1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Sumqayıt Dövlət Universiteti üçün yeni magistr proqramı

Sumqayıt Dövlət Universiteti üçün yeni magistr proqramı

Tarix:
3 may 2024-cü il

 

  • Ali təhsillə sənaye arasında yeni tərəfdaşlıq imkanı;
  • Ölkənin yüksək ixtisaslı kimya mühəndislərinə olan tələbatının təmin edilməsinə töhfə.

 

Bu gün bp Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramının yaradılması üçün iri bir təhsil layihəsinə başladığını elan edib. Layihə əsasən Sumqayıt şəhərinin əmək bazarının, sənaye potensialının və xidmət sahələrinin ehtiyaclarını nəzərə alaraq düşünülüb.


Sənayenin tələblərinə uyğunlaşdırılmış yeni tədris proqramına kimyəvi proseslər, istehsal prosesləri və ekoloji dayanıqlılıq kimi sahələr daxildir. Proqramın təlim materialları xüsusi olaraq Sumqayıt şəhərinin sənaye və texnoloji müəssisə və şirkətlərinin ehtiyacları üçün hazırlanıb.

 

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli:

 

“Hesab edirik ki, bu layihə mütəxəssis hazırlığının biznes və sənaye ehtiyaclarına uyğunlaşdırılması istiqamətində növbəti uğurlu təşəbbüsdür. Kimya mühəndisliyi ixtisasına ölkənin digər şəhərlərindən daha çox məhz Sumqayıtda ehtiyac duyulur. Azərbaycanın iri sənaye mərkəzlərindən biri kimi çoxsaylı müasir sənaye və texnoloji müəssisələrin yerləşdiyi Sumqayıtda yüksək ixtisaslı kimya mühəndislərinə böyük tələbat var.


“Digər tərəfdən, layihə bütövlükdə ölkə iqtisadiyyatı üçün kimya sənayesinin əhəmiyyətinin artdığı bir vaxtda həyata keçirilir. Ölkənin kimya potensialının mühüm hissəsi isə məhz Sumqayıtda yerləşir. Bu baxımdan ümid edirik ki, proqramın məzunları müasir texnoloji biliklərə, çevik qabiliyyətlərə, innovativ bacarıqlara yiyələnəcək, ən əsası isə doğma şəhərlərinin və ölkənin sənaye tendensiyalarının və iqtisadi inkişaf planlarının həyata keçməsi səylərinə böyük həvəs və enerji ilə qoşulacaqlar”.

 

Nəzərdə tutulur ki, yeni magistr proqramına ilkin olaraq iki ixtisas sahəsi - əsas üzvi sintezin kimyası və texnologiyası, və polimerlərin kimyəvi texnologiyası - üzrə 15 tələbə qəbul olunacaq. Gələcəkdə isə proqram genişləndirilərək əlavə dörd sahəni əhatə edəcək və növbəti beş il ərzində qəbul sayı ümumilikdə 95 nəfərə çatdırılacaq.


Layihə çərçivəsində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur:

  • Yeni tədris proqramı və ümumilikdə yeni tədris məzmunu əsasında bilik və fənn bacarıqlarını təkmilləşdirmək məqsədilə universitetin 15-ədək müəlliminə təlim keçiləcək;
  • Sonra bir qrup müəllim yeni məzmun əsasında təcrübə keçmək və öz fənləri üzrə ən son yenilikləri öyrənmək üçün xarici universitetlərə ezam olunacaq;
  • Proqramın müəllim heyəti ilə təcrübə, bilik və bacarıqlarını bölüşmək üçün aparıcı beynəlxalq təlimçilər və ekspertlər dəvət olunacaq;
  • Tədris metodlarını və pedaqoji yanaşmaları genişləndirmək məqsədilə digər yerli universitetlərdən beş təcrübəli müəllim dəvət olunacaq;
  • Proqramda iştirak edən tələbələr təhsil müddətinin əhəmiyyətli bir hissəsi ərzində sənaye müəssisələri tərəfindən həyata keçirilən layihələrə cəlb olunacaqlar. Bu onlara öz elmi işlərini sənayedən əldə etdikləri praktik biliklər əsasında yazmağa kömək edəcək.
  • Kimya mühəndisliyi və kimya laboratoriyaları və sinif otaqları müasir texnologiya və avadanlıqlarla yenilənəcək. Bunun sayəsində universitet sənaye müəssisələrinə yeni xidmət imkanları təklif etməklə onlarla sıx əlaqələr qura biləcək.

Müddəti 13 ay olan bu layihənin dəyəri 339 000 manatdan (199 400 dollardan) çoxdur.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 32 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

 

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

 

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 110 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

 

Azərbaycanda bp şirkətində təxminən 2353 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Həmçinin əlavə məlumat üçün:


bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95