Kənd təsərrüfatı üzrə peşə təhsilinin inkişafına əhəmiyyətli töhfə; Kənd yerlərindəki icmalar üçün yeni imkanlar
Bu gün BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, PETRONAS, Chevron, LUKOİL, NİCO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL, Eni – Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin inkişafına dəstək olaraq hazırlanmış və çap olunmuş 19 yeni dərsliyi və əlaqədar tədris materiallarını təqdim etdi.
Bu layihə ölkənin kənd təsərrüfatı üzrə peşə təhsilinin bazasını gücləndirmək və kənd təsərrüfatı sektorunun səmərəliliyini artırmaq istiqamətindəki səylərinə BP və tərəfdaşlarının verdiyi töhfənin bir hissəsidir. Layihə Təhsil Nazirliyi ilə əməkdaşlıqda yerinə yetirilib və ölkədə kənd təsərrüfatı üzrə peşə təliminin keyfiyyətini artırmaq məqsədi daşıyır.
Bu layihə dörd kənd təsərrüfatı ixtisası (bitkiçilik, kənd təsərrüfatı texnikası, meyvəçilik və tərəvəzçilik mütəxəssisi) üzrə yeni tədris metodologiyasının və müasir dərsliklərin hazırlanmasını əhatə edir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Ümid edirik ki, yeni dərsliklər və tədris materialları yeni nəsil fermerlərin yetişməsi üçün çox faydalı olacaq, çünki yeni ixtisasların tədris olunmasında istifadə olunacaq bu vəsaitlər yerli kənd təsərrüfatının vəziyyətini və mühitini yaxşı bilən yerli ekspertlər və mütəxəssislər tərəfindən yazılıb. Biz öz səylərimizi Təhsil Nazirliyinin səyləri ilə birləşdirərək kənd yerlərindəki icmalara və nəticədə ölkənin kənd təsərrüfatı sektoruna töhfə verməkdən böyük məmnunluq duyuruq. Yeni ixtisaslar üzrə təlimlərin yeni modul üsulu və metodologiyası ilə keçirilməsi şübhəsiz ki, ölkənin kənd təsərrüfatı üzrə peşə təhsilinin təkmilləşdirilməsində önəmli bir nailiyyət olacaq.”
19 yeni modul və tədris materiallarına aşağıdakılar daxildir:
Layihə çərçivəsində həmçinin Qəbələ, İsmayıllı və Qaxda yerləşən peşə məktəblərinin tələbələri, müəllimləri və təlimçiləri üçün dərsliklərin müəllifləri tərəfindən doqquz master-klas, habelə bir qrup kənd təsərrüfatı mütəxəssisinə və peşə məktəbi müəlliminə potensialın yaradılması və yeni modul üsuluna əsaslanan metodologiya barədə dərslər keçirilmişdir.
Layihə “British Council” təşkilatı tərəfindən iki mərhələdə həyata keçirilmişdir – 1-ci mərhələ (sentyabr 2016 – sentyabr 2017) və 2-ci mərhələ (sentyabr 2017 – sentyabr 2018). Ümumilikdə təxminən 9000 nüsxə yeni dərslik və tədris materialı çap olunmuşdur.
Layihənin iki fazasının birlikdə ümumi dəyəri 463 000 AZN-dən çoxdur.