1. Əsas səhifə
  2. Biz kimik
  3. Əməliyyatlar və layihələr
  4. Şahdəniz
  5. Şahdəniz-in 25 illiyi faktlarda

Şahdəniz-in 25 illiyi faktlarda

Şahdəniz 2021-ci ildə öz 25 illiyini qeyd edir. Bu həm Azərbaycan hökuməti, həm də bp və onun Şahdəniz üzrə tərəfdaşları üçün mühüm bir hadisədir.

 

25 il bundan əvvəl, 4 iyun 1996-cı il tarixində Şahdəniz yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) Bakıda SOCAR və xarici şirkətlərin konsorsiumu arasında imzalanmışdır. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minmişdir.

Şahdəniz dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir və bp-nin indiyə qədər kəşf etdiyi ən böyük qaz yatağıdır.

15 ilə yaxındır ki, Şahdəniz Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyəni təhlükəsiz və etibarlı şəkildə qazla təchiz edir.

2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizinin tamamlanması nəticəsində Şahdəniz Xəzərdən minlərlə mil uzaqda yerləşən Avropa istehlakçılarını qazla təmin etməklə Avropa üçün yeni enerji təchizatı mənbəyinə çevrilmişdir.

Şahdəniz yatağının kəşf edilməsi və işlənməsi Azərbaycanın regional və beynəlxalq miqyasda iri qaz təchizatçısı kimi artan rolunu gücləndirərək ölkənin qarşıdan gələn onilliklər ərzində neft və qaz gəlirlərinin artmasına zəmin yaratmışdır. Bu layihə Azərbaycanı ən irihəcmli birbaşa xarici investisiya  ilə təmin etmiş və ölkə iqtisadiyyatını daha da gücləndirmişdir. Azərbaycan quruda yerləşən yeni obyektlərə, dəniz qurğularına və ixrac infrastrukturuna sahib oldu. Bunların hamısı qabaqcıl texnologiyalardan istifadə etməklə beynəlxalq standartlara uyğun inşa edilmişdir.

Şahdəniz üzrə sazişin imzalanmasının 25-ci ildönümü Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir mərhələdir. Bu həmçinin SOCAR, bp və Şahdəniz sazişi üzrə bütün digər tərəfdaşlar üçün tarixi əhəmiyyət daşıyan bir gündür.

 

ŞAHDƏNİZ ÜZRƏ BƏZİ MÜHÜM FAKTLAR VƏ RƏQƏMLƏR:

 

  • Şahdəniz Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70 km cənub-şərqdə, dənizin 50 metrdən 600 metrədək dərinliyində yerləşir.
  • Nəhəng yatağın sahəsi 140 kvadrat kilometrdən çoxdur.
  • Şahdəniz yatağı 1999-cu ildə kəşf edilmişdir. Yatağda ilkin hesablamalara görə təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var.
  • Şahdəniz yatağının birinci fazasından 2006-cı ildə ilk hasilat əldə edildi. Oradan hazırda ildə 10 milyard kubmetrdən çox qaz hasil olunaraq Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır.
  • 17 dekabr 2013-cü il tarixində Şahdəniz konsorsiumu Şahdəniz 2 layihəsinin işlənməsi üçün yekun investisiya qərarını elan etdi.
  • Şahdəniz yatağının ikinci fazası 2018-ci ildə hasilata başladı. Oradan əlavə ildə 16 milyard kubmetr qaz hasil olunacaq və nəticədə yataq üzrə ümumi hasilat həcmi ildə 26 milyard kubmetrə çatacaq.
  • İlk hasilat başlayandan 2021-ci ilin 1-ci rübünün sonunadək Şahdəniz yatağından 140 milyard kubmetr qaz və təxminən 33 milyon ton kondensat hasil olunub.
  • Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 58 milyon (ildə 21 milyarddan artıq) standart kubmetrdir.
  • Şahdəniz quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır. Hazırda Şahdəniz yatağının ən məhsuldar quyusundan hasilat gündə 36 min barel neft ekvivalentidir.
  • Bu günə qədər Şahdəniz yatağında ümumilikdə 32 quyu, o cümlədən Şahdəniz 1 çərçivəsində 11, Şahdəniz 2 çərçivəsində isə 21 quyu qazılmışdır. Bu quyulardan 19-u hazırda istismardadır.
  • 2006-cı ildə istifadəyə verildikdən etibarən CQBK vasitəsilə təxminən 96 milyard kubmetr Şahdəniz qazı ixrac edilmişdir.
  • Şahdəniz layihəsi çərçivəsində kapital xərcləri 2021-ci ilin 1-ci rübünün sonuna 27 milyard dollar təşkil etmişdir.
  • Şahdəniz layihəsinin texniki təhlükəsizlik üzrə çox yüksək göstəriciləri var və ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi Şahdəniz çərçivəsində 14 Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi və 48 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılmışdır.