bp böyük məmnuniyyətlə XVII-XVIII əsrlərə aid nadir Azərbaycan xalçalarından ibarət xüsusi sərgiyə sponsorluq edir. "Azərbaycan xalçasının ehtişamı – Səfəvi dövrü xəzinəsi" adlı sərgi bu gün Azərbaycan Milli Xalça Muzeyində açılıb.
Sərgidə nümayiş olunan möhtəşəm sənət əsərlərinin hamısı Azərbaycan tarixinin Səfəvilər sülaləsinin hakimiyyəti dövrünə aiddir. Bu əsərlər Əmir Oskoueinin şəxsi kolleksiyasının bir hissəsidir və Azərbaycan Milli Xalça Muzeyində sərgilənmək üçün xüsusi olaraq ABŞ-dən gətirilib.
Nümayiş olunan xalçaların əksəriyyəti Azərbaycan xalçalarının dünyaca məşhur növləri, o cümlədən Qarabağ və Quba xalçaçılıq məktəbi ustaları tərəfindən Azərbaycanın Səfəvi şahlarının saraylarını bəzəmək üçün hazırlanmış “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalılarıdır.
“Bu nadir Azərbaycan incəsənət xəzinələrini onların doğma vətənində ictimaiyyətə təqdim etməkdən böyük şərəf duyuruq. İnanırıq ki, sərgidə nümayiş olunan əsərlər Azərbaycan incəsənətinin XVII-XVIII əsrlərdəki zənginliyini göstərməklə yanaşı, həm də Azərbaycan hökmdarlarının və əsilzadələrin nəfis yaşam tərzini, yüksək sənət zövqünü və nəcib mədəniyyətini əks etdirir. Bu əsərlər Azərbaycan tarixinin bir hissəsidir və ümid edirik ki, bu sərgi həm sənətsevərlərdə, həm də tarixçilərdə böyük maraq doğuracaq.”
Layihə bp-nin Azərbaycanın zəngin mədəni irsinin təbliği və tədqiqinə verdiyi davamlı dəstəyin bir hissəsidir.
Layihənin ümumi dəyəri təxminən 41400 AZN-dir ($24,350). Bu xərclərin əsas hissəsini əsərlərin ABŞ-dən Azərbaycana və geri daşınması, sərginin təşkili və kataloqun hazırlanması və nəşri təşkil edir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və “Amir Textiles&Rugs” MMC-nin birgə təşkilatçılığı, ABŞ-Azərbaycan Ticarət Palatası və “Silk Way West Airlines” aviaşirkətinin dəstəyi ilə təşkil olunan sərgi 24 dekabr 2024-cü il tarixindən 10 may 2025-ci il tarixinədək ictimaiyyət üçün açıq olacaq.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 32 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təqribən 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2401 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95