1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Mühüm biznes xidmətləri üzrə müqavilə yerli şirkətə verildi

Mühüm biznes xidmətləri üzrə müqavilə yerli şirkətə verildi

Tarix:
4 Noyabr 2022

 

bp Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC) və Şahdəniz layihələrinin operatoru kimi bu gün qaz turbinləri qurğularında istismar və texniki xidmətlərin göstərilməsi üzrə yeddi illik bir müqaviləni yerli şirkət olan Glensola (Global Energy Solutions LLC) verdiyini  elan edir. 


Bu, bp-nin regiondakı əməliyyatlarında biznes xidmətləri üzrə daha bir mühüm sahənin yerli şirkətə tapşırılması deməkdir. Həmçinin bp-nin qlobal təchizat zəncirində də ilk dəfədir ki, bir qayda olaraq, həmin avadanlığın istehsalçısının özü tərəfindən təmin olunan  xidmət işləri yerli xidmət şirkətinə həvalə olunur.  


Bu yüksək dəyərli müqavilə rəqabət əsaslı, geniş əhatəli və mürəkkəb bir tender prosesi nəticəsində  bağlanılıb. Müqavilənin iş həcminə qaz turbinləri qurğularına texniki xidmət, qurğuların idarə edilməsi, güc turbinlərinin, mühərriklərin və dəyişən cərəyan generatorlarının əsaslı təmiri, ehtiyat hissələrinin idarə edilməsi və digər əlaqədar xidmətlər daxildir.


Bu müqavilə çərçivəsində göstəriləcək xidmətlər Azərbaycanda bp-nin əməliyyatçısı olduğu bütün dəniz və qurudakı obyektləri, o cümlədən Səngəçal terminalını əhatə edir. Müqavilənin əhatə dairəsinə gələcək Azəri Mərkəzi Şərqi (ACE) platforması üzrə xidmətlər də daxildir.

 

 

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda təchizat üzrə baş meneceri Hikmət Qayıbov: 

 

“Biz tarixən beynəlxalq təchizatçılar tərəfindən idarə olunmuş bu mühüm biznes xidmətləri sahəsi üzrə Glensol şirkəti ilə müqavilə bağlamaqdan məmnunuq.
Bu müqavilənin imzalanması bir daha onu göstərir ki, biz Azərbaycanda yerli resursları inkişaf etdirmək və regionda bp-nin əməliyyatçısı olduğu layihələrdə bu resursların rolunu artırmaq öhdəliyimizə sadiqik. Bu il Azərbaycanda fəaliyyətimizin 30 illiyini qeyd edirik və bu müddət ərzində ölkədə yerli resurslardan istifadə sahəsində əldə etdiyimiz nailiyyətlərlə qürur duyuruq. Cari ilin ilk üç rübü ərzində bizim operator olaraq ümumi üçüncü tərəf xərclərimizin 60%-i ölkə daxilində xərclənib. Biz həmçinin yüzlərlə yerli şirkət üçün öz imkanlarını genişləndirmək və neft və qaz layihələrinin xidmət və təchizat sahəsində iştirak etmək imkanı yaradan iri sosial investisiya proqramımız vasitəsilə yerli biznesin inkişafına sərmayə qoymağa davam edirik."

 

 

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda texniki xidmət və etibarlılıq sahəsi üzrə meneceri İlqar Həsənov:

 

“Qaz turbinlərinə texniki xidmət biznes fəaliyyətimizin mühüm sahələrindən biridir və obyektlərimizin uzunmüddətli təhlükəsiz, etibarlı və bütöv şəkildə istismarı üçün zəruridir. Bu mühüm iş həcminin yerli şirkətə etibar olunması böyük nailiyyətdir. Ümid edirik ki, belə bir məsuliyyətli sahədə bizə göstərilən yüksək xidmət səviyyəsi davamlı olacaq.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.


Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib. 


Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təxminən 103 milyon dollar vəsait xərcləmişdir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon:  (+994 12) 525 58 95