1. Əsas səhifə
  2. Xəbərlər
  3. Biznesə dair məlumatlar
  4. 2022-ci ilin birinci yarısının nəticələri

2022-ci ilin birinci yarısının nəticələri

Tarix:
4 avqust 2022-ci il

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%)

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.


2022-ci ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 229 milyon dollar əməliyyat məsrəfləri və 791 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.


İlin birinci yarısında Azəri Mərkəzi Şərqi (ACE) layihəsi bp-nin icraçısı olduğu digər fəaliyyətlərlə yanaşı plana uyğun şəkildə irəliləmişdir. 


ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam etmişdir. Qazma modullarının üst tikililər blokunun üzərinə qaldırılması və yerləşdirilməsi təhlükəsiz və səmərəli şəkildə yerinə yetirilmişdir. Çəkisi 2350 ton olan modullu qazmaya dəstək modulu (MQDM) və çəkisi 2400 ton olan qazma avadanlığı dəsti (QAD) əvvəlcə özü hərəkət edən qoşqular vasitəsilə əsas qaldırma yerinə aparılmış, sonra altına əlavə polad kasetlər yerləşdirməklə təxminən 27 metr lazım olan hündürlüyə qaldırılaraq göyərtənin üzərinə sürüşdürülmüşdür. Bu, bp-nin Xəzərdə ilk dəfə icra etdiyi və dəqiqliklə planlaşdırılmış mürəkkəb bir əməliyyat idi. Hazırda qazma qurğularının üst tikililər göyərtəsində inteqrasiyası davam edir.


Layihə çərçivəsində daha bir uğurlu əməliyyat üst tikililərin şimal və cənub kranlarının qazvurma kompressorunun  buraxıcı qurğusu ilə birlikdə quraşdırılması oldu. 


Üst modulları borularının yığılması və hidrosınağı qrafikə uyğun irəliləmişdir. Üst tikililərin və qazma qurğusunun mexaniki tamamlanması ilə bağlı təhvil işləri plan üzrə davam etmiş, əsas elektrik generatorunun, kimyəvi injeksiya və çirkab suların emalı qurğularının istismar sınaqları başlamışdır. Yaşayış modullarının mexaniki tamamlanması ilə bağlı təhvil işləri plana uyğun davam etmişdir.


Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi tamamlanmışdır və hazırda barja yükləmə ilə bağlı hazırlıq işləri davam edir.


Layihə üzrə dalğıc işləri Xankəndi sualti tikinti gəmisinin dəstəyi ilə davam etmişdir. ACE sualtı qaz boru xətlərinin yataqdaxili sualtı boru kəmərinə bağlanması iyunda həyata keçirilmiş Şərqi Azəri platformasının profilaktik işlər proqramı çərçivəsində yerinə yetirilmişdir.


Qaz boru xəttinin bağlanması işləri üçün Mərkəzi Azəri və Şərqi Azəri platformalarında ACE layihəsi ilə bağlı bütün işlər də tamamlanmışdır. Ümumilikdə ACE layihəsi üçün lazım olan bütün iş həcmi Şərqi Azəri platformasının profilaktik işlər proqramı zamanı uğurla icra olunmuşdur.

 

ACE əməliyyatlarının qurudan idarə olunması üçün Səngəçal terminalında aparılan modifikasiya tikinti işləri davam etmişdir.  


İkinci rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 75% tamamlanmışdı. Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5000 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.


Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.

 

Hasilat

 

2022-ci ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Yarım il üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 000), Mərkəzi Azəri (108 000), Qərbi Azəri (109 000), Şərqi Azəri (62 000), Dərinsulu Günəşli (78 000) və Qərbi Çıraq (42 000) platformalarından birlikdə – gündə orta hesabla 424 000 barel və ya ümumilikdə təxminən 77 milyon barel, yəni 10 milyon ton olub.


Rübün sonunda AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 37 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.


AÇG-nin illik iş proqramının bir hissəsi olaraq ikinci rübdə Şərqi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilmişdir.


Plana əsasən Şərqi Azəri platformasından hasilat təxminən 15 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılmışdır. 


İkinci rübdə həmçinin Çıraq Qazlift layihəsi də təhlükəsiz və büdcəyə uyğun şəkildə tamamlanmışdır. Layihə çərçivəsində obyektin təhlükəsiz istismarını təmin edəcək  mühüm modifikasiyalar həyata keçirilmişdir ki, bu da insan müdaxiləsi və əməliyyat prosedurlarından asılılığı azaltmaqla artıq təzyiq riskinin idarə edilməsinə kömək edəcək. İl ərzində yeni Qazlift paylama sistemi hasilat cədvəlinə uyğun olaraq platformanın digər seçilmiş quyularına da tətbiq olunacaq.


AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

 

2022-ci ilin birinci yarısında AÇG-də səkkiz neft hasilatı quyusu tamamlanmışdır. 

 

Səmt qazı

 

2022-ci ilin birinci yarısında AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Birinci yarımildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.


Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir. 


İlk altı ay ərzində terminal təxminən 114 milyon barel neft və kondensat, o cümlədən 107 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 7 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.  


Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.


İlin ilk altı ayı ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 69 milyon standart kubmetr (təxminən 2 milyard 440 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.

BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir. 

 

2022-ci ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təxminən 49 milyon dollar, əsaslı xərclərə isə 9 milyon dollar vəsait xərclənmişdir. 


Martın 23-də BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5000-ci tankerin yola salınmasını qeyd etdi.


1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 516 milyon tondan çox (3,87 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5087 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.


İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 14,1 milyon ton (təxminən 107 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 148 tankerə yüklənmiş və yola salınmışdır.


Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,0%), Cənub Qaz Dəhlizi (6,67%).

 

2022-ci ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 260 milyon dollar əməliyyat xərcləri və təxminən 186 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

 

Hasilat

 

Birinci yarımildə Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir. 


 İlin ilk altı ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 13 milyard standart kubmetr qaz və 2 milyon ton (18 milyon bareldən artıq) kondensat hasil edilmişdir. 


Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.

 

Şahdəniz 2 layihəsi

 

2022-ci ilin birinci yarısında Şahdəniz 2 layihəsi çərçivəsində aparılan tikinti işləri qərb-cənub cinahından bu ilin üçüncü rübünə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləmişdir. 

 

Xankəndi sualtı tikinti gəmisi qərb-cənub cinahında əsas sualtı quraşdırma işlərini təhlükəsiz şəkildə başa çatdırmışdır. Bu işlərə sualtı boru xətlərinin, hasilat üçün fontan armaturlarının, manifoldlar və idarəetmə sistemləri üçün sualtı elastik kabellərin quraşdırılması daxildir. Sualtı xətlərin bağlanması üçün dalğıc işləri də əsasən başa çatmışdır.


Qərb-cənub cinahından hasilatın başlanması  layihəsi çərçivəsində Şahdəniz Bravo platformasının üzərində aparılan işlər də irəliləmişdir və hazırda başa çatmaq üzrədir. Layihənin hər iki hissəsində - həm platformanın üstündə, həm də sualtı hissədə ilkin istismar sınaqları və yoxlama fəaliyyətləri qrafikə uyğun irəliləyir. İlk dərinsulu cinah olan şərq-şimal cinahının keçən il işə salınmasından əldə edilmiş ən yaxşı təcrübə və bilgilər qərb-cənub cinahının istismara verilməsi üçün aparılan bütün tikinti işlərində geniş tətbiq olunur.

 

Qazma əməliyyatları

 

İkinci rübdə Şahdəniz Alfa platformasında quyularda bir sıra işlər aparılmış, sonra isə platformanın qazma qurğusunda profilaktik işlər davam etmişdir. 


İstiqlal və Maersk Explorer qazma qurğuları Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-unu tamamlayıb - yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında dörd quyu, şərq-şimal cinahında iki quyu tamamlanıb; qərb-cənub cinahında bir quyu  və şərq-şimal cinahında bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,00%), Cənub Qaz Dəhlizi (6,67%).

 

İlin birinci yarısında CQBK-nin əməliyyat xərcləri təqribən 29 milyon dollar, əsaslı xərclər isə təqribən 2 milyon dollar olub.


CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.


İlin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 56,9 milyon kubmetr olmuşdur.

Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində  7189m dərinlikdə tamamlanıb. Quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Hazırda ilkin seysmik məlumatların emalı da daxil olmaqla qazma zamanı quyudan əldə edilmiş məlumatların təhlili aparılır. Bunun ardınca isə nəticələrin interpretasiyası həyata keçiriləcək. Bu təhlil  karbohidrogen kəşfini dəyərləndirmək və kəşfiyyat işlərinin növbəti mərhələsini planlaşdırmaq üçün lazımdır.


Abşeron yarımadasının dayazsulu hissəsi (AYDH) layihəsi çərçivəsində üçüncü geoloji-kəşfiyyat quyusu - QBDX01 - 25 may 2022-ci il tarixində təhlükəsiz şəkildə bağlanmış və daimi tərk edilmişdir. Saziş sahəsinin cənub şərq hissəsində yerləşən Qarabatdağ ərazisində qazılmış bu quyuda  iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmamışdır. Bundan qabaq AYDH çərçivəsində Şimal Xalı (2021-ci ilin dekabrında tərk edilib) və Bibiheybət (2022-ci ilin mart ayının ortalarında tərk edilib) sahələrində qazılmış iki kəşfiyyat quyusu da eyni nəticə ilə bitmişdir. QBDX01 quyusu AYDH layihəsinin kəşfiyyat qazma proqramı üçün planlaşdırılmış fəaliyyətlərin sonuncu mərhələsi olduğundan “Satti” özüqalxan qazma qurğusu AYDH proqramında iştirakını bitirmişdir.

İkinci rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2268 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 


2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. 


bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

 

2022-ci ilin birinci yarısı ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 1,3 milyon dollardan artıq vəsait xərcləmişlər.

 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.


Bu qəbildən Azərbaycanda həyata keçirilmiş və hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır:

  • bp-nin (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) milyonlarla dollar dəyərində layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. SİP Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. 2022-ci ilin birinci yarısı ərzində proqram  yerli təşkilatlarda potensialın inkişafına dəstək yönümündə fəaliyyətini davam etdirib. Bu fəaliyyətə əsasən bəzi təlim mərkəzlərinin peşə təhsili potensialının inkişafına, həmçinin üç yerli təşkilatda bacarıqların inkişafına dəstək daxil idi. Bundan əlavə, 20 nəfər fərdi sahibkar (Vətən Müharibəsinin veteranları) “Kulane” peşə təhsili mərkəzi ilə əməkdaşlıqda həyata keçirilən peşə bacarıqlarının inkişafı proqramı çərçivəsində təlimləri bitirib.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) aztəminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək məqsədi daşıyan “Gələcəyini qur” layihəsini həyata keçirir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir – akademik biliklər və sosial inteqrasiya. Bu günədək layihənin iştirakçısı olmuş 389 şagirdin 334-ü (86%-i) ali məktəblərə daxil olub. Layihənin nəticələrini və ümumi uğurunu nəzərə alaraq, bp və tərəfdaşları layihəni 2021-2022-ci tədris ilində də davam etdirmək qərarına gəliblər. Hazırda proqram yeni mərhələ üçün seçilmiş 93 şagirdin iştirakı ilə davam edir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsi məqsədi daşıyan bir layihəni dəstəkləyir. Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramını Azərbaycana gətirərək onun ADA Universiteti nəzdində həyata keçirilməsini təmin edir. Layihənin təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbi tərəfindən sertifikatlaşdırılıb və dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilat olan “Duke Corporate Education” (Duke CE) tərəfindən hazırlanmış biznes təhsili üzrə dünya səviyyəli kurikuluma əsaslanır. Bu layihə biznes idarəetmə təhsili üzrə ölkədəki  tələbatı qarşılamağa kömək etmək üçün nəzərdə tutulub. Layihə müddəti ərzində proqramda ümumilikdə 108-dək iştirakçını əhatə etməklə altı qrupun olması planlaşdırılır. Bunlardan 78 iştirakçıdan ibarət dörd qrupun təlimləri artıq başa çatıb. Hazırda layihə 42 iştirakçıdan ibarət  iki yeni qrupun təlimləri ilə davam edir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycanda data analitikası üzrə tədqiqat və təlim potensialının gücləndirilməsi üçün üçillik təhsil layihəsinə dəstək verir. Bu məqsədlə ADA Universitetində Kompüter Elmləri üzrə və Data Analitikası üzrə rəqabətədavamlı və dayanıqlı ikili magistr dərəcəsi (MSCS/DA) proqramı yaradılmışdır. Bundan əlavə, Data Analitikası (Data Analytics) üzrə Tədqiqat Mərkəzinin daha geniş inkişaf etdirilməsi nəzərdə tutulur. Hazırda proqram birinci və ikinci tədris qrupunda təxminən 40 tələbənin iştirakı ilə uğurla davam edir. Birinci qrupun 20 tələbəsi öz ikiillik magistr təhsilini artıq bitirib, ikinci qrupun 19 tələbəsi isə Corc Vaşınqton Universitetində yay semestrini başa çatdırmaq üçün ABŞ-a yollanıb. Hazırda üçüncü qrup üçün tələbələrin seçim prosesi davam edir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) 13-17 yaş arası məktəblilərin faydalandığı karyera planlaması, maliyyə biliyi və sahibkarlıq sahəsində distant təhsilə yönəlmiş sosial investisiya təşəbbüsünü uğurla başa çatdırmışdır. Layihə çərçivəsində sahibkarlığa dair 10, maliyyə biliyi üzrə doqquz, karyera planlaması mövzularında isə iki video dərs hazırlanmış və onlayn və ictimai telekanallar vasitəsilə ictimaiyyətə təqdim olunmuşdur. Layihə həmçinin Bakı, Abşeron, Sumqayıt, Gəncə, Mingəçevir, Masallı, Qax, Zaqatala və Qəbələdə yerləşən 30 məktəbdə sahibkarlıq və maliyyə biliyi üzrə dərsdənkənar məşğələlərin keçirilməsinə dəstək vermişdir. Ümumilikdə layihə çərçivəsində 64 məktəb müəlliminə sahibkarlıq və maliyyə biliyi üzrə təlimlər keçilib, 3000-dən çox şagirdin faydalanacağı müvafiq tədris və təlim materialları hazırlanıb. 
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) ABB Tech Akademiyası layihəsini uğurla tamamlayıb. Layihə çərçivəsində iqtisadiyyatın müxtəlif sektorlarından ümumilikdə 208 nəfərə təlim verilməklə onların informasiya texnologiyaları (İT) sahəsindəki səriştələri, ümumi texnoloji bilik və bacarıqları inkişaf etdirilmişdir ki, bu da onların sürətlə dəyişən texnologiya dünyası ilə ayaqlaşmalarına imkan yaradır. Layihə iştirakçılarından 150 nəfərinin təlimi bp və onun tərəfdaşları və ABB tərəfindən birgə maliyyələşdirilib. Layihə müddəti ərzində 50-dən çox yerli və beynəlxalq təşkilatı təmsil edən iştirakçıların təlimi ümumilikdə doqquz qrupda təşkil olunmuşdur.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ingilis dili müəllimlərinin və tələbələrinin ingilis dili biliklərini təkmilləşdirməyi nəzərdə tutan sosial layihəni dəstəkləyir. Layihədən 3000-dən çox tələbə və müəllimin faydalanacağı gözlənilir. 2021-ci ildə ümumilikdə 74 nəfər müəllim ingilis dili təlimlərini uğurla bitirib. Hazırda proqram çərçivəsində mentorluq sessiyaları davam edir.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Samux, Goranboy və Şəmkir rayonlarından seçilmiş 30 gənc üçün biznes inkubasiya modelini tətbiq etməklə kənd yerlərində gənc sahibkarlara dəstək məqsədli sosial layihə həyata keçirir. Bu layihə çərçivəsində iştirakçılara öz bizneslərinə  başlamalarına dəstək olmaq üçün təlimlərin keçilməsi və avadanlıqlar təmin olunması nəzərdə tutulur. Hal-hazırda layihə iştirakçılarının lazımi avadanlıq və cihazlarla təmin olunması istiqamətində işlər davam edir.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) autizm üzrə yerli mütəxəssislər üçün qabaqcıl beynəlxalq təcrübələrə çıxış imkanı yaratmaqla onlara dəstək verməyi nəzərdə tutan layihə həyata keçirir. Layihə çərçivəsində beynəlxalq miqyasda təsdiqlənmiş təlim proqramlarından istifadə etməklə 60 yerli mütəxəssisin ixtisas artımına dəstək, beynəlxalq təlim və tədris materiallarının tərcüməsi, habelə ictimai maarifləndirmə fəaliyyətləri nəzərdə tutulur. Bundan əlavə, bir qrup autizmli şəxsin öz fərdi inkişaf və biznes planlarını hazırlamasına və bununla da onların məşğulluq imkanlarının artırılmasına dəstək veriləcək. 2022-ci il ərzində layihə autizm proqramları haqqında kitabın hazırlanması, məlumatlandırma məqsədli fotosessiyanın keçirilməsi, autizm velosiped turunun və dəb gecəsi kimi əyləncəli bir tədbirin təşkili ilə davam etmişdir.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) qonşu icmalardakı 5 məktəbi əlçatan və ekoloji  təmiz istilik sistemi ilə təmin etmək məqsədi daşıyan sosial sərmayə layihəsini uğurla həyata keçirib. Layihə çərçivəsində ümumilikdə 106 sinifdən ibarət 5 məktəbin hər birində təmir işləri aparılıb və pellet sobaları quraşdırılıb. 
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Bakı və Gəncədə təlim və təcrübə vasitəsilə yerli işçi qüvvəsinin maliyyə biliklərini artırmaq məqsədli yeni sosial layihəyə başlayıb. Indiyədək 32-si Bakıdan və 38-i isə Gəncədən olmaqla, layihənin ümumilikdə 70 nəfər iştirakçısı maliyyə, mühasibat uçotu və vergilər üzrə təlim keçib, daha sonra isə praktiki təcrübə proqramında iştirak edib. Layihə çərçivəsində dövlət və özəl müəssisələrin işəgötürənləri ilə əmək yarmarkasının keçirilməsi də nəzərdə tutulur. 
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) torpaq eroziyasının və səhralaşmanın qarşısını almaqla karbon tullantılarının kompensasiya olunmasına yönəlmiş ikiillik ətraf mühit layihəsinə dəstək verir. Layihə çərçivəsində Şəmkir və Samux rayonlarında 250 000 yeni ağac əkiləcək və bundan əvvəl əkilmiş 110 000 ağaca qulluq göstəriləcək. Bundan başqa, Qobustan rayonunda seçilmiş ərazinin 1 hektarında suya qənaət edən avadanlıq və çoxqatlı əkin texnologiyası ilə innovativ ağacəkmə sistemi tətbiq ediləcək. İndiyədək layihə çərçivəsində Samuxda 50 min ağac, Qobustanda isə 600 ağac əkilmiş, Şəmkirdə 200 min, Qobustanda isə 400 agacın əkilməsi üçün torpaq hazırlığı davam etdirilmişdir.
  • bp (Azərbaycanda bp-nin operatoru olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Tovuz və Ağstafa rayonlarında Vətən Müharibəsində zərər çəkmiş ailələrə dəstək məqsədli sosial layihəyə başlayıb. Layihə çərçivəsində benefisiarlara sosial və psixoloji reabilitasiya və hüquq xidmətləri üzrə dəstək verilir, həmçinin iki şəbəkələşmə düşərgəsində iştirak etmək imkanı yaradılır. Bu vaxtadək layihə çərçivəsində ümumilikdə 305  birbaşa benefisiar və 700 nəfər ailə üzvü psixoloji və hüquqi dəstək alıb.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) dörd orta məktəbdə (ikisi Bakıda və ikisi Sumqayıtda olmaqla) inklüziv təhsilə dəstək məqsədli sosial layihəni uğurla başa çatdırıb. Layihə çərçivəsində məktəblərdə xüsusi tədris otaqları yaradılmış və zəruri inventar, mebel və texnologiya ilə təchiz edilmiş, habelə tədris prosesini təkmilləşdirmək üçün tədris heyətinə həmin texnologiyanın istifadəsi ilə bağlı təlim keçilmişdir. Layihə həmçinin inklüziv təhsil barədə sosial məlumatlılığı artırmaqla məktəb ictimaiyyətində davranış dəyişikliyinə nail olmağa dəstək verib. Layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilib.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) xüsusi ehtiyacları olan tələbələr üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən bədən tərbiyəsi üzrə inklüziv təhsil modelinin hazırlanması və tətbiqinə dəstək məqsədli yeni layihəyə başlayıb. 
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Bakı Ali Neft Məktəbində tələbələr və professor-müəllim heyəti üçün bərpa olunan enerji mənbələri üzrə dərslik və təlim kursunun hazırlanmasına dəstək məqsədli yeni layihəyə başlayıb.

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2022-ci ilin birinci yarısı ərzində 0,8 milyon dollardan çox vəsait xərcləmişdir.

 

Bu layihələrdən bəziləri aşağıdakılardır:

  • bp şirkəti startap və innovasiya, korporativ maliyyə, marketinq, sosial tədqiqat, beynəlxalq münasibətlər, iqtisadi siyasət, menecment iqtisadiyyatı, biznes və iqtisadiyyat üçün statistika, ekonometrika, psixologiya və informasiya təhlükəsizliyi barədə 14 akademik dərsliyin ingilis dilindən Azərbaycan dilinə tərcüməsini və çapını dəstəkləmişdir. Layihənin 15-dən çox yerli universitetdə 16 ixtisas üzrə tədris keyfiyyətinin artırılmasına töhfə verəcəyi gözlənilir.
  • bp şirkəti məktəb psixoloqlarının öz işlərini daha səmərəli qurmaları üçün onların stolüstü kitabı olacaq vəsaitin hazırlanmasına dəstək verib. Layihə Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilib. Layihənin əsas məqsədi məktəb psixoloqlarını məktəblərdə ən çox rast gəlinən mürəkkəb psixoloji problemlərin, o cümlədən stress, psixi və mənəvi travma halları, eləcə də pandemiyadan sonra yaranmış psixi və əqli sağlamlıq problemləri və sindromlarının aradan qaldırılması üçün zəruri olan nəzəri və praktiki biliklərlə təmin etməkdir.
  • bp şirkəti Azərbaycan Dövlət İqtisad Universitetində elmi-tədqiqat fəaliyyətini və bu ali məktəbin beynəlxalq universitetlərlə əməkdaşlığını genişləndirmək vasitəsilə  universitetin nanoelektromexaniki sistemlərə yönəlmiş tədqiqat potensialının artırılması layihəsinə dəstək verir. 
  • bp şirkəti ölkənin startap icmasının Avropadakı təcrübə və maliyyələşdirmə imkanlarına çıxışını təmin etmək məqsədilə yeni layihəyə sponsorluq edir. Layihə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Macarıstanın ixracın təşviqi üzrə dövlət agentliyi ilə əməkdaşlıqda həyata keçirilir. Layihə çərçivəsində 29-dək yerli startapçını Macarıstan, Almaniya və Birləşmiş Krallığı əsas götürməklə Avropanın innovasiya ekosistemi ilə tanış etmək üçün nəzərdə tutulmuş bir sıra təlim fəaliyyətləri həyata keçirilib.
  • bp şirkəti Azərbaycanın və dünyanın poeziya nəhənglərindən biri olan Nizami Gəncəvi irsinin tədqiqi və təbliğinə öz töhfəsini verib. Bu məqsədlə bp “Nizami Gəncəvi – Unudulmuş Nəşrlər” adlı sanballı tədqiqat kitabı və Nizami Gəncəvinin “Xəmsə”sinin tarixi əlyazmalarından seçilmiş “Qələmin sehri” adlı miniatürlər toplusunun nəşrinə sponsorluq edib. Hər iki kitab Prezident İlham Əliyevin dahi Nizaminin anadan olmasının 880 illiyi münasibətilə elan etdiyi “Nizami Gəncəvi İli”-nə bp-nin hədiyyəsidir. 
  • bp şirkəti qurama sənətinə dair seçilmiş tədqiqat materialları toplusunun  rus dilindən Azərbaycan və ingilis dillərinə tərcümə olunması və nəşri layihəsinə dəstək verir.
  • bp şirkəti Bakı Dövlət Universiteti üçün 15 000 tələbə və professor-müəllim heyətinin faydalanacağı rəqəmsal kitabxana layihəsinə sponsorluq edir. 
  • bp şirkəti səkkiz universitetdə inzibati heyətin, tələbələrin və müəllimlərin təlimi, kurrikulumun və tədris materiallarının hazırlanması vasitəsilə layihələrin idarə edilməsi imkanlarının artırılması layihəsini dəstəkləyir.
  • bp şirkəti Azərbaycanda əlilliyi olan şəxslərin müalicə və reabilitasiyasında inkluzivliyi təşviq etmək məqsədilə müxtəlif tibb mərkəzlərindən olan 50 nəfər yerli reabilitasiya mütəxəssisinin təliminə dəstək verir. 
  • bp şirkəti III Beynəlxalq Autizm ABA Azərbaycan Konfransına sponsorluq edib. Builki konfransda beynəlxalq ekspertlər bir araya gələrək autizm spektr pozuntusu olan insanlarda müxtəlif bacarıqların inkişaf etdirilməsinin müasir üsullarını müzakirə ediblər.
  • bp şirkəti Azərbaycanda milli idmanın inkişafını dəstəkləmək məqsədilə Milli Olimpiya və Paralimpiya Komitələri ilə onillik tərəfdaşlığını 2024-cü ilin sonunadək uzadıb.
  • bp şirkəti gənclər arasında mövcud biznes potensialı haqqında məlumatlılığı artırmaqla ölkənin gələcək biznes liderlərinin yetişdirilməsinə yönəlmiş “Azərbaycan Biznes Keys Müsabiqəsi 2022”yə sponsorluq edib.
  • bp şirkəti 26-29 may tarixlərində Bakıda keçirilmiş “TEKNOFEST Azərbaycan” birinci Aerokosmik və Texnologiya Festivalında iştirak edib. Festival zamanı bp-nin bir qrup əməkdaşı müxtəlif texnoloji mövzularda təqdimatlarla çıxış edib.
  • bp şirkəti hazırda Bakı Enerji Həftəsi kimi tanınan 27-ci Xəzər Neft və Qaz Sərgisinə sponsorluq edib və tədbirdə yaxından iştirak edib. Tədbir zamanı bp rəhbərliyinin nümayəndələri şirkətin stendində bir qrup yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşüb və Azərbaycanın enerji keçidir imkanlarının müzakirə edildiyi Bakı Enerji Forumunda iştirak edib.
  • bp şirkəti ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun, Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin, ABŞ Hərbi Dəniz Qüvvələrinin Enerji üzrə Akademik qrupunun və SOCAR-ın birgə əməkdaşlığı ilə keçirilmiş “Kritik Enerji İnfrastrukturunun Qorunması və Dayanıqlığı” proqramına dəstək verib. Proqramın məqsədi ölkənin enerji təhlükəsizliyi səylərini artırmaq və bu sahədə təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək idi. bp-nin Bakı ofisindən bir qrup mütəxəssis də proqramda iştirak edib.

Əlavə məlumat üçün

bp-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 5895