1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Azərbaycanın zəngin mədəni irsini təbliğ edirik

Azərbaycanın zəngin mədəni irsini təbliğ edirik

Tarix:
10 dekabr 2024-cü il

Bu gün bp müxtəlif nəsilləri təmsil edən Azərbaycan incəsənət nümayəndələrini və onların 1960-cı illərdən bəri son 60 ildə yaratdıqları seçilmiş sənət əsərlərini nəfis şəkildə təqdim edən kitab-albomun və vebsaytın ictimaiyyətə təqdimatını keçirib. Kitabda Azərbaycanın ecazkar sənət aləminin parlaq, rəngarəng və çoxşaxəli özəlliklərini ən yaxşı təmsil edən sənətkarlar və onların yaradıcılığı əhatə olunub.

 

Layihə bp-nin Azərbaycanın zəngin mədəni irsinin təbliğinə verdiyi davamlı dəstəyin bir hissəsidir.

 

Kitab-albom Azərbaycan, ingilis və rus dillərində olmaqla üç dildə hazırlanıb. Nəşrdə təqdim olunan əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasında sərgilənən rəngkarlıq, heykəltəraşlıq, qrafika, tətbiqi sənət və teatr dekorasiya sənətini əhatə edən 12000 əsərlik yaradıcılıq kolleksiyasından seçilmişdir. 

 

Bu nəşr Azərbaycan milli rəssamlıq məktəbinin dünya şöhrətli korifeyləri ilə yeni, lakin güclü gənc nəslini bir araya gətirmiş misilsiz sənət toplusudur.

 

Tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib:

 

““İlk dəfə olaraq Azərbaycanın möhtəşəm yaradıcılıq sənətinin böyük ustadları - Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Mircavad Mircavadov, Əşrəf Murad, Rasim Babayev, Böyükağa Mirzəzadə, Ömər Eldarov, Lətif Kərimov, Vəcihə Səmədova, Maral Rəhmanzadə və digər görkəmli sənətkarlarla yüksələn gənc istedadları bir yerə toplamış bu unikal incəsənət kitabını təqdim etməkdən qürur duyuruq. Bu kitab bir daha “incəsənət” sözünün təcəssüm etdirdiyi yaradıcılıq, təxəyyül və ilhamın simvolik gücünü vurğulayır. bp Azərbaycanın həm dünya şöhrətli, həm də inkişaf etməkdə olan yaradıcılıq sənətinin təbliğinə töhfə verməkdən qürur duyur.

 

Bu sənət toplusu müvafiq incəsənət mərkəzlərinə, muzeylərə, qalereyalara və kitabxanalara, eləcə də bütün sənətsevərlərə bp-nin hədiyyəsidir. Yeni təqdim olunmuş vebsayt artıq ictimaiyyətə açıqdır və www.az-art.gallery ünvanında yerləşir.

 

Kitabın və vebsaytın hazırlanması və nəşri də daxil olmaqla layihənin ümumi dəyəri 85300 AZN (50200 ABŞ dolları) təşkil edib. 

 

Layihə Təşəbbüslər və Layihələr Mərkəzi (TLM) tərəfindən icra olunub.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 32 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük. 

 

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

 

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təqribən 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

 

Azərbaycanda bp şirkətində təxminən 2401 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95