Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi bp əməliyyatların təhlükəsiz, səmərəli və ekoloji cəhətdən zərərsiz şəkildə həyata keçirilməsində uğurlu təcrübəyə malikdir. Xəzər dənizində dünya əhəmiyyətli layihələrini həyata keçirərkən şirkət öz işçi heyətinin milliləşdirilməsini və regiondakı əməliyyatlarına cəlb olunmuş işçi qüvvəsinin inkişafını ən prioritet məsələlərdən biri kimi daim diqqətdə saxlayır.
Qeyd olunanlara şirkətin regional rəhbərliyində əcnəbi kadrları əvəz edə biləcək yerli yüksək səviyyəli rəhbər işçilərin hazırlanması da daxildir.
Bu yaxınlarda daha iki yerli əməkdaşımız vitse-prezident vəzifəsinə təyin olunaraq regional rəhbər heyətə qoşulmuşdur.
Bu yaxınlarda daha iki yerli əməkdaşımızın vitse-prezident vəzifələrinə təyin olunaraq regional rəhbər heyətə qoşulduğunu bildirməkdən məmnunuq.
Elnarə Məmmədova - Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionu və Rusiyada insanlar və korporativ mədəniyyət (əvvəllər insan resursları adlanırdı) üzrə vitse-prezident vəzifəsinə təyin edilmişdir.
Bu vəzifədə Elnarə bp-nin London ofisində təminat sistemləri, strategiya və dayanıqlı inkişaf, regionlar, şəhərlər və həll yolları üzrə baş vitse-prezident vəzifəsinə təyin olunmuş Nərminə Nəbiyevanı əvəz etmişdir.
Elnarənin sənaye, insan resursları və insan ehtiyatlarının idarə edilməsi üzrə 20 ildən artıq peşəkar təcrübəsi var. O, insan resursları, mütəxəssis və biznes tərəfdaşlıq qruplarında bir sıra rəhbər vəzifələrdə çalışmış və ən son olaraq AGT regionunda qlobal əməliyyatlar təşkilatı üçün insan resursları üzrə menecer vəzifəsində işləmişdir.
Elnarənin Nottinqhem Trent Universitetindən bakalavr dərəcəsi və Azərbaycan Dillər Universitetindən magistr dərəcəsi var. O, həmçinin Personal və Kadr İnkişafı üzrə İxtisaslaşmış İnstitutun (Chartered Institute of Personnel and Development – “CİPD”) üzvüdür.
Aytən Ağalarova Gürcüstan üzrə vitse-prezident vəzifəsinə təyin edilmişdir.
Bu vəzifədə Aytən bp-nin Gürcüstandakı baş nümayəndəsidir və bp-nin ölkədəki bütün biznes bölümləri adından hökumət orqanları ilə əlaqələr və xarici işləri idarə etməklə bp-nin strategiyasının həyata keçirilməsinə dəstək verir.
Aytən bu vəzifədə Lightsource bp şirkətinə əməliyyatlar üzrə baş direktor vəzifəsinə təyin olunmuş Ann Deyvisi əvəz etmişdir.
Aytənin neft-qaz sənayesində 20 il iş təcrübəsi var. bp şirkətində işlədiyi 15 il ərzində o, qlobal əməliyyatlar, quyular və layihələr təşkilatlarına dəstək verməklə müxtəlif maliyyə, kommersiya, təchizat zənciri üzrə rəhbər vəzifələrdə çalışmışdır. Bu vəzifəyə təyin olunmazdan əvvəl, Aytən AGT regionu üzrə prezidentin icra aparatının rəhbəri olmuşdur.
Aytən neft mühəndisliyi və neft hüququ üzrə dərəcələrə, həmçinin “Warwick” Biznes Məktəbindən MBA dərəcəsinə malikdir.
Bundan başqa, şirkətdə son zamanlar baş verən struktur dəyişikliklər nəticəsində yerli vitse-prezidentlərin bəziləri indi daha geniş vəzifələr tutaraq bir neçə regiona cavabdehdirlər, bəzilərinə isə region daxilində daha yüksək vəzifə öhdəlikləri verilmişdir.
Elxan Məmmədov AGT regionunda hasilat üzrə vitse-prezident təyin olunmuşdur. İndi o, regionda həm dəniz, həm də midstrim obyektlərinə cavabdehdir. Elxan Xəzər və Şimal dənizi regionlarında həm qurudakı sahələrdə, həm də dəniz qurğularında zəngin iş təcrübəsinə malikdir. Bu yeni genişlənmiş vəzifəsindən əvvəl o, qlobal əməliyyatlar təşkilatının tərkibində bir sıra rəhbər vəzifələrdə çalışmışdır.
Bəxtiyar Aslanbəyli Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezident vəzifəsinə təyin edilmişdir. Bu yeni genişlənmiş vəzifəsindən əvvəl, Bəxtiyar AGT regionunda kommunikasiya və xarici əlaqələrə görə cavabdeh idi. O, kommunikasiya və xarici əlaqələr, vergi və gömrük, etik normalar və tələblərə uyğunluq, habelə biznes xidmətləri kimi sahələrdə bir sıra rəhbər vəzifələrdə çalışmışdır.
Zaur Paşayev AGT və Asiya-Sakit okean regionlarında əməyin təhlükəsizliyi və əməliyyat risklərinin təmin edilməsi üzrə vitse-prezident vəzifəsinə təyin olunmuşdur. Zaur həm quruda, həm də dənizdəki obyektlərdə rəhbərlik və əməliyyatlar üzrə geniş təcrübəyə malikdir. Bu vəzifədən əvvəl Zaur midstrim əməliyyatları üzrə vitse-prezident işləmiş və AGT midstrim təşkilatının təhlükəsiz, etibarlı və səmərəli şəkildə fəaliyyət göstərməsinin təmin edilməsinə cavabdeh olmuşdur.
Biz həmçinin son zamanlar bp-nin AGT regionu üzrə rəhbər heyətində baş vermiş digər dəyişikliklər haqqında da məlumat vermək istərdik.
bp-nin AGT regionu üzrə rəhbər heyəti barədə daha ətraflı məlumat əldə etmək üçün bp Azərbaycan şirkətinin veb-səhifəsinə müraciət edə bilərsiniz.