cinahında 2022-ci ilin ikinci rübünə planlaşdırılan sualtı borudüzmə işlərini daha tez, 2021-ci ildə başlamağa imkan vermişdir.

 

Ümumilikdə, qərb-cənub cinahında bütün sualtı quraşdırma işləri 2022-ci ilin ortalarına planlaşdırılan hasilatın başlanması istiqamətində qrafikə uyğun davam edir.

 

2021-ci ildə həmçinin şimal cinahında 5-ci quyudan hasilata başlanmışdır. Bu, Xəzər dənizində hasilatda olan sualtı istismar manifolduna bağlanmaqla işə salınan ilk sıxlaşdırma quyusu (ilk yerləşmə şəbəkəsini sıxlaşdırmaq üçün qazılmış quyu)  idi. Bütöv bu əməliyyat həmin cinahdakı mövcud hasilat quyularının işini dayandırmadan tam təhlükəsiz şəkildə həyata keçirilmişdir.  

 

Qazma əməliyyatları


2021-ci ildə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

 

İstiqlal və Maersk Explorer qazma qurğuları Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-unu tamamlayıb - yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında dörd quyu, şərq-şimal cinahında iki quyu tamamlanıb; qərb-cənub cinahında bir quyu  və şərq-şimal cinahında bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (28,83%), TPAO (19,0%), PETRONAS (15,5%), AzSCP (10,0%), NİKO (10,0%), LUKOYL (10,0%), Cənub Qaz Dəhlizi Midstrim (6,67%).


2021-ci il ərzində CQBK-nin əməliyyat xərcləri təqribən 54 milyon dollar, əsaslı xərclər isə 12 milyon dollardan artıq olub.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

2021-ci il ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 48,5 milyon kubmetr olmuşdur.

Avqustun 1-də CQBK-nin texniki operatorluğunun BP Eksploreyşn (Şahdəniz) Limited şirkətindən SOCAR Midstream Operations Limited şirkətinə ötürülməsi prosesi başa çatdı. Beləliklə, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, bp və SOCAR keçid prosesinin bütün aspektlərini effektiv şəkildə həyata keçirmək üçün sıx əməkdaşlıq edərək 2020-ci ilin mart ayında başlamış keçid prosesini 2021-ci ilin iyul ayında uğurla tamamlamış oldular.

Texniki operatorluğun ötürülməsi Şahdənizin işlənməsinin 2-ci fazası və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri üzrə Yekun İnvestisiya Qərarının bir hissəsi olaraq 2013-cü ilin dekabr ayında imzalanmış CQBK şirkətinin Boru Kəməri Sahibləri Sazişinin yenilənmiş variantında nəzərdə tutulmuş öhdəliklərə uyğun yerinə yetirilmişdir.

Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində  7189m dərinlikdə tamamlanıb. Quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Hazırda qazma zamanı quyudan əldə edilmiş məlumatların təhlili aparılır. Bu təhlil  karbohidrogen kəşfini dəyərləndirmək və kəşfiyyat işlərinin növbəti mərhələsini planlaşdırmaq üçün lazımdır.

 

Abşeron yarımadasının dayazsulu hissəsinin Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin dekabr ayında tamamlanıb və quyu ilkin layihə və plana uyğun olaraq bağlanıb. Layihə çərçivəsində ikinci kəşfiyyat quyusunun qazma əməliyyatları 11 dekabr tarixində Bibiheybət perspektiv sahəsində başlanıb. Bu quyuda qazma işləri artıq 2470 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir. Üçüncü quyunun qazılması işlərinin başlanması bu ilə planlaşdırılır.

2021-ci ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2266 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

 

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

 

bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.  

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

 

2021-ci il ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 2,2 milyon dollardan artıq vəsait xərcləmişlər.

 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

 

Bu qəbildən Azərbaycanda həyata keçirilmiş və hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır:

  • bp-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) milyonlarla dollar dəyərində layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. SİP Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. 2021-ci il ərzində proqram çərçivəsində Bakı, Gəncə, Şəmkir, Yevlax və Tovuzdan olan 25 şirkəti təmsil edən regional sahibkarlar üçün maliyyə təlimi və bir qrup seçilmiş şirkət üçün müxtəlif təlim sessiyaları təşkil edilib. Proqram həmçinin yerli təşkilatlarda bacarıqların inkişafına dəstək fəaliyyətini davam etdirib. Bura Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən 23 peşə təhsili və təlim mərkəzi, həmçinin “AZƏRSU”-nun Təlim və İnnovasiya Mərkəzi üçün bacarıqların inkişafı planlarının hazırlanması daxil idi.
  • bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) az təminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək məqsədi daşıyan “Gələcəyini qur” layihəsini həyata keçirir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir – akademik biliklər və sosial inteqrasiya. Bu günədək layihənin iştirakçısı olmuş 389 şagirdin 334-ü (86%-i) ali məktəblərə daxil olub. 2021-ci ildə isə hazırlıq kurslarına qoşulmuş 74 nəfər iştirakçıdan 52-si tələbə adını qazanıb. Layihənin nəticələrini və ümumi uğurunu nəzərə alaraq, bp və tərəfdaşları layihəni 2021-2022-ci tədris ilində də davam etdirmək qərarına gəliblər.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsi məqsədi daşıyan bir layihəni dəstəkləyir. Layihənin təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbi tərəfindən sertifikatlaşdırılıb və dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilat olan “Duke Corporate Education” (Duke CE) tərəfindən hazırlanmış biznes təhsili üzrə dünya səviyyəli kurikuluma əsaslanır. Bu layihə biznes idarəetmə təhsili üzrə ölkədəki  tələbatı qarşılamağa kömək etmək üçün nəzərdə tutulub. Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramını Azərbaycana gətirərək onun ADA Universiteti nəzdində həyata keçirilməsini təmin edir. Altı modul üzrə altı aylıq tədrisdən ibarət proqramda ümumilikdə layihə müddəti ərzində 108-dək iştirakçını əhatə etməklə altı qrupun olması planlaşdırılır. Bunlardan 44 iştirakçıdan ibarət iki qrupun təlimləri 2020-ci ilin may ayında başa çatdı. 39 iştirakçısı olan növbəti iki qrupun təlimləri 2021-ci ilin oktyabrında başlayıb.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycanda data analitikası üzrə tədqiqat və təlim potensialının gücləndirilməsi üçün üçillik təhsil layihəsinə dəstək verir. Bu məqsədlə ADA Universitetində Kompüter Elmləri üzrə və Data Analitikası üzrə rəqabətədavamlı və dayanıqlı ikili magistr dərəcəsi (MSCS/DA) proqramı yaradılmışdır. Bundan əlavə, Data Analitikası (Data Analytics) üzrə Tədqiqat Mərkəzinin əlavə inkişaf etdirilməsi nəzərdə tutulur. Birinci qrup üçün seçilmiş 20 tələbə birinci semestri onlayn başa vuraraq Corc Vaşinqton Universitetində proqram üzrə təhsillərini davam etdirmək üçün ABŞ-a yollanıblar. 19 tələbədən ibarət ikinci qrupun dərsləri 2021-ci ilin 2-ci yarısında başlanmışdır.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycanda distant təhsilə dəstək məqsədilə yeni sosial layihəyə başlayıb. Bu təşəbbüsdən 13-17 yaş arası təxminən 10000 məktəblinin faydalanacağı gözlənilir. Layihə karyera planlaması, maliyyə biliyi və sahibkarlıq üzrə əlavə tədris materiallarının hazırlanması və televiziya kanalları və rəqəmsal platformalar vasitəsilə yayılmasını nəzərdə tutur. Layihə çərçivəsində artıq karyera seçimi və inkişaf mövzularında videolar hazırlanmış və ictimai televiziya kanalı vasitəsilə yayımlanmışdır. Bundan əlavə, ölkə üzrə 30 məktəbdə tədris olunacaq karyera planlaması, maliyyə biliyi və sahibkarlıq üzrə materiallar hazırlanmışdır.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) əlilliyi və inkişafda gecikmələri olan uşaqların müalicə xidmətinin Azərbaycanda inkişafı, həmçinin onların müalicəsi ilə məşğul olan peşəkarlara dəstək olmaq üçün sosial layihə həyata keçirir. Layihə ABŞ-da yerləşən Corctaun Universiteti ilə birgə ölkə daxilində uşaq inkişafı xidmətləri şəbəkəsini genişləndirmək məqsədilə yerli mütəxəssislər üçün təlimlər nəzərdə tutur. Layihə çərçivəsində indiyədək 100 nəfərdən çox yerli mütəxəssis və psixologiya və sosial elmlər sahəsində ixtisaslaşan tələbəyə uşaq sağlamlığı, təhsili və sosial inkişafı üzrə bir sıra vebinarlar keçilmişdir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) şagirdlərin düzgün karyera seçimi etmələrinə dəstək məqsədli bir layihə həyata keçirir. Layihə çərçivəsində 124 məktəbdən ümumilikdə 508 şagird “Karyera bələdçiliyi” testinə qatılmışdır və onlara analitik düşünmə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün test nəticələri üzrə məsləhət verilmiş və qeyri-texniki bacarıqlar üzrə təlimlər keçilmişdir. Bundan əlavə, layihədə 1000-dən çox məktəb və universitet tələbəsi, həmçinin 600-dən artıq valideyn arasında sorğu aparılmışdır. Sorğunun nəticələri məktəblilərin karyera seçimi və təsiredici amillər haqda tədqiqat işinin hazırlanmasında istifadə olunacaq.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) ABB ilə birlikdə 200 Azərbaycan vətəndaşının informasiya texnologiyaları üzrə ixtisas artımı təlimlərini maliyyələşdirərək “ABB Tech Akademiyası” layihəsinə dəstək verir. Layihə ölkənin əmək bazarında yüksək peşəkarlığa malik informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacın təmin edilməsi məqsədini daşıyır. Bu layihə bp və tərəfdaşlarının ölkədə təhsilə, təlimə və yerli potensialın yaradılmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir. İndiyədək bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə 43 nəfər mütəxəssis “ABB Tech Akademiyası”-nı bitirib və daha 20 nəfər təlimlərə yeni qoşulub.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ingilis dili müəllimlərinin və tələbələrinin ingilis dili biliklərini təkmilləşdirməyi nəzərdə tutan yeni sosial layihəni dəstəkləyir. Layihədən 3000-dən çox tələbə və müəllimin faydalanacağı gözlənilir. 2021-ci ildə ümumilikdə 74 nəfər müəllim ingilis dili təlimlərini uğurla bitirib.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Samux, Goranboy və Şəmkir rayonlarından seçilmiş 30 nəfər gənc üçün biznes inkubasiya modelini tətbiq etməklə kənd yerlərində gənc sahibkarlara dəstək məqsədli sosial layihə həyata keçirir. Bu layihə çərçivəsində iştirakçılara öz bizneslərinə  başlamalarına dəstək olmaq üçün təlimlərin keçilməsi və avadanlıqlar təmin olunması nəzərdə tutulur. 2021-ci ildə layihə iştirakçılarına təlimlər keçilib və onlara öz bizneslərini qurmaq üçün lazımi avadanlıq və vasitələr təmin olunub.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) autizm üzrə yerli mütəxəssislər üçün qabaqcıl beynəlxalq təcrübələrə çıxış imkanı yaratmaqla onlara dəstək verməyi nəzərdə tutan layihə həyata keçirir. Layihə çərçivəsində beynəlxalq miqyasda təsdiqlənmiş təlim proqramlarından istifadə etməklə 60 yerli mütəxəssisin ixtisas artımına dəstək, beynəlxalq təlim və tədris materiallarının tərcüməsi, habelə ictimai maarifləndirmə fəaliyyətləri nəzərdə tutulur. Bundan əlavə, bir qrup autizmli şəxsin öz fərdi inkişaf və biznes planlarını hazırlamasına və bununla da onların məşğulluq imkanlarının artırılmasına dəstək veriləcək. 2021-ci ildə autizm üzrə 16 yerli mütəxəssis təlimləri bitirib və beynəlxalq sertifikatlarla təmin olunub. Bundan əlavə, 40 ailə üçün fərdi inkişaf sessiyaları keçirilib və həmin ailələrdən seçilmiş 10 nəfər autizmli şəxsə özünüinkişaf və məşğulluq imkanlarının yaradılmasında dəstəyin verilməsi nəzərdə tutulur.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) qonşu icmalardakı 5 məktəbi alternativ və ekoloji cəhətdən təmiz enerji mənbələrinə əsaslanan təhlükəsiz istilik sistemi ilə təmin etmək məqsədi daşıyan sosial sərmayə layihəsi həyata keçirir. 2021-ci ildə layihə çərçivəsində həmin məktəblərdə sinif otaqlarının, anbarların və ventilyasiya sistemlərinin təmirinə və onların pellet sobalarla təchiz olunmasına başlanılıb.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Bakı və Gəncədə təlim və təcrübə vasitəsilə yerli işçi qüvvəsinin maliyyə biliklərini artırmaq məqsədli yeni sosial layihəyə başlayıb. 30-u Bakıdan və 30-u isə Gəncədən olmaqla, layihənin ümumilikdə 60 nəfər iştirakçısı maliyyə, mühasibat uçotu və vergilər üzrə təlim keçəcək, daha sonra isə onlara əməli təcrübə imkanları yaradılacaq. Layihə çərçivəsində dövlət və özəl müəssisələrin işəgötürənləri ilə əmək yarmarkasının keçirilməsi də nəzərdə tutulur. 2021-ci ildə layihənin Bakıdan olan iştirakçılarına ilk təlimlər keçilib.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) torpaq eroziyasının və səhralaşmanın qarşısını almaqla karbon tullantılarının kompensasiya olunmasına yönəlmiş ikiillik ətraf mühit layihəsinə dəstək verir. Layihə çərçivəsində Şəmkir və Samux rayonlarında 250 000 yeni ağac əkiləcək və bundan əvvəl əkilmiş 110 000 ağaca qulluq göstəriləcək. Bundan başqa, Qobustan rayonunda seçilmiş ərazinin 1 hektarında suya qənaət edən avadanlıq və çoxqatlı əkin texnologiyası ilə innovativ ağacəkmə sistemi tətbiq ediləcək.
  • bp (Azərbaycanda bp-nin operatoru olduğu birgə müəssisələrdəki tərəfdaşları adından) Tovuz və Ağstafa rayonlarında 2-ci Qarabağ Müharibəsində zərər çəkmiş ailələrə dəstək olaraq sosial layihəyə başlayıb. Layihə çərçivəsində 70 benefisiara sosial və psixoloji reabilitasiya və hüquq xidmətləri üzrə dəstək verilir və iki ünsiyyət düşərgəsində iştirak etmək imkanı yaradılır. Bu düşərgələrdən biri 2021-ci ildə artıq keçirilib.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) dörd orta məktəbdə (ikisi Bakıda və ikisi Sumqayıtda) inklüziv təhsilə dəstək məqsədli sosial layihəyə başlayıb. Layihə məktəblərdə vəsait otaqları yaratmaqla və bu otaqları zəruri inventar, mebel və texnologiya ilə təchiz etməklə, habelə tədris prosesini təkmilləşdirmək üçün tədris heyətinə həmin texnologiyanın istifadəsi ilə bağlı təlim keçməklə inklüziv təhsilin gücləndirilməsinə töhfə verəcək. Layihə həmçinin inklüziv təhsil barədə sosial məlumatlılığı artırmaqla məktəb ictimaiyyətində davranış dəyişikliyinə də dəstək verəcək. Layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilir.

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2021-ci il ərzində 1,5 milyon dollardan çox vəsait xərcləmişdir.


Bu layihələrdən bəziləri aşağıdakılardır:

  • bp şirkəti startap və innovasiya, korporativ maliyyə, marketinq, sosial tədqiqat, beynəlxalq münasibətlər, iqtisadi siyasət, menecment iqtisadiyyatı, biznes və iqtisadiyyat üçün statistika, ekonometrika, psixologiya və informasiya təhlükəsizliyi barədə 14 akademik dərsliyin ingilis dilindən Azərbaycan dilinə tərcüməsini və çapını dəstəkləmişdir. Layihənin 15-dən çox ali təhsil müəssisəsində 16 ixtisas üzrə tədris keyfiyyətinin artırılmasına töhfə verəcəyi gözlənilir.
  • bp şirkəti Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim və tələbələr üçün geniş biliklərə çıxış və başqaları ilə məlumat bölüşmək imkanları təmin edəcək rəqəmsal kitabxananın yaradılmasına dəstək verir.
  • bp şirkəti Memarlıq və İnşaat Universitetinin elmi-tədqiqat və tədris imkanlarını artırmaq məqsədilə həmin universitetdə elektronika və elektrik mühəndisliyi, enerji səmərəliliyi və bərpa olunan enerji laboratoriyalarının yaradılmasına dəstək verir.
  • bp şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 10 000-dən çox tələbə və müəllim heyətinin nəşriyyat ehtiyaclarını təmin etmək üçün həmin universitetdə poliqrafiya və nəşriyyat mərkəzinin yaradılmasına dəstək verir.
  • bp şirkəti ölkənin startap icmasının Avropadakı təcrübə və maliyyələşdirmə imkanlarına çıxışını təmin etmək məqsədilə yeni layihəyə sponsorluq edir. Layihə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Macarıstanın ixracın təşviqi üzrə dövlət agentliyi ilə əməkdaşlıqda həyata keçirilir. Layihəyə 20-dək yerli startapçını Macarıstan, Almaniya və Birləşmiş Krallığı əsas götürməklə Avropanın innovasiya ekosistemi ilə tanış etmək üçün nəzərdə tutulmuş bir sıra təlim fəaliyyətləri daxildir.
  • bp şirkəti Azərbaycanın və dünyanın poeziya nəhənglərindən biri olan Nizami Gəncəvi haqqında Azərbaycanın tanınmış elm, siyasi və ictimai xadimlərinin indiyədək araşdırılmamış fikir və məqalələrinin toplanması və təbliği məqsədli bir kitabın hazırlanmasını və nəşrinı dəstəkləyir. Kitab Prezident İlham Əliyevin dahi Nizaminin anadan olmasının 880 illiyi münasibətilə elan etdiyi “Nizami Gəncəvi İli”nə bp-nin hədiyyəsidir.
  • bp şirkəti Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstək verir. Bu dəstək çərçivəsində bp özünün səfir atletləri seçilmiş bir qrup milli idmançının Tokio 2020 Oyunlarında iştirakını dəstəkləyib.  2021-ci ildə bp Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlığının 10 illiyini qeyd edib.  
  • bp şirkəti Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə birgə keçirilən "Greentech Yay Düşərgəsi 2021" tədbirinə sponsorluq edib. Bu ikigünlük seminar çərçivəsində yerli və beynəlxalq mütəxəssislər, bir sıra dövlət qurumlarının nümayəndələri və yerli universitetlərin tələbələri Azərbaycanda dəniz külək enerjisindən istifadə, hidrogen istehsalının müxtəlif üsulları və bərpa olunan enerji kimi mövzularda müzakirələr aparmaq və bilik və təcrübə mübadiləsi aparmaq məqsədilə bir araya gəliblər.
  • bp şirkəti ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin geniş miqyasda tanınan və sertifikatlaşdırılmış illik proqramı olan Bakı Yay Enerji Məktəbini dəstəkləyib. Proqram qlobal və Xəzər enerji və ətraf mühit problemlərini, regional boru kəmərləri və enerji təhlükəsizliyi ilə  bağlı məsələləri, energetikanın əsaslarını, enerji qanunvericiliyini və iqtisadiyyatı araşdırmaq və daha yaxşı öyrənmək məqsədilə Azərbaycandan və digər ölkələrdən 40-a yaxın iştirakçını bir araya gətirib.
  • bp şirkəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş 7-ci Bakı Beynəlxalq Kitab Sərgisinin sponsoru olub və sərgidə iştirak edib.
  • bp şirkəti “Azərbaycanda Etika və Komplayens” mövzusunda keçirilən üçüncü AmCham konfransının sponsoru olub və konfransda iştirak edib.  2017-ci ildən keçirilən bu konfransların AmChamla birgə təşəbbüskarı da bp olmuşdur.
  • bp şirkəti Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə keçirilmiş ”UNEC İqtisadi Forumu, Bakı 2021” tədbirinə dəstək verib. Forum dövlət qurumlarının və aparıcı özəl təşkilatların nümayəndələrini, həmçinin təcrübəli sənaye mütəxəssislərini bir araya gətirərək iştirakçılara ən son iqtisadi və sosial hadisələri, çağırışları və imkanları müzakirə etmək üçün platforma yaradıb.

Əlavə məlumat üçün

bp-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 5895