BP və onun tərəfdaşları Azərbaycanın ilk Layihələri İdarəetmə Məktəbinin yaradılmasında iştirak etmələrindən qürur duyurlar.
Layihələri İdarəetmə Məktəbi (LİM) məzunlarının böyük bir qrupuna bu gün Corc Vaşinqton Universitetinin layihələri idarəetmə ixtisası üzrə Magistr sertifikatları təqdim olundu. LİM BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşlarının birlikdə təsis etdiyi və maliyyələşdirdiyi bir təlim qurumudur.
Mövcudluğunun birinci ili ərzində LİM dünyada qəbul edilmiş layihələri idarə etmə tədris proqramından istifadə etməklə, özəl və ictimai sektorda fəaliyyət göstərən 62 təşkilatın 150-dək nümayəndəsinə uğurla təlim keçib. Bunların 51 nəfəri Corc Vaşinqton Universitetinin Magistr və 92 nəfəri Bakalavr sertifikatı üçün ixtisaslaşıb.
Bu gün BP Bakıda öz tərəfdaşları adından LİM-in ilk məzunlarının buraxılış tədbirinə ev sahibliyi edərək 50-dən çox məzuna Layihələri İdarəetmə ixtisası üzrə beynəlxalq Magistr sertifikatı təqdim etmişdir. Bunlar neft və qaz, hökumət, layihələndirmə və tikinti, dəniz və geologiya, təhsil, bank və maliyyə, telekommunikasiya və idarəetmənin digər sektorlarından olan nümayəndələrdir.
BP-nin Əlaqələr və Xarici İşlər üzrə vitse-prezidenti Seymur Xəlilov tədbirdə çıxış edərək dedi: “Biz çox məmnunuq ki, bu il BP şirkəti bir sıra əlamətdar tədbirlər vasitəsilə Azərbaycandakı fəaliyyətinin 20-ci ildönümünü qeyd edir. Layihələri İdarəetmə Məktəbi məzunlarının birinci buraxılışına həsr edilmiş bu mərasim də belə tədbirlərdən biridir. BP və onun tərəfdaşları yerli menecerlərin təlimində uğurlu və son dərəcə mühüm və davamlı bir vasitə olduğunu artıq sübut etmiş Azərbaycanın ilk Layihələri İdarəetmə Məktəbinin yaradılmasında iştirak etmələrindən qürur duyurlar. Birinci il ərzində həm özəl, həm də dövlət sektorunu təmsil edən təxminən 150 menecerə LİM tərəfindən təlim keçilməsi və onların 50-dən çoxuna beynəlxalq Magistr sertifikatının təqdim olunması faktı gözəl nəticədir. Ümid edirik ki, bu nailiyyət gələcəkdə davam edəcək və yerli layihələri idarəetmə bacarıqlarının gücləndirilməsinə əsaslı töhfə verəcək.”
BP-nin Davamlı inkişaf təşəbbüsləri üzrə meneceri İbrahim İsmayılov dedi: “Layihələri idarəetmə bacarıqları və səriştələri dünya səviyyəli mürəkkəb layihələrin effektiv şəkildə həyata keçirilməsində olduqca mühümdür. Zənnimizcə, bu, müxtəlif sektorlarda nəhəng iqtisadi artım və inkişaf dövrünü yaşayan Azərbaycan üçün daha da vacibdir. BP və onun tərəfdaşları layihələri idarəetmə üzrə yerli bacarıqların yaradılması öhdəliyinə sadiqdir və bu, həmin şirkətlərin yerli peşəkar kadrların ixtisasartımına və regionun uzun müddətli davamlı inkişafına diqqətinin nümayişidir”.
Redaktorlar üçün qeydlər:
BP və onun tərəfdaşları 2011-ci ilin yanvar ayında Azərbaycanda yeni bir Layihələri İdarəetmə Məktəbinin (LİM) təsis edilməsi məqsədi ilə bir milyon dollar vəsait ayıracaqlarını elan etdilər.
LİM özəl və ictimai sektor nümayəndələrinin layihələri idarəetmə üzrə beynəlxalq səviyyədə qəbul edilmiş geniş bir proqram üzrə təhsil almaq imkanını təmin etmək vasitəsi kimi nəzərdə tutulub. Bu təşəbbüsdə diqqət həm layihələrin bilavasitə idarə edilməsinin icrasının təkmilləşdirilməsi, həm də layihələri idarəetmə üzrə uzun müddətli bacarıqların yaradılması üzərində cəmlənir.
LİM-in tədris proqramı səkkiz moduldan ibarətdir – Layihələrin İdarə edilməsi, Layihəyə Rəhbərlik, İdarəetmə və Əlaqə, Risklərin İdarə edilməsi, Planlaşdırma və Xərclərə Nəzarət, Layihə Menecerləri üçün Keyfiyyət, Layihənin İdarə edilməsinin Tətbiqi Mexanizmi, Danışıqlar aparmaq bacarığı və ya Layihələri idarəetmə mütəxəssisi (LİEM) imtahanına hazırlıq
Bundan başqa, layihənin məqsədi həm də yerli təlim müəssisələrinin imkanlarını artırmaqdır. Buna görə də, ilkin mərhələdə kursun keçiriləcəyi dil ingilis dili olsa da, 2-3 il müddətində yerli mütəxəssislərin hazırlanması planlaşdırılır ki, onlar bu proqramı Azərbaycan dilində tədris edə bilsinlər . Bu məqsədlə bütün tədris proqramı artıq Azərbaycan dilinə tərcümə olunub və bu da digər təşkilatlara ingilis dilində danışa bilməyən işçilərinə eyni təlimi təklif etmək imkanı yaradır.
Layihə Xəzər Universiteti ilə əməkdaşlıqda layihələri idarəetmə və onunla bağlı məsələlərin həlli sahəsində aparıcı təlim şirkəti olan ESİ İnternational tərəfindən həyata keçirilir.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlı.
Tel.: 994 (0) 12 599 4557