Azəri-Çıraq-Günəşli, Şahdəniz, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri layihələrinin operatoru olaraq BP bu gün Rəşid Cəmil oğlu Cavanşirin BP Azərbaycan şirkətinin prezidenti təyin olunduğunu elan edir. Rəşid Cavanşir öz yeni vəzifəsinin icrasına bu il sentaybr ayının 1-dən başlayacaq.
Rəşid Cavanşir bu vəzifədə TNK-BP-nin baş əməliyyat direktoru təyin olunmuş Bill Şreyderi əvəz edəcək.
Rəşid Cavanşir BP Azərbaycan şirkətinə rəhbərlik edən ilk Azərbaycan vətəndaşı olacaq. Onun rəhbərlik edəcəyi işlər BP-nin Azərbaycan və Gürcüstandakı bütün fəaliyyətini, həmçinin Türkiyədəki ixrac əməliyyatlarımızı əhatə edir. Yerli Azərbaycan vətəndaşının BP-nin rəhbəri təyin edilməsi şirkətin milli kadrlarla bağlı planının uğurlu nəticəsidir. Bu planının əsas məqsədi yerli işçilərin inkişafına şərait yaratmaqla fəaliyyətimizin bütün sahələrində onların rəhbər vəzifələri tutmasına nail olmaqdır.
BP-nin axtarış-kəşfiyyat və hasilat üzrə baş icracı direktoru Əndi İnqlis deyir: “Rəşid bu vəzifəyə Xəzərlə bağlı dərin geoloji və texniki bilgilərini və ötən 14 iI ərzində BP-dəki təcrübəsindən toplanmış geniş biznes perspektivini gətirir. O, BP-nin Azərbycandakı işlərinə rəhbərliyi elə həlledici bir vaxtda öz üzərinə götürür ki, irəlidə Şahdənizin işlənməsinin ikinci mərhələsi durur, həmçinin Şəfəq və Asiman strukturlarının axtarış-kəşfiyyat işləri də hələ qabaqdadır.”
“Mən həmçinin Bill Şreyderə də öz təşəkkürümü bildirmək istəyirəm. O, Azərbaycanda bizim işlərimizə üç il uğurla rəhbərlik etdikdən sonra TNK-BP şirkətinə keçir. Bu müddət ərzində Billin rəhbərliyi altında Şahdənizin birinci mərhələsinin hasilata başlamasına, BTC-nin normal rejimdə çalışması və onun gündəlik nəql gücünün 1.2 milyon barelə çatdırılmasına və Dərinsulu Günəşlidən ilk neftin əldə olunmasına nail olmuşuq. O həmçinin Azərbaycanlı işçilərimizin inkişafı ilə bağlı proqramımızı da davam etdirib, bu isə bizə imkan verir ki, indi də yerli Azərbaycan mütəxəssisinin rəhbərliyi altında öz dünya səviyyəli biznesimizi daha da genişləndirək”, İnqlis deyir.
Rəşid Cavanşirin BP-nin yeni prezidenti təyin olunmasını elan etmək məqsədilə bu gün BP-nin axtarış-kəşfiyyat və hasilat üzrə baş icracı direktoru Əndi İnqlis Bakıya səfər etmişdir. Səfər zamanı o, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşmüş və Rəşid Cavanşiri dövlət başçısına təqdim etmişdir.
Rəşid Cavanşir BP Azerbaycana rəhbərlik etməyə şirkətin birinci vitse-prezidenti kimi indiki vəzifəsindən irəli çəkilir. O hazırda Azərbaycan, Gürcüstan və Türkiyədə BP-nin bütün qurudakı əməliyyatlarına, həmçinin Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəməri, Cənubi Qafqaz qaz ixracı Boru Kəməri və Şahdəniz layihəsinə, xüsusilə də onun ikinci mərhələsinin həyata keçirilməsi ilə bağlı işlərə, rəhbərlik edir.
Rəşid Cavanşirin BP-də müxtəlif rəhbər vəzifələrdə 14-illik iş təcrübəsi var. Bundan əvvəl o, Amoko Kaspian Si şirkətinin axtarış-kəşfiyyat işləri üzrə direktoru, Amoko İnam Əməliyyat Şirkətinin prezidenti, BP-nin əməliyyatçısı olduğu Şahdəniz, İnam və Araz-Alov-Şərq üzrə Hasilatın Pay Bölgüsü Sazişlərinin prezidenti, Londondakı Qlobal Biznes Mərkəzində BP Qrupu Strategiyasının İşlənməsi üzrə rəhbər, Aberdində (Şotlandiya) BP-nin Şimal dənizinin cənub hissəsindəki əməliyyatları üzrə vitse-prezidenti, BTC Ko şirkətinin prezidenti, BP Azerbaijan şirkətinin qurudakı əməliyyatları üzrə vitse-prezidenti kimi vəzifələrdə çalışmışdır.
Rəşid Cavanşir həmçinin beynəlxalq miqyasda tanınmış bir alimdir. O, 200-dən artıq elmi əsərin müəllifidir, geologiya-mineralogiya elmləri doktoru, professordur və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Rəşid Cavanşir həmçinin beynəlxalq səviyyədə biznes rəhbərliyi və idarəçiliyi üzrə də ixtisaslaşmışdır - o, ABŞ-ın tanınmış Dyuk və Rays Universitetlərinin və Harvard Biznes Məktəbinin yüksək səviyyəli biznes rəhbərləri üçün nəzərdə tutulmuş proqramlarını bitirmişdir.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57