‘Şahdəniz – bu günün və sabahın layihəsi’
Hörmətli həmsədrlər, xanımlar və cənablar! Hər vaxtınız xeyir.
Bu gün burada iştirak etməkdən çox məmnunam.
Hər il keçirilən bu toplantının əhəmiyyəti getdikcə artır.
Bunun da səbəbi var.
Son görüşümüzdən bəri dünya çox dəyişib.
Pandemiya, münaqişələr, enerji böhranı, indi isə dünya iqtisadiyyatında yaranmış çətinliklər.
Bütün bunların nəticəsində, enerjinin rolu indi fərqli prizmadan görünür.
Xalis sıfıra çatmaq hələ də əsas məsələ kimi diqqət mərkəzindədir.
Lakin, insanlar və hökumətlər indi özlərini təmin etmək üçün enerjini haradan və hansı qiymətə əldə edə biləcəklərini düşünmək məcburiyyətindədirlər.
Dünyanın təhlükəsiz, əlçatan və daha az karbonlu enerjiyə ehtiyacı var.
Bu isə Cənub Qaz Dəhlizi və Şahdəniz kimi layihələrin əhəmiyyətini daha da artırır.
Çünki bu kimi layihələr qeyd olunan ehtiyacların üçünü də təmin etməyə kömək edir.
Məmnuniyyətlə bildirmək istəyirəm ki, Şahdəniz layihəsi möhtəşəm göstəricilərlə fəaliyyət göstərməkdədir.
2022-ci ildə bu nəhəng yataqdan 25 milyard kubmetrdən çox qaz hasil edilib ki, bu da planlaşdırılandan artıqdır.
Bu fenomenal göstərici isə demək olar ki, 100% qurğu, quyu və ixracetibarlılığı və dünya səviyyəli əməliyyat səmərəliliyi ilə təhlükəsiz şəkildə əldə olunub.
Bu gün Şahdəniz bp-nin ən böyük qaz hasilatı yatağı olaraq qalmaqdadır.
Hazırda onun qurğuları gündə təxminən 74 milyon standart kubmetr qaz hasilatı gücünə malikdir.
Ötən ilin ortalarında biz Şahdənizdə ikinci dərinsulu cinahı, cənub qərb cinahını işə saldıq.
Və ildə 26 milyard kubmetr qaz ən yüksək sabit hasilat səviyyəsinə çatmaq istiqamətində işimizi davam etdiririk.
Bu məqsədlə biz indi əsas diqqəti qalan sualtı tikinti işlərinə və quyu proqramımıza yönəltmişik.
Şahdəniz sualtı hasilat sistemi təxminən 200 kvadrat kilometrlik nəhəng bir ərazini əhatə edir.
Bu sistem 7000 metr dərinlikdə yerləşən laylardan qaz və kondensatı Şahdəniz platformalarına, oradan isə Səngəçal terminalına çatdıran ən müasir sualtı texnologiyalar və mürəkkəb infrastrukturdan ibarətdir.
Bu möhtəşəm sualtı hasilat sistemi Xəzərdə bir ilkdir və bp-nin dünya miqyasında istismar etdiyi ən böyük sualtı hasilat sistemidir.
Biz hazırda onu daha da genişləndiririk.
Quyu proqramımız üzrə işlər də irəliləməkdədir.
Planlaşdırılmış 26 quyudan artıq 21-i qazılıb, 19-u isə tamamlanıb.
Onlardan dörd cinah üzrə 14-ü artıq istismardadır.
Bu il biz daha üç quyunu istismara verməyi, o cümlədən qalan beşinci cinahı - şərq-şimal cinahını işə salmağı planlaşdırırıq.
Bu, Cənub Qaz Dəhlizi vasitəsilə ötürülən hazırkı həcmləri daha da artırmağa kömək edəcək.
Şahdəniz və Cənub Qaz Dəhlizi şübhəsiz ki, bu günün, həm də sabahın gündəmində olacaq.
Hər iki layihənin xeyli genişlənmə imkanları mövcüddur.
Qaz təchizatına tələbatın bu qədər böyük olduğu indiki dövrdə genişlənmə mövzusu daha da aktuallaşıb.
Cənub Qaz Dəhlizi elə layihələndirilib ki, onun ilkin ötürücülük gücü lazım olduğu halda və vaxtda artırıla bilsin.
Hazırda SOCAR və digər tərəfdaşlarımızla birlikdə Avropaya qaz təchizatını artırmaq üçün bundan necə istifadə edə biləcəyimizi nəzərdən keçiririk.
Bundan əlavə, biz yeni mümkün qaz mənbələrini də araşdırırıq.
Hazırda istismarda olan məhsuldar layların altında daha çox qaz tapmaq məqsədilə bu yaxınlarda Şahdəniz yatağında yeni kəşfiyyat quyusu qazmağa başlamışıq.
Həmçinin, istismarda olan neft yatağının altındakı dərin qaz laylarında kəşfiyyat aparmaq üçün ilk AÇG platforması olan Çıraqdan qiymətləndirmə quyusuna başlamışıq.
Eyni zamanda, biz enerji təminatı üçün qazdan istifadə etmək əvəzinə əməliyyatlarımızı necə elektrikləşdirə biləcəyimizə baxırıq.
Səngəçal terminalının elektrikləşdirilməsi bu baxımdan yaxşı başlanğıc ola bilər.
Terminalda qaz turbinləri əvəzinə elektrik şəbəkəsinə qoşulmaqla istifadə olunmayan qazı Cənub Qaz Dəhlizi ilə ixrac edə bilərik.
Gördüyünüz kimi, qarşıda çoxlu möhtəşəm imkanlar var.
Beləliklə, icazə verin, çıxışımın əvvəlindəki fikirləri bir daha vurğulayım.
Həm Şahdəniz, həm də Cənub Qaz Dəhlizi enerji keçidinə və təchizat təhlükəsizliyinə əlavə töhfə verə bilər.
Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatını artırmaq üzrə böyük potensialı və strateji planları mövcuddur.
Biz fəxr edirik ki, son 30 il ərzində SOCAR və digər tərəfdaşlarla birlikdə ölkənin ən iri enerji layihələrinin işlənməsinə dəstək vermişik.
İndi isə uzunmüddətli və etibarlı tərəfdaş kimi biz Cənub Qaz Dəhlizi ilə əlaqədar planlarının həyata keçirilməsində Azərbaycana dəstəyimizi davam etdirməyə hazırıq.
Diqqətinizə görə təşəkkür edirəm.