Dekabrın 5-də Azərbaycan neft-qaz sənayesində Milliləşdirmə Proqramının 5-ci ildönümü ilə bağlı hesabat toplantısı keçirilmişdir. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, “BP Eksploreyşn”in prezidenti Qari Couns və digər rəsmi şəxslər iştirak etmişlər.
Toplantı iştirakçıları əvvəlcə Milliləşdirmə Proqramının nailiyyətlərindən bəhs edən “Uğur hekayələri” filmini izləmişlər.
2013-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə neft-qaz sənayesinin işçi heyətinin milliləşdirilməsi, eləcə də neft-qaz sektoru üzrə bilik, bacarıq və səriştəlilik bazasının yaradılması prioritet istiqamətlərdən biri kimi müəyyən olunmuşdur. Ötən dövr ərzində SOCAR Azərbaycan Respublikasının dövlət qurumları, müvafiq icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində neft-qaz sektoru kontingentinin milliləşdirilməsi istiqamətində genişmiqyaslı fəaliyyət aparmış, neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün lazım olan beynəlxalq təcrübəyə malik mütəxəssislərin Azərbaycanda hazırlanmasını əsas hədəf götürmüşdür. Ölkəmizdə həyata keçirilən neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələli şəkildə milli kadrlarla əvəzlənməsi üçün təlim-tədris istiqamətində kurslar və təlimlər təşkil olunmuşdur. Bakı Ali Neft Məktəbi, habelə yüksək ixtisaslı fəhlə kadrlarının yetişdirilməsi məqsədi ilə beynəlxalq standartlara cavab verən beş Təlim Mərkəzi yaradıllmışdır. Milliləşdirmə proqramı qəbul edilmiş prosedur qaydalara və layihələrə uyğun həyata keçirilməkdədir.
Tədbirdə çıxış edən Rövnəq Abdullayev demişdir: “Biz bu gün neft-qaz sektorunda milliləşdirmə proqramının müəllifi, ötən beş ildə bu məsələni daim diqqət mərkəzində saxlamış möhtərəm Prezidentimiz qarşısında məruzə edirik ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti və SOCAR-ın birgə səyləri nəticəsində görülmüş işlər artıq öz bəhrələrini vermişdir. Azərbaycanda fəaliyyət göstərən neft-qaz təmayüllü şirkətlərdə milliləşdirmə öhdəliklərinin yerinə yetirilməsi göstəriciləri kifayət qədər yüksəkdir. 2013-cü ildə BP Eksploreyşn şirkətində, eləcə də podratçı və subpodratçı şirkətlərdə milliləşdirmə göstəricisi 77% civarında olduğu halda 2018-ci ilin sonuna işçi heyətin artıq 90%-i milli kadrlardan ibarətdir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns demişdir: “Biz Azərbaycan Hökuməti, SOCAR və digər tərəfdaşlar ilə birlikdə bu hədəfə nail olmağımızla qürur duyuruq. Bu, Azərbaycandakı əməliyyatlarımızda personalın milliləşdirilməsini sürətləndirmək və işçi qüvvəsini inkişaf etdirmək üçün qəbul etdiyimiz uzunmüddətli strategiyanın və öhdəliklərin bir hissəsidir. Biz birgə səylərimizin uğurlu nəticəsini görməkdən məmnunuq və Azərbaycanın neft-qaz sənayesi üçün regional insan resursları qovşağına çevrilməsində iştirakımızı bundan sonra da davam etdirəcəyik.”
Tədbirdə daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış etmişlər. Çıxışlarda Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərində milliləşdirmə üzrə göstəricilərin yüksək olduğu bildirilmiş, görülmüş işlərin yerli mütəxəssislərin transmilli şirkətlərin neft-qaz əməliyyatlarında daha səmərəli iştirak etməsinə və əhalinin məşğulluğunun artırılması istiqamətində yeni əmək bazarının formalaşmasına şərait yaradacağı vurğulanmışdır.
BP Azərbaycanda milliləşdirmə haqqında faktlar və rəqəmlər
Redaktorlar üçün qeyd:·
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsi
Telefon: (+99412) 521-02-74; press@socar.az
Tamam Bayatlı, BP-nin Bakıdakı Mətbuat xidməti
Telefon: (+994 12) 525-58-95;E-mail: bayatltf@bp.com