1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Şahdəniz qaz nəqli üçün yekun təklifləri qiymətləndirməyə başlayır

Şahdəniz qaz nəqli üçün yekun təklifləri qiymətləndirməyə başlayır

Tarix:
1 aprel 2013

Şahdəniz konsorsiumu Mərhələ 2 qazının Avropaya nəqli üçün iki layihədən aldığı yekun təklifləri qiymətləndirməyə başlamışdır.

 

Şahdəniz konsorsiumu Mərhələ 2 qazının Avropaya nəqli üçün Nabukko Qaz Boru Kəməri (Nabucco Gas Pipeline International) və Trans Adriatik Boru Kəməri (TAP) layihələrindən aldığı yekun təklifləri qiymətləndirməyə başlamışdır. Təqdim olunmuş sənədlər Şahdəniz konsorsiumuna imkan verir ki, hər bir nəql variantı üzrə yekun qiymətləndirmə aparsın və Avropaya ixracın üstün marşrutu haqqında tam məlumat əsasında qərar versin. Avropa boru xətti üzrə yekun qərarın bu ilin iyun ayının sonunadək veriləcəyi gözlənilir.

 

Nəql təkliflərinə Nabukko Uest və TAP layihələrinin texniki, inzibati-nəzarət, maliyyə və digər aspektlərinə dair əsaslı məlumatlar daxildir. Konsorsium bununla müfəssəl dəyərləndirmə mərhələsinə daxil olur və bu mərhələdə təkliflər əvvəlcədən ictimaiyyətə açıqlanmış seçim meyarları əsasında qiymətləndiriləcək. Həmin meyarlar bunlardır: kommersiya, layihənin həyata keçmə mümkünlüyü, maliyyə baxımından mümkünlüyü, mühəndis-layihə işləri, uyğunluq və şəffaflıq, təhlükəsiz və səmərəli istismar, mərhələlərlə genişləndirilmənin mümkünlüyü və strateji mülahizələr. Bu şirkətlərin hər biri ilə aydınlaşdırma görüşləri də keçiriləcək.

 

Təqdim olunmuş nəql təkliflərinin 2013-cü ilin aprelin sonunadək hüquqi öhdəlyə malik olacağı gözlənilir. Növbəti ay ərzində Şahdəniz konsorsiumu həmçinin Avropadakı potensial qaz alıcılarından hüquqi öhdəlik yaradan qaz satışı təklifləri alacağını da gözləyir.


Redaktorlar üçün məlumat:

 

Şahdəniz Mərhələ 2 layihəsi “Cənub qaz dəhlizi”ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. Şahdəniz Mərhələ 2 layihəsinin Mərhələ 1-dən olan ildə təqribən 9milyard kub metr qaza ildə 16 milyard kub metr qaz hasilatı əlavə edəcəyi gözlənilir.


Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının Mərhələ 2 işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı böru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) ildə 16 milyard kub metr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. Şahdəniz qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək.

 

 

Əlavə məlumat almaq üçün:

ARDNŞ-nin mətbuat xidmətində Nizaməddin Quliyevə - Tel.: (+994 12) 521 01 29;
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya - Tel.: (+994 12) 599 45 57, müraciət edə bilərsiniz