Operatoru BP olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) bu gün bildirmişdir ki, Qərbi Azəri platformasından neft hasilatına başlanmışdır. Bu, Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli (AÇG) yatağının bir hissəsi olaraq Azəri layihəsinin 2-ci fazasından əldə olunan hasilatdır.
Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları: BP (operator – 34,1%), Yunokal (10,3%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İtoçu (3,9%), Amerada Hess (2,7%) şirkətləridir.
Bakıdan 100 kilometr şərqdə, suyun təxminən 118 metr dərinliyində yerləşən Qərbi Azəridən (QA) hasilat, burada əvvəlcədən qazılmış üç öncə qazma quyusunun birincisindən dekabrın 30-da başlanmışdır. Hasil edilən neft sualtı boru kəməri vasitəsilə ilə dünən, yanvarın 4-də Səngəçal terminalına çatmışdır.
Hasilat 2006-ci il ərzində öncədən qazılmış digər quyular istismara verildikcə artacaq. Bu il daha sonra isə platformadan qazma işlərinə də başlanılacaq. Ən yüksək hasilat zamanı QA platforması Mərkəzi Azərinin gündə 340 000 barel ən yüksək hasilatına gündəlik 300 000 barel neft hasilatı əlavə edəcək.
"Qərbi Azərinin hasilata başlaması keçən il bizim Mərkəzi Azəridən ilk neft əldə etməyimiz qədər mühüm nailiyyətdir. Bu, 2008-ci ilədək hər il bir platforma istismara vermək öhdəliyimizin ardıcıl yerinə yetirlməsi səylərinin zirvəsidir", - BP-nin Azərbaycandakı baş təmsilçi prezidenti Deyvid Vudvord demişdir. "BTC ixrac boru kəməri bu ilin yazında tam istismara veriləndən sonra kəmərə vurulacaq AÇG neft həcmlərinin sürətlə artmasında Qərbi Azərinin böyük rolu olacaq."
"Çox məmnunam ki, biz Qərbi Azəridən ilk nefti qrafikdən dörd ay əvvəl əldə etmişik və buna AÇG layihə və əməliyyatlar üzrə qrupların uzun illər ərzində Xəzər dənizində planlaşdırma, tikinti və istismar əməliyyatları üzrə qazandıqları təcrübəyə əsaslanan əla iş içrası sayəsində nail olunmuşdur. Həm Azərbaycan, həm də AÇG yatağının operatoru kimi BP üçün bu mühüm gündə mən həmçinin son üç il ərzində bu layihədə çalışaraq yüksək iş icrası göstərmiş, əksəriyyəti Azərbaycan vətəndaşları olan on mindən artıq insanın gərgin əməyini qeyd etmək istərdim. Mən həmçinin hökuməti, tərəfdaşlarımızı, işçilərimizi, bütün podratçılarımızı, təchizatçılarımızı və bu işdə əməyi olan hər kəsi bu böyük nailiyyət münasibətilə təbrik etmək istərdim."
QA obyektləri 48 quyu gövdəsinə malik bir hasilat, qazma və yaşayış platformasından və qurudakı Səngəçal termialına birləşdirilmiş bir ədəd 30 düymlük sualtı boru kəmərindən ibarətdir.
QA-dən hasil edilən neft qurudakı Səngəçal terminalına 30 düymlük yeni sualtı boru kəməri ilə daşınacaq. Bu terminal AÇG yataqlarından əlavə neft həcmlərini qəbul etmək üçün yeni inşa olunmuş üç xam neft çəni də daxil olmaqla genişləndirilmişdir.
QA-dən hasil edilən səmt qazı yataqarası sualtı qaz kəmərləri ilə Mərkəzi Azəridə quraşdırılmış Kompressor və Suvurma Platformasına (KvəSP) nəql ediləcək ki, lay təzyiqinin saxlanılması üçün yenidən laya vurulsun və ya yanacaq kimi istifadə edilsin. Səmt qazının artıq qalan hissəsi mövcud sualtı qaz boru kəməri ilə Səngəçal terminalına nəql olunacaq, oradan isə yeni qaz ixrac kəməri ilə ölkə daxilində istifadə olunmaq üçün Azəriqaz sisteminə vurulacaq.
Redaktorlar üçün qeydlər:
Azəri-Çıraq-Günəşli (AÇG) Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1994-cü ilin sentyabrında imzalanmışdır və AÇG müqavilə sahəsinin 30 illik işlənməsini əhatə edir. Hesablanmışdır ki, bu HPBS dövründə 5,4 milyard barel neft ehtiyatı hasil ediləcək. Bu yataq bir neçə mərhələdə işlənməkdədir: Çıraqdan İlkin Neft Layihəsinin bir hissəsi olaraq 1997-ci ildən neft hasil olunur. Bundan sonrakı mərhələ Azəri Faza 1 Layihəsi – Mərkəzi Azəri hasilatıdır. Mərkəzi Azəridən hasilata 2005-ci il fevralın 13-də başlanmışdır. Növbəti mərhələlər Azəri Faza 2 layihəsi kimi 2006-cı ilin yanvarında hasilata başlamış Qərbi Azəri və istismara verilməsi 2007-ci ilə planlaşdırılmış Şərqi Azərini əhatə edir. Artıq sanksiya verilmiş AÇG Faza 3 layihəsinin – Dərinsulu Günəşlinin isə hasilata başlaması 2008-ci ildə gözlənilir.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57