1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. İkinci “Alıcı ilə tanış ol” tədbiri – yerli bazarın inkişafına daha bir dəstək

İkinci “Alıcı ilə tanış ol” tədbiri – yerli bazarın inkişafına daha bir dəstək

Tarix:
4 iyun 2013

Bu tədbir BP-nin yerli şirkətlərin BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq öhdəliyinin bir hissəsidir. Bu məqsədə yerli şirkətlərin bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və onlara öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etmək vasitəsilə nail olunur.

 

Bu gün BP özünün Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) tərəfdaşları adından ikinci dəfə “Alıcı ilə tanış ol” tədbirinin açılışını edib. Bu il tədbir Bakı Ekspo Mərkəzində təşkil olunub və o, Xəzər Neft və Qaz Sərgisinin keçirildiyi dörd gün ərzində ictimaiyyətə açıq olacaq.

 

Bu tədbir BP-nin yerli şirkətlərin BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq öhdəliyinin bir hissəsidir. Bu məqsədə yerli şirkətlərin bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və onlara öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etmək vasitəsilə nail olunur. Hər il keçirilən Neft və Qaz Sərgisinin bir hissəsi kimi “Alıcı ilə tanış ol” tədbirinin nisbətən daha çox sayda beynəlxalq müştəriləri cəlb edərək neft və qaz sektorundakı yerli təchizat bazarını təmsil edən şirkətlər ilə görüşdürməsi və onların beynəlxalq bazarlara çıxışına yardım etməsi gözlənilir.

 

Bu tədbir BP və tərəfdaşlarının sahibkarlığın inkişafı və təlim proqramında (SİTP) iştirak etmiş 90-dan artıq yerli şirkətə imkan yaradır ki, öz potensial müştəriləri ilə təkbətək görüşsünlər, onlar ilə əlaqələr qursunlar, öz bacarıq və imkanlarını nümayiş etdirsinlər. Bunlar biznes xidmətləri, əməliyyatlara dəstək, mühəndis-layihələşdirmə, tikinti, maddi-texniki təchizat, tullantıların idarə edilməsi və digər kateqoriyaları təmsil edən şirkətlərdir.

 

Bundan əlavə, təxminən 400 potensial alıcı tədbirdə iştirak etməyə və öz potensial təchizatçıları ilə, habelə neft və qaz sənayesindəki yerli təchizat şəbəkəsinin digər nümayəndələri ilə görüşməyə dəvət olunub.

 

Builki tədbir əlavə yeni bir elementə malikdir. BP-nin idarə etdiyi Şahdəniz Mərhələ 2 layihəsi yekun investisiya qərarına hazırlaşır və bunun cari ilin sonunda veriləcəyi gözlənilir. Bu nəhəng layihə üçün aparılan hazırlıq işlərinin bir hissəsi kimi BP həmçinin Mərhələ 2 üzrə yerli istehsal proqramı işləyib hazırlayıb. Bu proqramın əvvəlcədən məqsədi layihə çərçivəsində gələcəkdə satın alınacaq avadanlıqların və materialların satınalma müqavilələrində yerli resurs və ehtiyatlardan istifadəni əlavə olaraq artırmaqdır. Dörd yerli şirkət ŞD2 layihəsinə lazım olacaq malların potensial təchizatçısı seçilib. Onlardan bu malları müstəqil şəkildə və ya beynəlxalq təchizatçılarla yaradılan birgə müəssisələr çərçivəsində istehsal etmək gözlənilir.

 

BP-nin Əlaqələr və Xarici İşlər üzrə vitse-prezidenti Hüseyn Məmmədov dedi: “Bu, faktiki olaraq yeni təcrübədir və ilk dəfədir ki, şirkət öz təchizat-tədarük işlərinə başlamazdan əvvəl yerli müəssisələri dəstəkləyərək onların bizim tələblərimizə cavab verəcək şəkildə inkişaf etdirilməsinə imkan yaradır.”

 

“Biz bu tədbiri nə üçün keçiririk və neft və qaz sektorundakı yerli təchizat prosesinin inkişafında biz hansı rol oynaya bilərik. Bu sualın cavabı ondan ibarətdir ki, BP şirkəti Azərbaycandakı böyük neft və qaz yataqlarının işlənilməsi, nəqli və kəşfiyyatı layihələrinin operatorudur və buna müvafiq olaraq, biz yerli şirkətlərin layihələrimizdə iştirak nisbətini artıra bilmələri üçün onların öz məhsullarını və xidmətlərini inkişaf etdirməsinə yardım etməkdə və onların imkan və bacarıqlarının gücləndirilməsində maraqlıyıq.”


“Buna nail olmaq üçün isə, onlar dünyanın təchizat və xidmət sektorunda on illərlə fəaliyyət göstərmiş təcrübəli beynəlxalq şirkətlər ilə rəqabət etməlidirlər. Və təbii ki, bu, asanlıqla öhdəsindən gəlinəcək bir məsələ deyil. Bu çətinliklərə yaxşı bələd olmaqla, biz yerli müəssisələrin inkişaf edərək bizim tələblərimizə cavab verməsi və bu regionda BP-nin idarə etdiyi layihələrdə onların iştirakının artırılması məqsədilə yerli müəssisələr üçün beynəlxalq inkişaf və təlim proqramının həyata keçirilməsinə başlamışıq.”

 

Sahibkarlığın inkişafı və təlim proqramı (SİTP) 2007-ci ildə fəaliyyətə başlayıb. Bu proqram öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirməklə 1000-dən artıq yerli kiçik və orta müəssisələrə təlim keçmiş və onların bu proqramdan faydalanmasına imkan yaratmış milyonlarla dəyəri olan layihədir. Bunlardan 100 yerli şirkət proqramı müvəffəqiyyətlə başa vurmuşdur və 38-i isə bu vaxtadək tenderlərdə qalib gələrək BP ilə dəyəri təxminən 182 milyon dollar olan müqavilələr bağlamışdır. Bu isə onlara 1300-dən artıq yeni iş yerləri açmağa və öz müəssisələrinə 2,2 milyon dollar həcmində investisiya yatırmağa imkan verib.

 

Bu tədbir haqqında, həmçinin ümumilikdə BP və onun tərəfdaşlarının yerli sahibkarlığın inkişafı proqramları haqqında əlavə məlumatla http://www.ecbaku.com/ və http://www.bp.com/caspian/ veb-saytında tanış ola bilərsiniz.

 

Əlavə məlumat üçün

BP-nin Bakı ofisinin mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz:

Tel: (+994 12) 437 75 73