‘Birlikdə Azərbaycanın enerji gələcəyinə doğru’
Möhtərəm qonaqlar,
Xanımlar və cənablar,
Hər vaxtınız xeyir.
Hər zaman olduğu kimi, Bakı Enerji Həftəsinə qoşulmaq və bu gün bu Forumda iştirak etməkdən çox məmnunam.
Bu tədbir enerji sektorunun qarşısında duran məsələlərin və imkanların müzakirəsi baxımından çox önəmlidir.
Xüsusən də indi, dəyişən enerji dünyasında Azərbaycanın rolunun getdikcə artdığı bir dövrdə.
Bu ölkənin həm karbohidrogenlər, həm də bərpa olunan enerji mənbələri baxımından nəhəng potensialı var.
Bu gün bu potensialın daha da inkişaf etdirilməsinə dəstəyimiz və enerji keçidində bu regionun rolu barədə danışmaq istəyirəm.
Ötən bir neçə il ərzində dünya çox dəyişib.
Bu səhər biz Qordondan dünyanın enerji təchizatı baxımından nəyə ehtiyacı olduğunu eşitdik.
Dünyanın daha yaxşı, daha balanslı enerji sisteminə ehtiyacı var.
Və balanslı dedikdə, biz təhlükəsiz, əlçatan və daha az karbonlu enerji təmin edə biləcək bir sistem nəzərdə tuturuq. Buna “enerji trilemması” deyirlər.
Şirkət olaraq hesab edirik ki, bu məsələnin həllinə iki yolla dəstək verə bilərik:
Hazırda Xəzər regionundakı fəaliyyətimiz hər iki həll yolunun həyata keçirilməsini dəstəkləyir.
İcazənizlə daha geniş izah edim.
Bununla yanaşı, biz mövcud neft və qaz hasilatımızda karbonsuzlaşdırmanın və emissiyaların azaldılmasının yollarını axtarırıq.
Sahələrimizdə məşəlin müntəzəm yanmasını aradan qaldırmaq istiqamətində işləyirik və emissiyaları 50% azaltmaq üçün obyektlərimizdə metan detektorları quraşdırırıq.
ACE platformasının daha az karbonlu olması nəzərdə tutulub.
ACE uzaq məsafədən idarə ediləcək və onun əksər sistemləri və prosesləri avtomatlaşdırılacaq. Bu isə platformaya daha az gediş-gəliş, daha az dayanma halları və boşdayanmalar, və məhz buna görə məşəlin daha az yanması və daha az emissiya atqısı deməkdir.
Şahdəniz yatağında Şahdəniz Alfa platformasındakı dizel generatorlarının Şahdəniz Bravonun qazla işləyən daha az emissiyalı generatorlarında hasil olunan enerji ilə əvəzlənməsi üçün iş aparırıq.
Bu, Şahdəniz Alfadan karbon tullantılarının azaldılmasına və platformanın istismar səmərəliliyinin artırılmasına kömək edəcək.
Biz həmçinin obyektlərimizi necə elektrikləşdirə biləcəyimizə və enerji üçün qazdan istifadəni necə dayandıra biləcəyimizə baxırıq.
Səngəçal terminalının elektrikləşdirilməsi bu baxımdan yaxşı başlanğıc ola bilər.
Səngəçalda qaz turbinləri yandırmaq əvəzinə ölkənin enerji şəbəkəsinə qoşulmaqla biz həm emissiyaların azaldılmasına, həm də qənaət olunmuş qazın Cənub Qaz Dəhlizi ilə ixracına nail ola bilərik.
İnanırıq ki, enerji keçidinə investisiya qoyulması həm də fəaliyyət göstərdiyimiz ölkələrə yeni enerji gələcəyinə doğru yolda dəstək olmaq deməkdir.
Azərbaycan qabaqcıl enerji infrastrukturuna, güclü tərəfdaşlıqlara və zəngin bərpa olunan enerji ehtiyatlarına malikdir və məhz bunun sayəsində, ölkə enerji keçidində də irəlidə gedə bilər.
Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi, bp buna dəstək olmağa hazırdır.
Ötən il biz Energetika Nazirliyinə 2050-ci ilədək Azərbaycanın öz zəngin enerji potensialından istifadə etməklə iqtisadiyyatını necə karbonsuzlaşdıra biləcəyi ilə bağlı bir sıra tövsiyələr təqdim etdik.
Xəzər regionunun bərpa olunan enerji mənbələri üzrə qlobal mərkəzə çevrilməsi üçün çoxsaylı imkanlar mövcuddur. Və biz artıq bir sıra sahələrdə işə başlamışıq.
Məsələn, Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyasının inşasına başlamaq üçün sahədəki tədqiqat işlərini yekunlaşdırırıq.
Nazirliklə birlikdə biz Azərbaycanda virtual elektrik ötürülməsi modelinin yaradılmasının əsasını təşkil edən innovativ mexanizm müəyyən etmişik.
Biz həmçinin bərpa olunan enerji sahəsində bu cür potensial layihələrin araşdırılması üçün SOCAR-la əməkdaşlıq edirik.
Paralel olaraq, gələcəkdə enerji layihələrini həyata keçirə biləcək ixtisaslaşmış yerli işçi qüvvəsinin hazırlanmasına dəstək veririk.
Ötən il Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bərpa olunan enerji mənbələri üzrə yeni magistr proqramının yaradılmasına kömək etdik və artıq bu il proqram üzrə ilk qrupun dərslərə başlamasını gözləyirik.
Ümid edirik ki, bu proqram Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində ixtisaslaşmış yerli mütəxəssislərə artan tələbatını qarşılamağa yardım edəcək.
Sonda isə icazə verin, çıxışımın əvvəlindəki fikirləri bir daha vurğulayım.
Enerji keçidini sürətləndirmək üçün tədbir görmək lazımdır.
Bunun üçün biz həm enerji keçidinə, həm də enerji təhlükəsizliyinə investisiya qoymalıyıq.
Azərbaycanın zəngin enerji potensialı var və bu ölkə keçid prosesində irəliləmək üçün unikal mövqedədir.
Biz Azərbaycanı dəstəkləmək öhdəliyimizə sadiqik.
Təhlükəsiz, məsuliyyətli və dayanıqlı şəkildə Azərbaycanın karbohidrogen ehtiyatlarının hasilatını davam etdirməklə yanaşı, birlikdə ölkənin bərpa olunan enerji üzrə potensialını da inkişaf etdirə bilərik.
Qarşımızda çox iş var və biz Azərbaycanın yeni enerji gələcəyini birlikdə quracağımıza ümid edirik!
Diqqətinizə görə təşəkkür edirəm.