Tikintisi qrafiki qabaqlayaraq başa çatdırılmış HDB platformasının üst tikililəri 15 sentyabr tarixində Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki Şahdəniz Kontrakt sahəsinə yola salınıb. Bundan əvvəl, üst tikililər 6 avqust 2017-ci il tarixində tikinti-quraşdırma sahəsinin yanalma körpüsündəki yükləmə çərçivəsinə qaldırılıb və 9 sentyabr tarixində isə dənizə yola salınmağa hazırlıq məqsədilə STB-1 daşıma barjına yüklənib.
Üst tikililərinin vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılmış və 6 gün ərzində tamamlanmışdır. Üst tikililər suyun 94 metr dərinliyində artıq öz yerində olan HDB dayaq blokunun üzərinə quraşdırılıb.
HDB platformasının üst tikililərinin çəkisi təxminən 15800 ton təşkil edir və onun uzunluğu 100 metr, eni isə 60 metrdir. Bu konstruksiya 133 metr uzunluğunda olan məşəl oxundan, 10 axın xətti qəbuletmə qurğusundan, beş hasilat separatorundan, iki buxarlanan qazlar kompressorundan və üç hasilatın ixracı xəttindən ibarətdir,
AMEK-Tekfen-Azfen (ATA) konsorsiumu tərəfindən inşa edilmiş HDB platformasının üst tikililəri Azfen tikinti-quraşdırma sahəsində yerli infrastrukturdan və obyektlərdən istifadə etməklə bütövlüklə ölkə daxilində tikilib. Bu konstruksiyanın tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla 5000 nəfərdən çox insan cəlb edilib və bu işçi qüvvəsinin təxminən 90%-i Azərbaycan vətəndaşları olub.
“HDB platformasının üst tikililərinin dənizə yola salınması və dənizdə təhlükəsiz şəkildə quraşdırılması layihə üçün çox mühüm mərhələdir, belə ki, bununla dəniz qurğularının hazırlanması işləri başa çatır. Biz nəhəng Şahdəniz Mərhələ 2 layihəsinin tamamlanmasına və növbəti ildə ilk qazın çatdırılmasına dəstək olmaq üçün dənizdə yekun quraşdırma işlərinin təhlükəsiz şəkildə və vaxtında yerinə yetirilməsindən məmnunluq duyuruq. Məmnuniyyətlə qeyd etməliyəm ki, layihə qrafikə tam uyğun şəkildə və planlaşdırılmış büdcədən az məsrəflə irəliləyir. Bu mərhələyə əməyin təhlükəsizliyi üzrə yüksək göstəricilərlə çatmaq üçün öz zəhmətini əsirgəməmiş hər kəsə təşəkkürümü bildirmək istəyirəm.”
BP-nin layihələr üzrə vitse-prezidenti Yuan Dramond
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz
Telefon: (+994 12) 599 45 57