1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. BP Azərbaycanın mədəni irsi üzrə tədqiqata və nəşrə sponsorluq edir

BP Azərbaycanın mədəni irsi üzrə tədqiqata və nəşrə sponsorluq edir

Tarix:
30 noyabr 2018

 

Dünyanın ən qədim mədəniyyətlərindən birinin tədqiq olunmasına və qorunmasına BP-nin verdiyi töhfənin bir hissəsi
Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda tanınmasına dəstək olmaq üçün aparılmış əsaslı tədqiqat 

 

 

Bu gün BP şirkəti Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq şəraitində Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda tanınmasına dəstək olmaq üçün sponsorluq etdiyi kitabı ictimaiyyətə təqdim edib. 

 

Bu kitabda Azərbaycanın möhtəşəm milli sənət nümunələrindən biri olan kəlağayı sənətinə dair dərin mədəni və tarixi tədqiqat öz əksini tapıb. 

 

Kəlağayı sənəti əsl ipəkdən toxunmuş ənənəvi qadın baş örtüyünün hazırlanma və daşınma mədəniyyətini əhatə edir. Zərifliyinə, rəngarəngliyinə və gözəlliyinə görə tarixən kəlağayı sənət nümunəsi hesab edilmişdir. O, Azərbaycanın “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. 

 

BP-nin təşkilatçılığı ilə bu gün Azərbaycan Xalça Muzeyində keçirilən tədbirdə çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “BP Azərbaycanın gözəl milli sənət nümunələrindən biri olan kəlağayı sənətinin tədqiqi və təbliğinə dəstək olmaqdan qürur duyur. Biz hesab edirik ki, kəlağayı sadəcə bir sənət deyil, o həm də bütün xalqın simvolizm hikmətini, zəriflik və gözəllik duyğusunun dərinliyini təcəssüm etdirir. Buna görə də, bu sənət əsrlər boyu yaşayaraq günümüzə gəlib çıxmışdır və UNESCO-nun "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyası çərçivəsində dünya mədəni irsinin bir hissəsinə çevrilmişdir. Bu gün təqdimatı keçirilən kitab öz rəng çalarlarına, zərif dizaynına və çapına görə özü-özlüyündə bir sənət əsəridir. İnanırıq ki, bu, kəlağayı sənətinin bütün zənginliyini, fəlsəfəsini və təmtərağını özündə tam əks etdirən bir hədiyyədir.  

 

Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləmişdir. Bununla biz Azərbaycanın qədim və zəngin mədəni irsinə olan dərin ehtiram və sevgimizi nümayiş etdirmək istəyirik.”

 

 Bu kitab “ExpoOrg” şirkətinin rəhbərliyi ilə Azərbaycan, Gürcüstan, Rusiya və Ukrayna muzeylərində aparılmış əsaslı tədqiqatın nəticəsidir.  

 

Redaktorlar üçün qeydlər  

 

BP dünyanın ən tanınmış neft və qaz təchizatçılarından biridir və onun fəaliyyəti mühüm enerji mənbələrinin təhlükəsiz qaydada işlənməsini və enerji hasilatını əhatə edir. 

 

BP şirkəti 26 ildir ki, Azərbaycanda neft və qaz yataqlarının geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələri təhlükəsiz və etibarlı şəkildə idarə edir. Bu vaxtadək, BP öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə 72 milyard dollardan artıq sərmayə qoyub və on minlərlə iş yeri açmaqla və özünün geniş sosial sərmayə fəaliyyətlərini həyata keçirməklə yerli icmalara töhfələr verib. BP şirkətində 2500 nəfərdən çox Azərbaycan vətəndaşı işləyir. 

 

Ölkənin zəngin mədəni irsinin inkişafına və təbliğinə dəstək göstərilməsi BP-nin sosial sərmayələr portfelində prioritet sahələrdən biridir. Azərbaycanın uzunmüddətli və etibarlı neft-qaz tərəfdaşı kimi ötən 26 il ərzində BP yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, idman potensialı və bir sıra digər sahələrə sərmayələr qoymaqla ölkəyə dəstək olmaq öhdəliyinə sadiq qalıb. BP bütün bunları ölkənin güclü gələcək qurmaq naminə potensialın yaradılması istiqamətində göstərdiyi səylərə qoyulan sərmayə kimi görür. 

 

Əlavə məlumat üçün

BP-nin Bakıdakı mətbuat xidmətində Tamam Bayatlı ilə  əlaqə saxlaya bilərsiniz.

Telefon: (+994 12) 599 45 57