Texniki operatorluğun SOCAR-a keçməsi, Şahdəniz-2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələrinə dair yekun investisiya qərarı çərçivəsində 2013-cü ilin dekabrında imzalanmış “Düzəliş Edilmiş və Yenilənmiş Boru Xətti Sahiblərinin Müqaviləsinə” uyğun olaraq həyata keçirilib. Müqavilədə CQBKG-nin tikintisinin başa çatmasının birinci ildönümündə SOCAR-ın CQBK-nın texniki operatoru olması nəzərdə tutulmuşdur.
Texniki operatorluğun ötürülməsi Azərbaycanda və Gürcüstanda CQBK-yə aid bütün obyektlərin əməliyyatlarını əhatə edir. Həm Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə, həm də CQBK-yə aid olan ümumi obyektlərin operatorluğunu isə bp şirkəti ümumi operator qismində davam etdirəcək. Səngəçal terminalının, BTC-nin və Qərb İxrac Boru Kəmərinin (QİBK) operatorluğunda heç bir dəyişiklik yoxdur, bu obyektlərin operatorluğunu bp şirkəti icra etməkdə davam edəcək.
Texniki operatorluğun keçidi prosesinin bütün aspektlərinin səmərəli şəkildə yerinə yetirilməsi üçün SOCAR və bp 2020-ci il ərzində birgə işləməyə davam edəcəklər.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev: “2015-ci ildən bəri biz Cənubi Qafqaz Boru Kəmərinin kommersiya operatoruyuq və kəmərin bütün kommersiya əməliyyatlarıni yüksək səviyyədə həyata keçirmişik. İndi isə SOCAR boru xətti sahiblərinin müqaviləsində nəzərdə tutulduğu kimi kəmərin texniki operatorluğunu da öz üzərinə götürür.
Cənubi Qafqaz Boru Kəməri Şirkətinin səhmdarı kimi biz kəmərin texniki təhlükəsizlik göstəricilərindən daim məmnun olmuşuq, bu göstəricilər bizim sənayemizdə ən yüksəklər sırasındadır. bp şirkətinə çox yaxşı tərəfdaşlığına və operatorluğuna görə təşəkkür edirik. Kəmərin yeni texniki operatoru kimi biz boru kəmərinin texniki təhlükəsizlik, etibarlılıq və ətraf mühitin qorunması sahəsində yüksək səviyyəsini saxlamaq üçün uğurlu beynəlxalq təcrübəmizdən istifadə edəcək və bütün tərəfdaşlarla sıx işləyəcəyik.”
“SOCAR-ın CQBK-nin yeni texniki operatoru olmasını məmnuniyyət hissi ilə qarşılayırıq. Şahdənizin və CQBK-nin ən iri payçısı kimi biz boru kəmərinin təhlükəsiz və etibarlı istismarının davamlı olmasını təmin etmək üçün SOCAR-la birgə işləməkdə davam edəcəyik.
Düşünürük ki, layihələrin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsində SOCAR-ın böyük təcrübəsi var. SOCAR bunu TANAP-ın dörd illik uğurlu tikintisi və onun ardınca təhlükəsiz istismarı zamanı nümayiş etdirib. Bundan əlavə, SOCAR artıq beş ildir ki, çox səmərəli şəkildə CQBK-nin kommersiya operatoru qismində çıxış edir. Biz keçid mərhələsinin təhlükəsiz qaydada və ümumilikdə qazın nəqli əməliyyatlarına heç bir təsir yaratmadan tamamlanmasını təmin etmək üçün planlaşdırılmış dəyişikliklərin idarə olunması prosesində SOCAR-a dəstək olacağıq.
Bütün ixrac sisteminin mükəmməl təhlükəsizlik göstəricilərinə nail olmasında əməkdaşlarımızın və işçi qüvvəmizin əzmkarlığı və fədakarlığı mühüm rol oynayıb, biz onlarla qürur duyuruq. Əminik ki, operatorluğun ötürülməsi ilə əməliyyatların təhlükəsizliyinə eyni dərəcədə yüksək diqqət və əməkdaşların iş icrasının eyni dərəcədə yüksək keyfiyyəti davam edəcək.”
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz