1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. “Azərbaycan xalçaları - ilmələrin rəqsi” kitabının ingilis dilində nəşri təqdim olunub

“Azərbaycan xalçaları - ilmələrin rəqsi” kitabının ingilis dilində nəşri təqdim olunub

Tarix:
18 dekabr 2023-cü il

Bakıda keçirilən “Mədəni İrs” forumu çərçivəsində Heydər Əliyev Fondu və bp şirkəti  Azərbaycanın mədəni irsinin rəmzlərindən olan xalça sənətinə həsr edilən “Azərbaycan xalçaları-ilmələrin rəqsi” kitabının ingilis dilində nəşrini təqdim edib.

 

Xalçaçılıq sənəti əsrlər boyu Azərbaycanın milli mənsubiyyətini və milli dəyərlərini təmsil edən bir sənət növü kimi tanınır.

 

Azərbaycan Mədəniyyət Nazirliyi və  Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən “Mədəni İrs” forumunda çıxış edən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib:

 

“Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi bp şirkəti həmişə ölkənin zəngin mədəni irsinin və milli dəyərlərinin təbliğinə yönəlmiş təşəbbüsləri və fəaliyyətləri dəstəkləyib. Biz Azərbaycanda hələ uzun müddət olacağıq və ölkənin iqtisadi, sosial və mədəni həyatında yaxından iştirak edəcəyik. İnanırıq ki, bu gözəl nəşr unikal bir sənət xəzinəsidir və dünya mədəni irsinə əvəzsiz bir töhfədir. Bu möhtəşəm layihəyə qoşulmaq imkanı yaratdığına görə Heydər Əliyev Fonduna təşəkkür edirik.”

 

Qeyd edək ki, Azərbaycan dilində nəşr və eyniadlı xalça kolleksiyasından ibarət sərgi 2022-ci ildə Heydər Əliyev Mərkəzində təqdim edilib.


bp-nin təşkilatı dəstəyi ilə isə kitab ingilis dilində hazırlanaraq nəşr olunub. bp bu gözəl kitabın nəşri ilə bağlı layihəni Azərbaycanın zəngin və qədim tarixini, mənəvi dəyərlərini, füsunkar mədəni irsini və möhtəşəm incəsənət xəzinəsini təbliğ etmək öhdəliyinin bir hissəsi olaraq dəstəkləyib.


Nəşrdə hər bir xalçanın təsviri fərqləndirici xüsusiyyətləri haqqında müfəssəl məlumatlarla müşayiət olunur. Bundan əlavə, kitaba layihə, Azərbaycan xalçaçılıq sənətinin tarixi, əsas istiqamətləri və texnikası, həmçinin bu ecazkar layihənin ilham qaynağı olmuş memarlıq və mədəniyyət möcüzələri haqqında məlumatlar daxildir.

 

Nəşrə daxil olan xalçaların hazırlanmasında 6 rəssam və 14 xalçaçı iştirak edib. Heydər Əliyev Fondu tərəfindən hazırlanan layihə çərçivəsindəki xalçalar səkkiz il ərzində təbii boyalarla rənglənmiş ipək və yun iplərdən toxunub.

 

Redaktorlar üçün qeydlər 

 

bp şirkəti Azərbaycanda 31 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

 

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib. 

 

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təqribən 109 milyon ABŞ dolları vəsait xərcləmişdir.

 

Azərbaycanda bp şirkətində təxminən 2349 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95