1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. İbtidai siniflər üçün inklüziv tədris bacarıqları

İbtidai siniflər üçün inklüziv tədris bacarıqları

Tarix:
20 may 2024-cü il

 

  • Dövlət Pedaqoji Universitetinin 140 tələbəsi üçün peşəkar inklüziv tədris sertifikatı;
  • Azərbaycanda məktəblərə və ali təhsilə davamlı dəstək

 

Bu gün bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “TPAO”, “SOCAR”, “SGC”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “Eni”, “TotalEnergies”, “ONGCVidesh” – adından Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri üçün nəzərdə tutulmuş mühüm bir təlim proqramının uğurla başa çatdığını elan edib. Proqramın əsas məqsədi ibtidai təhsil üzrə ixtisaslaşan bakalavr tələbələrinin inklüziv tədris bacarıqlarının inkişaf etdirilməsi idi.


Universitetin İbtidai təhsil fakültəsinin təxminən 140 tələbəsi təlim proqramında iştirak edərək inklüziv təhsilin innovativ metodlarına və xüsusiyyətlərinə yiyələnib. Sonda onlara beynəlxalq sertifikatlar verilib. Proqramın məzmununun əsasını empatiya və hörmət, insanların fərdi xüsusiyyətlərini nəzərə almaqla hər bir şəxs üçün təhlükəsiz, uyğun və məqbul bir mühit yaradılması kimi bacarıqlar təşkil edib.


Proqram DanceAbility® adlanan beynəlxalq təlim metoduna əsaslanıb və bu metod universal ünsiyyət üsullarından istifadə etməklə əlilliyi olan insanların müalicəsində və reabilitasiyasında inklüzivliyi əhatə edir. Metodun mahiyyəti hərəkətlərdə harmoniya və koordinasiya əldə etməklə bədii ifadə, improvizasiya, ünsiyyət və özünəinamı təmin edən hərəkətləri öyrətmək və məşq etməkdən ibarətdir. Bu metod əsasən həssas qrup insanların, o cümlədən fiziki və əqli əlilliyi olan şəxslərin - uşaqlar, yeniyetmələr, yaşlılar, müharibə veteranları və digərlərinin təhsil və təlimində istifadə olunur.

 

Sertifikatların təqdim olunması tədbirində çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti cənab Bəxtiyar Aslanbəyli dedi:

 

“Hesab edirik ki, bu layihə inklüziv təhsilin əhəmiyyəti barədə məlumatlılığın artırılması səylərinə mühüm töhfədir. Daha geniş kontekstdə, layihə təkcə təhsildə deyil, bütövlükdə cəmiyyətdə inklüzivlik hissini təşviq etmək məqsədi daşıyır. Elə bir inklüziv cəmiyyət ki, orada insanlara ədalətli və bərabər münasibət göstərilir, hər bir insan özünü dəyərli hiss edir, xoş qarşılanır və hörmət görür. İnanırıq ki, bu hissi və bu mədəniyyəti kiçik yaşlardan aşılamaq vacibdir və məhz buna görə də diqqətimizi ibtidai siniflərə yönəltməyə qərar verdik.”

 

Bu yeddi aylıq (oktyabr 2023 – may 2024) layihənin ümumi dəyəri təxminən 78000 AZN ($45900) təşkil edib.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 32 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.


bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib. 


Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 110 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.


Azərbaycanda bp şirkətində təxminən 2377 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Həmçinin əlavə məlumat üçün:


bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95