bp 30 ildir Azərbaycanda fəaliyyət göstərir və ölkədəki ən böyük xarici investordur. Biz qarşıdan gələn onilliklərdə də Azərbaycanla birgə enerji layihələrimizin həyata keçirilməsi öhdəliyinə sadiq qalırıq və regiondakı biznesimizdə diqqətimizi əhəmiyyətli artım potensialına malik əsas aktivlərimizə və işlənmə layihələrinə cəmləmişik.
Xəzər regionunda əsas fəaliyyətimiz Azərbaycandadır və biz bu ölkəni dəyərli enerji tərəfdaşımız kimi görürük və hesab edirik ki, Azərbaycan regional inkişafa əhəmiyyətli töhfə verir. Burada biz hazırda dünyanın ən böyük neft yataqlarından biri olan Azəri-Çıraq-Günəşli yatağının və eyni dərəcədə böyük qaz yatağı hesab edilən Şahdəniz yatağının operatoruyuq.
Biz həmçinin burada dünya səviyyəli obyektlərə və infrastruktura malikik, belə ki, hər iki yataq böyük ixrac sistemi vasitəsilə birbaşa olaraq yerli və beynəlxalq bazarlar ilə birləşdirilib. Bu ixrac sisteminə dünyada quruda yerləşən ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalı ilə birləşdirilmiş mürəkkəb sualtı boru kəməri infrastrukturu, Qara dənizdə və Aralıq dənizində yerləşən dəniz ixrac sistemlərinə qoşulmuş, ümumilikdə 3300km uzunluğa malik üç ixrac boru kəməri və eləcə də qazı Türkiyəyə və daha sonra isə Avropaya nəql etmək üçün Şahdəniz Mərhələ 2 çərçivəsində inşa edilmiş yeni qaz ixrac sistemi daxildir.
Biz Azərbaycanda hökumət, SOCAR və digər tərəfdaşlarla mükəmməl tərəfdaşlıqlar qurmuşuq. Xəzər regionundakı 30 illik uğurlu iş təcrübəmizlə biz bu dünya səviyyəli layihələri təhlükəsiz, etibarlı və səmərəli şəkildə həyata keçirə bilən aparıcı operatoruq.
Biz beynəlxalq enerji standartlarına cavab verən layihələrə investisiya yatırmağa davam edəcəyik və Xəzər regionuna sənayedəki ən mürəkkəb və qabaqcıl texnologiya və ekspertizanı gətirəcəyik.
Biz bu hövzədə yeni layihələri – AÇG yatağının sonrakı mərhələdə işlənməsi (müddəti uzadılmış yeni saziş çərçivəsində), AYDS, Şəfəq-Asiman və digər potensial layihələri uğurla həyata keçirmək üçün bu unikal təcrübə və biliklərə söykənəcəyik.
Qlobal miqyasda, biz dünyanın iqlim sahəsindəki məqsədlərinə nail olmasına kömək etmək üçün yeni hədəf və məqsədlər təyin etmişik. Biz enerjiyə daim artan tələbatı ödəməyə kömək etməklə yanaşı, həm də az karbonlu texnologiyalara sərmayə qoymaqla və biznesimizdə innovasiyaları sürətləndirməklə təmiz enerji sahəsindəki yeni imkanlara getdikcə daha çox diqqət yetirəcəyik. Bu məqsədlə biz Azərbaycanda hökumət, SOCAR və digər tərəfdaşlarla yeni imkanlar üzərində sıx işləməyə davam etməklə, ölkənin enerji keçidinə kömək edəcəyik və onun təmiz enerji üzrə səylərinə töhfə verəcəyik.
Son 30 il ərzində biz ən çox irəliləyiş əldə edə biləcəyimizə inandığımız sahələrə yönəlməklə Azərbaycanın davamlı inkişaf səylərinə böyük töhfə vermişik. Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib. Ölkənin uzunmüddətli və etibarlı tərəfdaşı olaraq biz yerli potensialın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, daha yüksək təhsil standartlarına nail olunması, yerli icmaların inkişafı üçün imkanların yaradılması, yerli sahibkarlığın inkişafı, ətraf mühitin qorunması və ölkənin idman potensialının artırılmasında, habelə onun zəngin mədəni irsinin tədqiqi və təbliğində mühüm rol oynamaq öhdəliyimizə sadiq qalırıq.
2006: Şahdəniz yatağından ilk qaz hasil olunub və CQBK istismara verilib
2008: Dərinsulu Günəşlidən hasilat başlanıb
2010: Şəfəq-Asiman üzrə HPBS imzalanıb
2013: Şahdəniz 2 üzrə Yekun İnvestisiya Qərarı elan olunub
2014: Qərbi Çıraqdan hasilat başlanıb
2014: Abşeron yarımadasının dayazsulu hissəsi (AYDH) üzrə HPBS imzalanıb
2014: Səngəçalda Cənub Qaz Dəhlizinin təməli qoyulub
2017: Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) üzrə HPBS yenidən işlənib və uzadılıb
2018: D230 bloku üzrə HPBS imzalanıb
2018: Şahdəniz 2-dən Türkiyəyə ilk kommersiya qazının nəqli başlanıb
2019: Azəri Mərkəzi Şərqi (ACE) platformasının tikintisi başlanıb
2020: Şahdəniz 2-dən Avropaya qaz nəqli başlanıb
2021: Cəbrayılda günəş elektrik stansiyası layihəsi üzrə icra müqaviləsi imzalanıb