BP öz tərəfdaşları adından bu gün Səngəçal terminalında Xəzər Enerji Mərkəzini (XEM) yenidən açmışdı.
Bu tədbirdən əvvəl Hyuston Təbiət Elmləri Muzeyi ilə əməkdaşlıqda mərkəzin hərtərəfli təmir və modernləşdirmə proqramının həyata keçirilməsi başa çatdırılmışdı.
XEM Azərbaycanda tamamilə enerji sənayesinə və karbohidrogenlərin hasilatını, geoloji kəşfiyyatını və kommersiya baxımından istifadə olunmasını dəstəkləyən spesifik elmlərə həsr olunmuş ilk sərgi mərkəzidir. Bu obyekt artıq onu dünya səviyyəli yenilikçi bir elm mərkəzinə çevirən yeni mühüm eksponatlar dəsti ilə təchiz olunmuşdur.
XEM hər şeydən öncə Azərbaycanda uşaqların bu ölkədəki təbii sərvətlər barədə, eləcə də həmin sərvətlərdən gündəlik həyatda necə istifadə olunması haqda maarifləndirilməsinə kömək məqsədilə orta məktəblərin istifadəsi üçün bir təhsil ocağı kimi layihələşdirilmişdir.
“Bizcə, Mərkəzimizin təşkil etdiyi xüsusi hazırlanmış öyrədici proqramlar və fəaliyyətlər, interaktiv oyunlar və məşğələlər Azərbaycanda gələcək nəsillərin ilkin biliklərini genişləndirəcək”, - XEM-in meneceri İsmayıl Miriyev deyir. İsmayıl Vaşinqton şəhərində Smitsonian təşkilatında əyani ixtisasartırma təcrübəsini tamamlamış ilk azərbaycanlıdır.
“İnteraktiv oyunlar və digər maarifləndirici fəaliyyətlər vasitəsilə öyrənmə xüsusi olaraq uşaqlar üçün elmlərin həyata tətbiqinin bütün dünyada qəbul olunmuş metodudur. Azərbaycanda enerji ilə bağlı elmlərə aid konsepsiyanı həyata keçirən belə bir yenilikçi və böyük gələcəyə malik təşəbbüsdə iştirak etməyimə görə özümü həqiqətən xoşbəxt sanıram. Bu, Azərbaycan üçün nadir bir obyektdir, ölkənin gələcəyinə bir sərmayə kimi qiymətləndirilə bilər”, - İsmayıl əlavə edir.
Bunlardan əlavə, XEM layihələrin irəliləyiş və nailiyyətləri, eləcə də layihələrin ölkənin iqtisadi və sosial inkişafına potensial təsirləri barədə məlumatların yeniləşdirilməsi məqsədilə yüksək vəzifəli hökumət və dövlət rəsmilərini, Azəri-Çıraq-Günəşli (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələri üzrə tərəfdaş şirkətlərin nümayəndələrini, universitet tələbələrini və ümumiyyətlə ictimaiyyətin nümayəndələrini qəbul etməkdə davam edəcək. 2005-ci ilin mayında ilk açılışından bəri Mərkəz 6000 qonaq qəbul etmişdir ki, bunlardan 4000 nəfəri Bakının Qaradağ rayonundakı yerli icmalardan olan məktəblilərdir.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57