1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. BP və KOBİA yerli biznesin inkişafına dəstək vermək üçün əməkdaşlıq edəcək

BP və KOBİA yerli biznesin inkişafına dəstək vermək üçün əməkdaşlıq edəcək

Tarix:
20 dekabr 2018

Bu gün BP əməliyyatçısı olduğu Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları adından yerli bizneslərin inkişafına dəstək verilməsi istiqamətində əməkdaşlıq imkanlarını birgə araşdırmaq üçün Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə anlaşma memorandumu (AM) imzalayıb.

 

Anlaşma memorandumu çərçivəsində bu iki tərəf birlikdə yerli biznesin inkişafına dəstək olmaq məqsədilə potensial əməkdaşlıq istiqamətlərini və sahələrini qiymətləndirmək üzərində işləyəcək.


BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu gün biz yerli biznes sektorunun böyüməsinə bundan sonra da yardım etmək üçün KOBİA ilə sıx əməkdaşlıq etməyə imkan verəcək bu anlaşma memorandumunu imzalamaqdan məmnunluq duyuruq. Azərbaycanın ən böyük neft və qaz layihələrinin operatoru kimi BP öz tərəfdaşları ilə birlikdə on ildən artıqdır ki, yerli biznesin inkişafına yönəlmiş təşəbbüslərə dəstək verir. Bu, bizim Azərbaycandakı sosial sərmayə strategiyamızda prioritet sahədir və bundan sonra da prioritet qalmağa davam edəcək. Azərbaycandakı fəaliyyətimizin ilkin illərində biz yerli şirkətlərin təcrübəli beynəlxalq şirkətlərlə rəqabət apara bilməsi və bu regionda BP-nin operatoru olduğu layihələrdə daha çox iştirak edə bilməsi üçün öz potensial və imkanlarını gücləndirməyə ehtiyac duyduğunu müşahidə edirdik. Biz bu təşəbbüsün gerçəkləşdirilməsində çox uğurlu nəticələrə nail olmuşuq və yüzlərlə yerli şirkətin biznesimizə keyfiyyətli xidmətlər göstərməsini görməkdən qürur duyuruq. Biz Azərbaycan iqtisadiyyatının sürətli inkişafının bir hissəsi kimi yerli şirkətlərin inkişafına və böyüməsinə yardım etmək öhdəliyimizə sadiq qalırıq.”


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib: “Kiçik və orta sahibkarlıq sektorunun inkişafını təşviq etmək və ona dəstək olmaq məqsədilə yerli və xarici özəl şirkətlərlə əməkdaşlıq KOBİA üçün prioritet sahələrdən biridir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi biznes sektorunda fəaliyyət göstərən şirkətlər üçün biznes mühitinin yaxşılaşdırılmasına dair öhdəlik götürüb. Biz inanırıq ki, bu sektorun inkişafı Azərbaycan iqtisadiyyatına töhfə verəcək. BP sosial məsuliyyətə xüsusi diqqət ayıran bir şirkətdir və təbii ki, yerli biznes infrastrukturunun inkişaf etdirilməsi öhdəliyinə sadiqdir. Biz kiçik və orta biznesin inkişafına dəstək verilməsini nəzərdə tutan bu anlaşma memorandumunu imzalamaqdan məmnunluq duyuruq. Biz əminik ki, bu, Azərbaycanda kiçik və orta biznes sektorunun inkişafı üzrə platformanı gücləndirəcək.”


Redaktorlar üçün qeydlər


BP və tərəfdaşları yerli sahibkarlığın inkişafına dəstək olmaq üçün 2007-ci ildən etibarən iri sosial sərmayə proqramı həyata keçirir. “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) adlanan bu təşəbbüs milyonlarla dollar dəyəri ola bir layihədir və Azərbaycanda BP-nin müqavilələrində yerli resurslardan istifadəni artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına töhfə vermək səylərinin bir hissəsidir.


Bu günədək BP və tərəfdaşları SİP vasitəsilə təxminən 2000 kiçik və orta bizneslərin inkişafına dəstək verməklə 6,5 milyon dollar həcmində investisiya qoymuşdur. Bunlar arasında 218 yerli şirkət 2007-2017-ci illər ərzində bütün proqramı tamamlamışdır.
2017-ci ilin sonunadək BP SİP proqramında iştirak edən şirkətlərlə ümumi dəyəri 538 milyon dollar olan müqavilələr imzalamışdır. Bu, onların öz bizneslərini inkişaf etdirməsinə, çox sayda iş yerləri açmasına və yerli investisiya imkanları yaratmasına imkan verib. Bu il 24 yerli şirkət BP və tərəfdaşlarının maliyyələşdirdiyi SİP çərçivəsindəki təlimləri başa vuracaq.


KOBİA bir sıra kiçik və orta biznesə dəstək mexanizmlərinin tətbiqinə başlayıb. Bu məqsədlə Masallı rayonunda və Şabran-Siyəzən inzibati ərazi vahidlərində KOB dostları regional şəbəkəsi fəaliyyətə başlayıb, agentliyin fəaliyyətində ictimai nəzarəti və ictimai iştirakı gücləndirmək üçün İctimai Şura yaradılıb (burada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən assosiasiyalar təmsil olunur) və gənc mütəxəssisləri və tələbələri sahibkarlıq və digər müvafiq proqramlara cəlb etmək məqsədilə gənclər üçün təcrübə proqramlarına başlanılıb.


KOBİA-nın strateji təşəbbüsləri çərçivəsində KOB Evi (30-dan çox hökumət qurumu tərəfindən 100-dən çox G2B (dövlət-biznes) xidməti və bir pəncərə prinsipi əsasında 1000-dən çox B2B (biznes-biznes) xidməti), e-KOB Evi, Dövlət-özəl Tərəfdaşlığının İnkişaf Mərkəzi, KOB İnkişaf Mərkəzləri və KOB İnkişaf fondları yaradılıb. KOB klasterlərinin inkişafı klasterləri stimullaşdıracaq və qabaqcıl beynəlxalq təcrübəyə əsasən KOB klasterləri üçün hökumətin dəstək siyasəti üzrə mexanizm təmin edəcək.

 

Əlavə məlumat üçün

BP-nin Bakıdakı mətbuat xidmətində Tamam Bayatlı ilə əlaqə saxlaya bilərsiniz.
Telefon: (+994 12) 525 58 95