Şahdəniz tərəfdaşları Şahdəniz Alfa (ŞDA) platformasının enerji təchizatını sualtı kabel vasitəsilə Şahdəniz Bravo (ŞDB) platformasından əldə etməsinə imkan yaradacaq yeni layihənin müəyyənləşdirilmə mərhələsinə başlayır.
Bu layihə ŞDA platformasının əməliyyat emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq, və platformanı dayanıqlı, uzunmüddətli və etibarlı enerji ilə təmin etməklə onun istismar səmərəliliyini artıracaq.
ŞDA platformasının elektrik enerjisi hazırda həm qaz, həm də dizel yanacaq mühərrikləri ilə işləyə bilən beş əsas elektrik generatoru vasitəsilə təchiz edilir. Yeni layihə 2024-cü ildə işə başlayandan sonra mövcud generatorlar istismardan çıxarılacaq.
“Layihə ildə təxminən 20 kte CO2 səviyyəsində Əhəmiyyətli Emissiya İntensivliyi (SER) təmin edəcək ki, bu da nəticədə ŞDA platformasından ümumi karbon qazı tullantılarının həcmini azaltmaqla bizim və Şahdəniz tərəfdaşlarının dekarbonizasiya səylərinə töhfə verəcək. Bu isə nəticədə neft və qaz əməliyyatlarımızın emissiyalarını azaltmaq məqsədimizə çatmaq üçün sanballı bir töhfədir. Eyni zamanda, bu layihə 2050-ci ilə qədər və ya daha tez xalis sıfır emissiya səviyyəsinə nail olmaq üçün əməliyyatlarımızdan yaranan emissiyaları əhəmiyyətli dərəcədə azaltmaq üzrə qlobal hədəfimizə uyğundur. Bundan əlavə, layihə ŞDA platformasının istismar səmərəliliyini artırmaqla və kommersiya qaz həcmlərinin nəqlində fasilələrin yaranması riskini azaltmaqla bir çox digər məqsədlərimizə çatmağa yardım edəcək."
Yeni layihə çərçivəsində Şahdəniz tərəfdaşları bu yaxınlarda SOCAR-KBR birgə müəssisəsi ilə ilkin texniki layihələndirmə (FEED), dövri texniki xidmət üzrə mühəndis işləri və təchizat üzrə dəstək xidmətləri üçün müqavilə bağlayıb.
5,7 milyon dollarlıq bu müqavilənin ümumi iş həcminə ŞDA platformasındakı mövcud əsas elektrik generatorlarının istismardan çıxarılması üçün FEED xidmətləri və sualtı kabel vasitəsilə ŞDB platformasından enerji təchizatı sisteminin yaradılması daxildir. Bu layihə yerli resurslardan istifadəni maksimuma çatdırmaq üçün SOCAR-KBR birgə müəssisəsinin Bakı ofisi tərəfindən icra olunacaq.
Redaktorlar üçün qeydlər
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95