BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları Layihələri İdarəetmə Məktəbinə (LİM) göstərdikləri dəstəyi 2015-ci ilin noyabr ayınadək uzatmaq qərarına gəliblər.
BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionu üzrə prezidenti Qordon Birrell bu gün Xəzər Universitetində keçirilmiş tədbirdə tərəfdaşların adından LİM-ə göstərilən dəstəyin müddətinin uzadılmasına dair Anlaşma Memorandumu imzalayıb.
LİM özəl və dövlət sektoru nümayəndələrinə layihələri idarəetmə üzrə beynəlxalq səviyyədə qəbul edilmiş geniş bir proqram üzrə təhsil almaq imkanı təmin etmək üçün 2011-ci ildə BP və onun tərəfdaşları tərəfindən yaradılıb. Təşəbbüsün məqsədi yerli layihələrin idarə olunmasında icranın təkmilləşdirilməsinə yardım etmək və ölkədə layihələrin idarə olunması üzrə uzunmüddətli bacarıqların yaradılmasını təmin etməkdir.
Məktəbin tədris planı dünyada tanınmış iki sertifikatın – Corc Vaşinqton Universiteti tərəfindən verilən “Layihələrin İdarə Edilməsi üzrə Magistr sertifikatı”nın və Layihələrin İdarə Edilməsi İnstitutu (LİEİ) tərəfindən verilən "Layihənin İdarə Edilməsi üzrə Mütəxəssis" sertifikatının verilməsini əhatə edir.
Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrell dedi: “Əməkdaşlığımızın uzadılmasına dair verilmiş qərar məktəbin fəaliyyət göstərdiyi ötən üç il ərzində əldə edilmiş uğura əsaslanır. Biz inanırıq ki, məktəb bu vaxtadək iki uğurlu buraxılışı ilə və ümumilikdə 300-dən artıq beynəlxalq sertifikat verməklə qarşısına qoyulan məqsədə çatmışdır.
Çox məmnunuq ki, layihələrin idarə olunması üzrə LİM tərəfindən təqdim olunan beynəlxalq miqyasda tanınmış, hərtərəfli tədris planı və beynəlxalq standartlar tam şəkildə tərcümə edilib və Azərbaycan dilində tədris olunur. Bu isə o deməkdir ki, ingilis dilini bilməyən yerli menecerlər də təlimlərdən birbaşa faydalana bilirlər. Yerli şərait üçün bu çox vacibdir.”
2011-ci ildə fəaliyyətə başladığı vaxtdan indiyədək LİM özəl və dövlət sektoruna aid 98 təşkilatı təmsil edən 300-dən artıq mütəxəssisə təlim keçmişdir. Məzunlardan 129-u Corc Vaşinqton Universitetinin Magistr və 192-isi isə Bakalavr sertifikatı alıblar.
Layihə Xəzər Universiteti və layihələri idarəetmə və onunla bağlı məsələlərin həlli sahəsində aparıcı təlim şirkəti olan “ESİ İnternational” ilə əməkdaşlıqda həyata keçirilir.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Tel.: (+994 12) 599 47