SAX01 quyusu bu müqavilə sahəsində qazılacaq ilk quyudur və 2011-ci ildə Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilmiş HPBS çərçivəsində BP-nin öhdəliklərinə uyğundur.
Bu quyunun ümumi dərinliyinin 7000 metrə çatacağı planlaşdırılır və qazma işlərinin isə təxminən doqquz ay davam edəcəyi gözlənilir. Bundan sonra quyunun göstəriciləri analiz ediləcək və analizin göstəriciləri uğurlu olduğu təqdirdə nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Bir müddət əvvəl biz tərəfdaş BP şirkəti ilə birlikdə “Şəfəq-Asiman” strukturunda seysmik kəşfiyyat işlərini uğurla başa çatdırdıq. İndi növbəti mərhələyə qədəm qoyaraq, kəşfiyyat quyusunun qazılmasına başlayırıq. Kəşfiyyat qazması strukturun potensialının tam dəqiqləşməsinə imkan yaradacaq. Qürurla deyə bilərik ki, bu gün “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” və “Şəfəq-Asiman” kimi mürəkkəb layihələr çərçivəsində qazma işlərindən tutmuş dərin özüllərin inşasına kimi bütün əsas xidmətlər məhz Azərbaycan şirkətləri, SOCAR-ın müəssisələri tərəfindən həyata keçirilir. Bu da müstəqillik dövründə Azərbaycan neftçilərinin qazandığı ən mühüm nailiyyətlərdən biridir.”
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz demişdir: “Biz Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlamaqdan çox məmnunuq və sevinirik. Bu dəniz blokunun iri miqyaslı qaz ehtiyatlarının kəşfi üçün xeyli potensialı var. Qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün böyük hazırlıq işləri aparılıb.”
SAX01 quyusu “Caspian Drilling Company” (CDC) tərəfindən idarə olunan Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Təzyiqi tam idarə etməklə qazma imkanları olan bu qurğu 2019-cu ilin noyabr ayında SAX01 quyusu üçün müqavilə əsasında götürülüb və sonra qazma əməliyyatlarının başlanmasına hazırlıq aparmaq üçün quyu sahəsinə göndərilib.
Redaktorlar üçün qeydlər:
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinə İbrahim Əhmədova. Telefon: (+99412) 521 03 69
və
BP-nin Bakı ofisindəki mətbuat xidmətinə Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: (+994 12) 525 58 95