Layihənin məqsədi yerli ali təhsil müəssisələrində layihə idarəetmə bacarıqları yaratmaqdır. Bu məqsədlə seçilmiş 15 universitetin hər birindən üç nümayəndəyə təlimlər keçirilib və onlara beş aylıq təlim proqramını tamamladıqdan sonra İPMA standartı üzrə beynəlxalq layihə idarəetmə sertifikatı təqdim edilib. İPMA (Beynəlxalq Layihə İdarəetmə Assosiasiyası) layihə menecerlərinin qiymətləndirilməsində dünya lideridir.
Bu layihə sayəsində, iştirakçı universitetlərin artıq D səviyyəli (İPMA qiymətləndirməsinin dörd dərəcəsindən biri) Layihə İdarəetmə Mütəxəssisi sertifikatına malik layihə menecerlərindən ibarət heyətləri mövcuddur.
Layihə çərçivəsində həmçinin layihə menecerləri üçün Azərbaycan dilində yeni kitab da nəşr edilib.
bp-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Təhsilə dəstəyimiz çərçivəsində biz bir sıra yerli universistetlərlə müxtəlif layihələr üzrə əməkdaşlıq edərək onlara təhsilin keyfiyyətini artırmaq üçün lazım olacaq bacarıqların və potensialın yaradılması və inkişaf etdirilməsi yönümündə dəstək verririk. Bu cür birgə layihələrin səmərəli icrası üçün şübhəsiz ki, ümumi icra prosesinə, o cümlədən büdcənin idarə edilməsinə və maliyyə hesabatlılığına cavabdeh olacaq xüsusi layihə menecerləri tələb olunur. Biz sevinirik ki, indi artıq 15 yerli universitetin beynəlxalq sertifikatlı mütəxəssislərdən təşkil olunmuş xüsusi peşəkar layihə idarəetmə heyətləri var. Bu, həmin universitetlərin milli və beynəlxalq təşkilatlarla olan birgə layihələrini səmərəli şəkildə idarə etməsinə və bununla da təhsilin keyfiyyətinin artırılmasına dəstək olaraq öz əməkdaşlıqlarını genişləndirməsinə imkan yaradacaq.”
Layihənin dəyəri 75 902 AZN-dir.
Layihənin icrası Layihə İdarəetmə Assosiasiyası tərəfindən həyata keçirilib.
Redaktorlar üçün qeydlər
Ötən 28 il ərzində bp və tərəfdaşları çox sayda iri sosial investisiya layihələrinə dəstək veriblər. Bu layihələrə təhsil və potensialın yaradılması proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsi, mədəni irs və idmanın inkişafına dəstək verilməsi və eləcə də hökumət qurumlarına texniki kömək göstərilməsi daxildir.
2020-ci ildə bp və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 3,2 milyon ABŞ dollarından çox vəsait xərcləyib.
Bundan əlavə, 2020-ci ildə təkcə bp ölkədə müxtəlif sosial layihələr çərçivəsində 4,2 milyon ABŞ dollarından çox sərmayə qoyub.
Buraya COVİD-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün ölkədə aparılan mübarizə tədbirlərinə dəstək məqsədilə bp-nin 3 milyon ABŞ dolları həcmində töhfəsi də daxildir. Bu vəsait xüsusi olaraq COVID-19-un diaqnostika və müalicəsi üçün ümumi, biokiəmyəvi və PCR laboratoriyaların xaricdən alınması və ölkəyə gətirilməsi, onların TƏBİB-in tabeliyində olan Yeni Klinikada istifadəyə tam hazır vəziyyətdə quraşdırılması, 100,000 ədəd koronavirus PCR test dəsti, bu testləri həyata keçirmək üçün bütün lazımı laborator sərfiyyat materialları və reagentlərin, həmçinin xüsusi təhlükəli yoluxucu xəstələrin təxliyyəsi üçün nəzərdə tutulmuş 3 ədəd izolyasiya kapsulunun alınması və ölkəyə gətirilməsinə xərclənib. Bu dəstəyin məqsədi ölkədə COVİD-19 hallarının effektiv diaqnozu və müalicəsi imkanlarını artırmağa və ümumilikdə ölkənin səhiyyə xidmətlərini gücləndirməyə yardım etməkdir. Bundan əlavə, ölkəyə bp-nin Azərbaycandakı əməkdaşları tərəfindən eyni məqsədlər üçün 100000 AZN-dən çox vəsait və bp Türkiyə tərəfindən TƏBİB-in təcili yardım maşınları üçün nəzərdə tutulmuş 10000 ABŞ dolları dəyərində “Castrol” sürtkü yağları da bağışlanıb.
Ümumilikdə, bp və tərəfdaşları bu vaxtadək Azərbaycanda sosial inkişaf proqramları vasitəsilə təxminən 90 milyon ABŞ dollarından çox sərmayə qoymuşdur.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün Azərbaycanda bp şirkətinin www.bp.com/azerbaijan vebsaytına müraciət etmək olar.
bp-nin Bakı ofisindəki mətbuat xidmətində
Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95