Bu gün BP Qrupunun prezidenti Toni Heyvard Azərbaycana bir günlük işgüzar səfər edib.
Səfər zamanı cənab Heyvard Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevlə görüşüb və ona BP-nin Azərbaycanda əməliyyatçısı olduğu layihələr üzrə işlərin cari vəziyyəti və planlar barədə məlumat verib.
Cənab Heyvard BP-nin Azərbaycandakı öhdəliklərinin və Azərbaycan hökuməti və ARDNŞ ilə əməkdaşlığının uğurla davam edəcəyini bir daha bildirib. Cənab Heyvard Azəri-Çıraq-Günəşli və Şahdəniz neft və qaz, eləcə də Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri layihələrinin Azərbaycan, region və qlobal enerji bazarları üçün əhəmiyyətini bir daha vurğulayıb. Cənab Heyvard həmçinin Xəzərdə davam edən geoloji-kəşfiyyat işlərinin bölgənin enerji gələcəyi üçün əhəmiyyətini də xüsusi qeyd edib.
Cənab Heyvard Prezident Əliyevi Azərbaycan və Türkiyə hökumətləri arasında Azərbaycan qazının Türkiyəyə satışı və Türkiyə ərazisindən keçməklə Avropa bazarlarına nəqli ilə bağlı bu yaxınlarda əldə edilmiş razılaşmaya görə xüsusi olaraq təbrik edib. Cənab Heyvard Şahdəniz yatağının tammiqyaslı işlənməsinin BP üçün ən vacib layihələrdən biri olduğunu vurğulayaraq, şirkətin bir əməliyyatçı kimi bu layihəni sürətlə həyata keçirəcəyini bildirib.
Daha sonra cənab Heyvard ARDNŞ-də “Sazişin Əsas Prinsipləri “ adlı sənədin imzalanması mərasimində iştirak edib. Bu sənəd Şəfəq və Asiman dəniz blokları üçün Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) əsas kommersiya prinsiplərini müəyyən edir. Sazişin imzalanması Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq və Asiman perspektiv strukturlarının birgə kəşfiyyatı və işlənməsi üçün BP və ARDNŞ arasında 2009-cu ilin iyul ayının 13-də Londonda imzalanmış anlaşma memorandumundan sonra gələn mərhələdir.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57