1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. İstedadlı yerli gənclərin beynəlxalq universitetlərə qəbuluna dəstək

İstedadlı yerli gənclərin beynəlxalq universitetlərə qəbuluna dəstək

Tarix:
12 avqust 2024-cü il

Bu gün bp Azərbaycanda yüksək ixtisaslı yerli kadrların yetişdirilməsinə dəstək məqsədli sosial sərmayə layihəsinin ikinci mərhələsinin tamamlandığını elan edib. Bu təhsil layihəsi bp-nin dünya səviyyəli yerli təcrübə və bacarıqlar formalaşdırmaqla ölkənin davamlı gələcəyinə töhfə vermək öhdəliyinin bir hissəsidir.

 

Birinci mərhələdə bp-nin dəstəklidiyi 15 iştirakçıdan 14-nün nüfuzlu beynəlxalq universitetlərə qəbul olması uğuruna əsaslanaraq, layihə daha da genişləndirilib və ikinci mərhələdə 22 istedadlı azərbaycanlı gənci əhatə edib.

 

Layihə iştirakçıları aztəminatlı ailələrdən seçiliblər. Layihə çərçivəsində onlara qrup və fərdi şəkildə SAT və IELTS testlərinə və qəbul imtahanlarına hazırlıq təlimləri, həmçinin beynəlxalq tələbələrə tam təqaüd təklif edən universitetlərə müraciət etmək üçün təlimatlandırma daxil olmaqla hərtərəfli dəstək göstərilib.

 

Hazırkı mərhələdə bütün nəticələr tam məlum olmasa da, bp-nin dəstəklədiyi 22 iştirakçıdan 21-i artıq Koç Universiteti, London İmperial Kolleci, Edinburq Universiteti, Corc Vaşinqton Universiteti, Delft Texnologiya Universiteti, Honqkonq Universiteti, Koreyanın Qabaqcıl Elm və Texnologiya İnstitutu kimi  Qərbin və Asiyanın yüksək reytinqli universitetlərinə və digər nüfuzlu ali təhsil müəssisələrinə qəbul olub. İştirakçıların ən çox üstünlük verdikləri ixtisaslara kompüter elmləri və mühəndislik, data elmləri və analitika, bioinformatika və molekulyar biologiya, dayanıqlı enerji sistemləri və ətraf mühit elmləri daxildir.

 

İndiyədək ali təhsil müəssisələrinə qəbul olmuş 21 iştirakçıdan yeddisi bakalavr, 14-ü isə magistr pilləsi üzrə müraciət edib.

 

Layihənin ikinci mərhələsinin uğurunu və gənc istedadların nailiyyətlərini qeyd etmək münasibətilə bu gün keçirilən tədbirdə layihə iştirakçılarına sertifikatlar verilmişdir.

 

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli:

 

“Birinci mərhələnin uğurunu nəzərə alaraq bu layihəyə dəstəyimizi davam etdirmək qərarına gəldik və bu, dünya səviyyəli yerli kadrların yetişdirilməsi istiqamətində Azərbaycanın səylərinə dəstək vermək öhdəliyimizi bir daha təsdiqləyir. Bu il nəticələrin daha da yüksək olması bizi çox sevindirir. Artıq dünyanın ən yüksək reytinqli universitetlərindən təklif almış gənc istedadlarımızla həqiqətən də fəxr edirik və qalan bir iştirakçının da aparıcı universitetlərdən təklif alacağına ümid edirik.

"Bu layihə istedadlı milli kadrların yetişdirilməsində Azərbaycana dəstək olmaq öhdəliyimizi vurğulamaqla yanaşı bu gənclərin ölkənin parlaq gələcəyini formalaşdırmaq üçün böyük potensiala sahib olduqlarını göstərir."

 

Ümumi dəyəri 100,000 AZN ($59,000) olan ikinci mərhələnin müddəti 11 ay (2023-cü ilin oktyabrından 2024-cü ilin avqustuna qədər) idi.

 

Layihə yerli təşkilat olan “ROOF Academic Training” tərəfindən həyata keçirilib.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 32 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

 

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

 

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təqribən 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

 

Azərbaycanda bp şirkətində təxminən 2386 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun. 

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95