1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Məktəblər üçün sahibkarlıq bacarıqları

Məktəblər üçün sahibkarlıq bacarıqları

Tarix:
14 may 2024-cü il

Bu gün bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “TPAO”, “SOCAR”, “SGC”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “Eni”, “TotalEnergies”, “ONGCVidesh” – adından orta məktəblər üçün nəzərdə tutulmuş bir təhsil layihəsinin uğurla tamamlandığını elan edib.

 

Layihənin məqsədi məktəb yaşlarından uşaqlara sahibkarlıq və biznes liderliyinin əsaslarını aşılamaqda məktəblərə dəstək verməkdir.

 

Layihəyə 8-ci və 9-cu sinif şagirdləri üçün biznes və sahibkarlığın əsas prinsipləri haqqında təhsil materiallarının hazırlanması daxil idi. Bundan əlavə, proqram çərçivəsində kurs təlimatçılarına, eləcə də məktəb müəllimlərinə təlim keçmək məqsədilə müəllimlər üçün təlimat kitabçası da hazırlanıb.


Layihə çərçivəsində Azərbaycanın müxtəlif yerlərindən təxminən 34 müəllim təlimçi kimi hazırlanıb və onlar da öz növbəsində ölkə üzrə təxminən 600 STEAM müəlliminə təlim keçərək, onları məktəblərdə sahibkarlığın əsaslarının tədris edilməsi üçün lazımi biliklər və effektiv pedaqoji vasitələrlə təmin ediblər. Təlim proqramları sahibkarlıq düşüncə tərzi və bacarıqlarının inkişaf etdirilməsi, biznes modellərinin inkişafı, biznes ideyalarının hazırlanması, sosial sahibkarlığın tədqiqi, maliyyə savadlılığı, yaradıcı düşüncə və problemlərin həlli kimi mövzuları əhatə edib.


Daha sonra təlim keçmiş müəllimlər ölkənin 51 rayonunda 150 STEAM məktəbində ümumilikdə təxminən 8000 şagird üçün dərslər və digər tədris fəaliyyətləri həyata keçiriblər. İnteraktiv sessiyalar vasitəsilə şagirdlər biznes planlarının hazırlanması, bazarların təhlili və biznes imkanlarının müəyyənləşdirilməsi üzrə xüsusi təlim keçiblər.

 

Tədbirdə çıxış edən bp-nin Xəzər regionunda vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi:

 

“Layihənin məqsədi məktəbliləri müasir və innovativ sahibkarlığın əsasları və təməl bilikləri ilə tanış etməyə başlamaqdır. Bu, həm də onların dəyişikliklərə və innovasiyalara rəhbərlik etmək, ideyalar irəli sürmək və onları həyata keçirməyin praktiki yollarını tapmaqda öz bacarıqlarına inamını artırmağa yönəlib. Bunlar sürətlə dəyişən dünyada karyera yolunu seçmək və gələcəyini qurmaq üçün hər bir şagirdin ehtiyacı olacağı bacarıqlardır. Ümid edirik ki, layihə çərçivəsində təlim keçmiş müəllimlər öz şagirdlərinə gələcək karyera hədəflərini müəyyən etmək üçün lazım olan inamı və bu məqsədlərə çatmaq həvəsini aşılaya biləcəklər.”

 

Bu 12 aylıq layihənin ümumi dəyəri 74450 AZN ($43800) təşkil edib.

 

Layihə Azərbaycan Gənclərinin Nailiyyəti (Junior Achievement Azerbaijan) İctimai Birliyi tərəfindən icra olunub.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 32 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.


bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.


Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 110 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.


Azərbaycanda bp şirkətində təxminən 2377 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Həmçinin əlavə məlumat üçün:


bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95