1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. BP Azərbaycanın prezidenti Böyük Britaniyanın Yeni il Fəxri siyahısına düşərək təltif olundu

BP Azərbaycanın prezidenti Böyük Britaniyanın Yeni il Fəxri siyahısına düşərək təltif olundu

Tarix:
5 Yanvar 2006

 

BP Azərbaycan şirkətinin prezidenti Deyvid Vudvord Ülyahəzrət Kraliça II Yelizaveta tərəfindən "Müqəddəs Mixail və Müqəddəs Georgi" ordeninə layiq görülmüş və Böyük Britaniyanın yanvarın 1-də elan olunmuş Yeni il Fəxri siyahısına düşmüşdür.

 

Şahzadə Regent (sonradan bu şəxs IV Kral Georgi olmuşdur) tərəfindən 1818-ci ildə təsis olunmuş bu mükafata xaricdə çalışan Böyük Britaniya vətəndaşları "müstəsna və mühüm xidmətlərinə" görə layiq görülürlər. Bu, cənab Vudvordun son yeddi il ərzində BP-nin Azərbaycandakı fəaliyyətlərinə rəhbərliyi dövründə qazandığı nailiyyətlərə verilən qiymətdir.

 

"Bu, olduqca böyük şərəfdir və mən əməyimin bu cür qiymətləndirilməsi ilə fəxr edirəm," – cənab Vudvord demişdir. "Azərbaycanın neft və qaz potensialının gerçəkləşdirilməsi məqsədilə BP-dəki həmkarlarım, bizimlə tərəfdaş olan neft şirkətləri və podratçılarımızla çiyin-çiyinə hökumətlə birlikdə çalışmaq mənim üçün böyük şərəf olmuşdur."

 

"Layihələrimizin uğuruna verdikləri töhfələrə görə bu böyük komandanın tərkibində işləyənlərin hamısına borcluyam. Bu mükafat mənim əməyimə verildiyi qədər elə onların da səylərinə verilmiş qiymətdir.

 

"Mən həmçinin məmnunam ki, biz xüsusilə də gəlirlərin idarə olunması və Böyük Britaniyanın Mədən Sənayelərində Şəffaflıq Təşəbbüsünə ilk qəbul edilməsində Azərbaycan hökumətinin öz səylərinə dəstək verə bilmişik."

 

"Son 15 il ərzində biz Böyük Britaniya ilə Azərbaycan arasında möhkəm əlaqələrin inkişaf etməsinin şahidi olmuşuq və mən bu iki ölkə arasında yaxşı əlaqələrin daha da irəli aparılması öhdəliyimə sadiq qalacağam," – o, əlavə etmişdir.

 

Hazırda BP Azərbaycan şirkətinin 27 əməkdaşı BP-nin Böyük Britaniyadakı işlərində çalışır. BP həmçinin mütəxəssislərin ixtisasartırması üzrə Con Smit proqramını dəstəkləyir ki, məhz bu proqram üzrə ilk dəfə 2005-ci ildə iki nəfər gənc Azərbaycan vətəndaşı təhsil almışdır. BP həmçinin öz yerli işçiləri, jurnalistlər və QHT-lər üçün Britiş Kaunsl təşkilatının apardığı ingilis dili kurslarını maliyyələşdirir. Bu il BP Böyük Britaniyada təhsil almış azərbaycanlı tələbələrin Böyük Britaniya-Azərbaycan Məzunlar Assosiasiyasının təşkil olunmasına kömək göstərmişdir.

 

Maraqlananlar üçün fotoşəkillər var.

 

Redaktorlar üçün qeydlər:


Deyvid Vudvord 1999-cu ilin yanvarında BP Azərbaycan şirkətinin prezidenti təyin olunmuşdur. BP-nin operator kimi fəaliyyəti vasitəsi ilə Deyvid Vudvord Azəri-Çıraq-Günəşli dəniz neft yatağının, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri layihəsinin, Şahdəniz dəniz qaz və kondensat yatağı və qaz ixrac boru kəməri layihəsinin işlənməsinin və istismarının, eləcə də Cənubi Xəzərdə və Şərqi Qara dənizdə BP-nin axtarış-kəşfiyyat fəaliyyətlərinin bütün məsuliyyətini daşıyır.

 

Deyvid BP-də 1970-ci ildən işləməyə başlamışıdır və Londonda, Aberdində, Abu Dabidə, Norveçdə, Alyaskada və Rusiyada mühəndis, əməliyyatlar üzrə işlərdə və müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

 

Devid Sasseks universitetində fizika elmləri namizədi dərəcəsini almışdır və idarəetmənin təkmilləşdirilməsi üzrə Harvard Biznes Məktəbinin proqramını mənimsəmişdir. O, diplomlu yüksək ixtisaslı mühəndisdir və Neft-Mədən və Metallurgiya İnstitutunun, həmçinin Neft Mühəndisləri Cəmiyyətinin üzvüdür.

 

Deyvid Vudvord evlidir, iki övladı var.

 

Təltifləri:
"Şərəf" ordeni, Gürcüstan, 2003
"Şöhrət" ordeni, Azərbaycan, 2004

 


Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57