SOCAR və bp şirkətləri elan edir ki, 16 avqust tarixində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) dəniz blokunun Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanmışdır. Bundan əvvəl bu quyunun qazılmasını həyata keçirən “Satti” özüqalxan qazma qurğusu 9 avqust tarixində təhlükəsiz şəkildə dənizə yola salınmışdı.
Bu quyu həmin müqavilə sahəsində qazılacaq ilk quyudur. Quyunun ümumi dərinliyinin 2424 metrə çatacağı planlaşdırılır və qazma işlərinin təxminən iki ay yarım davam edəcəyi gözlənilir. Bundan sonra quyudan əldə edilmiş məlumat analiz ediləcək və göstəricilər uğurlu olarsa, nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər.
bp AYDH layihəsinin operatordur və hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) 50% iştirak payına malikdir, digər 50% iştirak payı isə SOCAR-a məxsusdur.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “SOCAR-ın CDC şirkətinin bazasında “KazMunayQaz” şirkətinə məxsus “Satti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsi həyata keçirildikdən sonra Dayazsulu Abşeron yatağında ilk qazma işlərinə start verilməsi sevindirici haldır. Bu, son dövrdə Xəzər regionu dövlətlərinə məxsus şirkətlərin əməkdaşlığının yüksələn xəttlə inkişafını təzahür etdirir. Əminəm ki, SOCAR, bp Azərbaycan və Qazaxıstanın “KazMunayQaz” şirkəti gələcəkdə də Xəzər dənizindəki layihələrdə əməkdaşlıqlarını müvəffəqiyyətlə davam etdirəcəkdir.”
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz demişdir: “AYDH sahəsində qazma əməliyyatlarına başlamağımızdan çox məmnunuq. Dünyanın müxtəlif yerlərindəki dayazsulu sahələrdə əldə etdiyimiz təcrübədən və qabaqcıl texnologiyalardan istifadə etməklə qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün geniş hazırlıq işləri aparmışıq. AYDH sahəsindəki ilk kəşfiyyat quyusunun təhlükəsiz və səmərəli şəkildə qazılması üçün SOCAR ilə sıx əməkdaşlıqda işləməyə davam edəcəyik.”
“Satti” özüqalxan qazma qurğusu “Caspian Drilling Company” (CDC) tərəfindən idarə edilir. Qurğunun AYDH layihəsi üçün işləməsi haqqında müqavilə 2021-ci ilin iyun ayında imzalanmışdır.
Redaktorlar üçün qeydlər
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsində İbrahim Əhmədova
Telefon: (+99412) 521 03 69