AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2024-cü ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 243 milyon dollar əməliyyat məsrəfləri və 698 milyon dollardan artıq əsaslı məsrəflər xərclənmişdir.
2024-cü ildə AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanmışdır. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır. Seysmik məlumat toplama üzrə bu il üçün nəzərdə tutulmuş iş həcmi artıq təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamlanmışdır; hazırda əldə olunmuş seysmik məlumatların emalı davam edir.
İlin ilk altı ayında Azəri Mərkəzi Şərqi (ACE) layihəsi öz əsas məqsədinə, yəni ACE platformasından hasilatın başlanmasına doğru ciddi irəliləyiş etdi.
Aprelin ortalarında Xəzərdə nəhəng AÇG yatağında quraşdırılmış yeddinci platforma olan yeni ACE platformasından ilk neft əldə olundu.
ACE platformasından ilk neft ötən ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. Platformada hazırda bir quyudan gündə təxminən 8000 barel neft hasil olunur. Bu ilin sonuna kimi daha iki hasilat quyusunun qazılıb istismara verilməsi planlaşdırılır ki, bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 000 barelə çatacağı gözlənilir.
ACE platforması texnoloji və rəqəmsal baxımdan bp-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində yaranan emissiyaları azaltmağa da kömək edir.
ACE platformasının təhlükəsiz şəkildə işə salınması 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin müddətinin uzadılmasından sonra AÇG tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır.
Hasilat
2024-cü ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk altı ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (22 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (77 000), Şərqi Azəri (52 000), Dərinsulu Günəşli (57 000), Qərbi Çıraq (29 000) və ACE (3,000) platformalarından birlikdə – gündə orta hesabla 336 000 barel və ya ümumilikdə təxminən 61 milyon barel, yəni 8 milyon ton olub.
İyun ayının sonunda AÇG-də ümumilikdə 144 neft hasilatı quyusu, 45 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub.
İlin ikinci rübündə AÇG-nin illik iş proqramının bir hissəsi olaraq Dərinsulu Günəşli platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirildi.
Proqram zamanı Dərinsulu Günəşli platformasından hasilat 13 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılmış bu proqram tam təhlükəsiz şəkildə və vaxtından əvvəl başa çatdırıldı.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
İlin birinci yarısında AÇG-də 9 neft hasilatı və 1 su injektoru quyusu tamamlanmışdır.
Səmt qazı
2024-cü ilin birinci yarısında AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,4 milyon kubmetr, ümumilikdə isə 1,2 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Sərbəst qaz
A22z qiymətləndirmə quyusundan əldə olunmuş məlumatlar əsasında Azəri-Çıraq-Günəşli strukturunda sərbəst təbii qaz ehtiyatlarının gələcək işlənməsi üzrə planlaşdırma işləri 2024-cü ilin birinci yarısında davam etmişdir. Qiymətləndirmə quyusunun qazılması 7 fevral 2023-cü il tarixində başlanmış və həmin ilin aprel ayında tamamlanmışdı. AÇG strukturunun cənub cinahındakı dərin layları hədəfləyən bu quyu Çıraq platformasından bir injektor quyusunun yan lüləsi kimi qazılmışdı. Quyu uğurlu olub və bu da AÇG-də sərbəst qazın gələcək işlənməsi ilə bağlı nikbinlik yaradır. Sərbəst qazın işlənməsi üçün aparılan kommersiya müzakirələri artıq yekunlaşıb və biz ilkin hasilat quyusunun qazılmasına bu il başlamağı planlaşdırırıq.
Birinci yarımildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
İlk altı ay ərzində terminal təxminən 110 milyon barel neft və kondensat ixrac etmişdir ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilmişdir.
Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İlk altı ay ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 76 milyon standart kubmetr (təxminən 2 milyard 683 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.
2024-cü ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təxminən 70,5 milyon dollar, əsaslı xərclərə isə 17,7 milyon dollar vəsait xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 576 milyon ton (4,3 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 5707 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 14 milyon ton (təxminən 110 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 150 tankerə yüklənmiş və yola salınmışdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.
2024-cü ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 251 milyon dollar əməliyyat xərcləri və təxminən 407 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Hasilat
Birinci yarımildə Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
İlin ilk altı ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 14 milyard standart kubmetr qaz və 2 milyon tondan çox (təqribən 18 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 80,7 milyon (ildə təqribən 29,5 milyard) standart kubmetrdir.
Şahdəniz 2 layihəsi
2024-cü ilin birinci yarısında Şahdəniz 2 layihəsi çərçivəsində iki mühüm nailiyyət əldə olundu - şərq-şimal cinahında iki quyudan müvafiq olaraq 13 fevral və 19 iyun tarixlərində hasilat başlandı.
Xankəndi sualtı tikinti gəmisi Şahdəniz 2 çərçivəsində quraşdırma işlərini və istismar sınaqlarını davam etdirməklə yanaşı yatağın işlənməsi ilə bağlı ümumi işlərə də dəstək verməyə başlayıb. Bura hazırda istismarda olan bütün Şahdəniz 2 sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə işləri daxildir.
bp və tərəfdaşlarının xüsusi olaraq vahid gəmi strategiyasından istifadə etmələri üçün düşünülmüş istismar və texniki xidmət üzrə yeni müqaviləyə əsasən Xankəndi gəmisinin göstərdiyi xidmətlərin həcmi əhəmiyyətli dərəcədə genişləndirilib. Bu o deməkdir ki, bundan sonra Xankəndi gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün əsas gəmi kimi istifadə olunacaq və bu da bp və tərəfdaşlarının əməliyyatlarını daha təhlükəsiz və daha səmərəli edəcək.
Qazma əməliyyatları
İlin ilk altı ayında Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
İstiqlal və Heydər Əliyev qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. İlk altı ay ərzində İstiqlal qazma qurğusu vasitəsilə şərq-şimal cinahında SDH03 quyusu tamamlanıb, SDH01 quyusu yenidən açılıb və tamamlanıb və SDH02 quyusunun yenidən açılması işləri başlanıb.
Heydər Əliyev qazma qurğusu qərb cinahında SDD05 quyusunun qazma işlərini davam etdirib.
Ümumilikdə Şahdəniz 2 çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.
İlin birinci yarısında CQBK-nin əməliyyat xərcləri təqribən 37,3 milyon dollar, əsaslı xərclər isə təxminən 8 milyon dollar olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
İlin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,1 milyon kubmetr olmuşdur.
2024-cü ilin birinci yarısında Şahdəniz müqavilə sahəsində hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontları qiymətləndirmək məqsədilə 2023-cü ildə kəşfiyyat quyusundan (SDX-8) əldə olunmuş məlumatların təhlili davam etmişdir.
Şəfəq-Asiman dəniz blokunda qazılmış ilk kəşfiyyat quyusunda - SAX01-də aşkar edilmiş karbohidrogen ehtiyatlarının dəyərləndirilməsi və növbəti fəaliyyətlərin planlaşdırılması işləri davam etmişdir.
İkinci rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2386 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2024-cü ilin birinci yarısında bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təqribən 0,5 milyon dollar vəsait xərcləmişlər. İlk altı ay ərzində bu layihələrə hazırda davam edən 16 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxildir.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ilin birinci yarısında 0,9 milyon dollardan artıq vəsait xərcləyib.
Bu layihələrə hazırda davam edən 15 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 4 təşəbbüs, ölkənin zəngin mədəni irsini və idmanı təbliğ edən 1 layihə və müxtəlif mövzularda 6 konfrans və seminara, yəni ümumilikdə 27 layihəyə dəstək fəaliyyəti daxildir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 5895