AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2023-cü ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 232 milyon dollar əməliyyat məsrəfləri və 746 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
İlin ilk altı ayı ərzində Azəri Mərkəzi Şərqi (ACE) platformasının dayaq bloku tikildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınmış və AÇG yatağı sahəsində suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılmışdır. Bu qurğu 16 mart tarixində dənizə yola salınanadək istismar sınaqları vasitəsilə tam yoxlanmışdı.
ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti-quraşdırma sahəsində davam etmişdir.
Aprel ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev üst modulların inşa edildiyi sahəyə baş çəkərək tikintisi artıq başa çatmış qurğu dənizə öz daimi yerinə yola salınmazdan əvvəl onun hazırlıq vəziyyəti ilə tanış olmuşdur.
Üst modulların quruda aparılması planlaşdırılan əsas istismar sınaqları ilin birinci yarısında uğurla başa çatmışdır. Bu işlərə qazma qurğusunun quruda işə salınması və sınaq əməliyyat işləri aparılması müddətinin uğurla bitməsi, inteqrasiya olunmuş qurğu sisteminin bütövlükdə əminlik sınaqları və sistemi dayandırarkən təzyiqin aşağı salınması əməliyyatının təhlükəsizlik sınağı daxil idi.
Belə təhlükəsizlik sınağı ilk dəfə idi ki, quruda, həm də azot qazından istifadə etməklə icra olunurdu. Əvvəllər belə sınaqlar yalnız dənizdə platforma işə salınarkən sistemə karbohidrogen vurmaqla keçirilirdi ki, ACE-də daha buna ehtiyac olmayacaq.
Bütün bu işlər bitdikdən sonra üst modullar təhlükəsiz şəkildə lazımi hündürlüyə qaldırıldı və yükləmə çərçivəsi qurğusunun üzərinə endirildi ki, oradan da daşıma barjasının üstünə sürüşdürülsün.
May ayının 30-da STB-1 daşıma barjası Bibiheybət tikinti-quraşdırma sahəsinə gətirildi və üst modulların barjaya yüklənməsi əməliyyatı üçün hazırlıqlar başlandı.
İyul ayının 2-də üst modullar bütövlükdə STB-1 barjasının üzərinə yükləndi və hazırda bu qurğu dənizdə dayaq blokunun üzərinə quraşdırılmaq üçün avqustun əvvəlində AÇG yatağı sahəsinə yola salınmağa hazır vəziyyətdədir.
İlin birinci yarısında həmçinin sualtı izolyasiya konstruksiyası işə salınmış və boruların üst modullarda izolyasiyası işləri tamamlanmışdır. Dalğıc gəmisi mövcüd 30-düymlük qovşağın birləşdirilməsini başa çatdırmış, “Sitadel” gəmisi isə izolyasiya konstruksiyasının istiqamətinin dəyişdirilməsi işlərini bitirmişdir.
Mərkəzi Azəri platformasında ACE üçün nəzərdə tutulmuş telekommunikasıyaların modifikasiyası üzrə istismar sınaqları da ilin birinci yarısında başa çatmışdır.
İkinci rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 89% tamamlanmışdı.
Hasilat
2023-cü ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk altı ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (98 000), Qərbi Azəri (91 000), Şərqi Azəri (61 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (35 000) platformalarından birlikdə – gündə orta hesabla 375 000 barel və ya ümumilikdə təxminən 68 milyon barel, yəni 9 milyon ton olub.
İkinci rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
İlin birinci yarısında AÇG-də 3 neft hasilatı və 4 su injektor quyusu tamamlanmışdır.
Səmt qazı
2023-cü ilin birinci yarısında AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 1,1 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Birinci yarımildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
İlk altı ay ərzində terminal təxminən 115 milyon bareldən çox neft və kondensat, o cümlədən 114 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 1 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.
Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İlin ilk altı ayı ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 72 milyon standart kubmetr (təxminən 2 milyard 542 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.
2023-cü ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təxminən 59 milyon dollar, əsaslı xərclərə isə 18 milyon dollar vəsait xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 546 milyon tondan çox (4,1 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5402 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. BTC-nin ümumilkdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi 18 yanvar 2023-cü il tarixində qeyd edilmişdir.
İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 15 milyon ton (təxminən 114 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 158 tankerə yüklənmiş və yola salınmışdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.
2023-cü ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 208 milyon dollar əməliyyat xərcləri və təxminən 408 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Hasilat
Birinci yarımildə Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
İlin ilk altı ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 13 milyard standart kubmetr qaz və 2 milyon tondan çox (təqribən 18 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 72,6 milyon (ildə təqribən 26,5 milyard) standart kubmetrdir.
Şahdəniz 2 layihəsi
2023-cü ilin ikinci rübündə Şahdəniz 2 layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləmişdir.
Quraşdırma və sınaq işləri həm sualtı, həm də Şahdəniz Bravo platformasında üst modullarda davam etmişdir. Layihə çərçivəsində şərq-şimal cinahının hasilat axın xətlərində suvurma, təmizləmə, ölçmə və hidrosınaq işləri uğurla yerinə yetirilmiş, cinahda bütün elastik monoborular quraşdırılmış, eləcə də Şahdəniz Bravo platforması ərazisində qalan qoşucu qovşaqların birləşdirilməsi işləri tamamlanmışdır.
Qazma əməliyyatları
İlin ilk altı ayında Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
Şahdəniz 2 layihəsi çərçivəsində quyuların tamamlama işləri İstiqlal qazma qurğusu vasitəsilə davam edir.
Ümumilikdə Şahdəniz 2 çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.
İlin birinci yarısında CQBK-nin əməliyyat xərcləri təqribən 39 milyon dollar, əsaslı xərclər isə 3 milyon dollardan çox olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
İlin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,7 milyon kubmetr olmuşdur.
2023-cü ilin birinci yarısında biz Azəri-Çıraq-Günəşli strukturunda hazırda istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni bir qiymətləndirmə quyusu (A22z) qazmışıq. Quyunun qazılmasına 7 fevral 2023-cü il tarixində başlanmışdır və quyu aprel ayında tamamlanmışdır. Hazırda dərin qaz laylarının potensialını öyrənmək məqsədilə quyudan əldə olunmuş məlumatın təhlili aparılır.
2023-cü ildə biz həmçinin Şahdəniz müqavilə sahəsində yeni bir kəşfiyyat quyusunun qazılmasına (SDX-8) başlamışıq. Quyuda qazma işləri 20 yanvar tarixində başlanıb və hazırda uğurla davam edir.
Şəfəq-Asiman dəniz blokunda qazılmış ilk kəşfiyyat quyusundan - SAX01-dən əldə edilmiş məlumatların təhlili nəticələrinin interpretasiyasını ilin birinci yarısında başa çatdırdıq. Quyuda aşkar edilmiş karbohidrogen ehtiyatlarının dəyərləndirilməsi və kəşfiyyat işlərinin növbəti mərhələsinin planlaşdırılması işləri hazırda davam edir.
İkinci rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2349 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2023-cü ilin ilk altı ayı ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 1 milyon dollardan artıq vəsait xərcləmişlər. Bu layihələrə 13 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 4 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxil olub.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ilin birinci yarısında təxminən 0,3 milyon dollar vəsait xərcləyib. Bu layihələr təhsilə (9 layihə), bacarıqların yaradılmasına və sahibkarlığın inkişafına (1 layihə), ətraf mühitin qorunmasına (1 layihə) və mədəni irsin və milli idmanın inkişafına (1 layihə) dəstək məqsədi daşıyan təşəbbüslər olub. Həmçinin, ilk altı ay ərzində bp ümumilikdə 9 konfrans, sərgi, forum və simpoziuma sponsorluq edib.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 5895