Boru kəmərinin uzunluğu 1768 kilometrdir:
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri hazırda əsasən Azəri-Çıraq Günəşlidən hasil edilən nefti və Şahdənizdən hasil olunan kondensatı Azərbaycandan nəql edir. O, Bakı yaxınlığındakı Səngəçal terminalından başlayıb Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. Bundan əlavə, Türkmənistandan gələn xam neft də bu boru kəməri vasitəsilə nəql olunmağa davam edir.
2006-cı ilin iyun ayından istismara verilən BTC boru kəməri Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkəti (BTC Ko) tərəfindən tikilib.
Bütün 1768 km-lik uzunluğu boyu yerə basdırılmış boru kəmərinin 443 km-i Azərbaycandan, 249 km-i Gürcüstandan və 1076 km-i Türkiyədən keçir. Boru kəmərinin Azərbaycan və Gürcüstanda yerləşən hissələrinin operatoru BTC Ko.-nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə BOTAŞ Interneşnl Limited (BIL) şirkətidir.
Boru kəmərinin diametri Azərbaycanda və Türkiyədə əsasən 42 düymdür. Gürcüstan ərazisində boru kəmərinin diametri 46 düymdür. Boru kəmərinin diametri Türkiyədə Ceyhan dəniz terminalına enən axırıncı eniş boyu hissədə 34 düymədək azalır.
BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.
BTC boru kəməri Azərbaycanda 13 rayon – Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa rayonlarından; Gürcüstanda 7 və Türkiyədə 9 bölgədən keçir..
2022-ci ilin mart ayında BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5000-ci tankerin yola salınmasını qeyd etdi.
2024-cü ilin ilk üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 104 milyon dollar, əsaslı xərclərə isə 28 milyon dollar vəsait xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin sentyabr ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 583 milyon ton (təxminən 4,4 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5786 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
İlk üç rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 22 milyon ton (təxminən 165 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 229 tankerə yüklənmiş və yola salınmışdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.