6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.
ACE layihəsi üzrə yekun investisiya qərarı 2019-cu ilin aprelində qəbul olunub. Bu, 2017-ci ildə Azəri-Çıraq-Günəşli (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından bəri AÇG sahəsinin işlənməsinə ümumilikdə 42 milyard dollar investisiya qoyulmuşdur.
ACE layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud Mərkəzi Azəri və Şərqi Azəri platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılıb. Layihəyə həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG Faza 2 sualtı ixrac kəmərlərinə qoşulub.
Bundan əlavə, laya vurulan suları Mərkəzi Azəri kompressiya və suvurma platformasından ACE qurğularına nəql etmək məqsədilə ACE və Şərqi Azəri platformaları arasında suvurma üçün boru xətti də mövcuddur.
Ümumi layihənin tikinti işləri 2019-cu ilin sonlarında başlanıb və yerli resurslardan istifadə olunmaqla ölkə daxilində həyata keçirilib. İşlərin pik dövründə Azərbaycanda tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb edilib.
ACE platforması texnoloji və rəqəmsal baxımdan bp-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. ACE platforması Səngəçal terminalından, yəni uzaq məsafədən idarə edilir. Bunun üçün platformanın idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib və Səngəçal terminalında yeni ACE idarəetmə mərkəzi inşa edilib. ACE AÇG platformaları arasında uzaq məsafədən idarə olunan ilk platformadır. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində yaranan emissiyaları azaltmağa da kömək edir.
Aprelin ortalarında Xəzərdə nəhəng AÇG yatağında quraşdırılmış yeddinci platforma olan yeni ACE platformasından ilk neft əldə olundu.
ACE platformasından ilk neft ötən ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. Platformada hazırda bir quyudan gündə təxminən 8000 barel neft hasil olunur. Bu ilin sonuna kimi daha iki hasilat quyusunun qazılıb istismara verilməsi planlaşdırılır ki, bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 000 barelə çatacağı gözlənilir.
İlin ilk üç rübü üçün ACE platformasından hasilat 6500 barel olub.
ACE üst modullar blokunun tikinti prosesi
ACE qazma modulunun qaldırma və sürüşdürmə əməliyyatı
ACE platformasının üst modulları dənizə yola salınması