Şahdəniz 2 və CQBKG-nin gedişatı
Şahdəniz yatağının işlənməsinin növbəti mərhələsi, yəni Şahdəniz 2, 2013-cü ildə təsdiqləndi. Şahdəniz 2 dünyanın ən böyük və ən mürəkkəb qaz layihələrindən biridir.
Bu, Xəzər dənizində ilk sualtı işlənmə layihəsidir və dünyada bp şirkətinin idarə etdiyi ən iri sualtı infrastrukturudur. O həmçinin Xəzər dənizindən hasil olunan təbii qazı ilk dəfə olaraq birbaşa Avropa bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir.
Dənizdə Şahdəniz 2 layihəsi 26 sualtı quyu, 500 km sualtı boru kəmərləri və axın xətləri və körpü vasitəsilə birləşdirilmiş yeni qoşa platformadan ibarətdir. Qaz 85 km boru kəməri ilə quruya, yeni artan qaz hasilatına uyğun olaraq əhəmiyyətli dərəcədə genişləndirilmiş Səngəçal terminalına nəql olunur. Layihə çərçivəsində CQBK də genişləndirilmiş və Azərbaycanda 428 km, Gürcüstanda isə 59 km yeni boru kəməri, o cümlədən qazın Avropaya doğru 3500 kilometrlik məsafəni qət etməsi üçün üç yeni kompressiya obyektləri inşa edilmişdir.
Hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsində, Şahdəniz 2 layihəsi çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil olunacaq. Yatağın işlənməsinin birinci mərhələsindən əldə olunan hasilat həcmi ilə birlikdə Şahdəniz yatağından ümumi hasilat ildə 26 milyard kubmetr qaz və gündə 100000 bareldən çox kondensat təşkil edəcək.
Cənub Qaz Dəhlizinin işə düşməsi ilə Şahdəniz Avropaya yeni böyük enerji həcmlərini çatdırmağa başlayaraq Avropanın enerji mənbələrini daha da şaxələndirmiş və enerji keçidi üçün vacib olacaq yeni təbii qaz tədarükünü təmin etmişdir.
Layihə 2018-ci il tarixində Səngəçal terminalında keçirilmiş rəsmi inauqurasiya mərasimi ilə istismar mərhələsinə daxil oldu. Bunun ardınca 30 iyun 2018-ci ildə Şahdəniz 2 layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli daşımalar plana uyğun şəkildə başladı.
2018-ci il 30 iyulda yatağın şimal cinahındakı SDC03Z quyusunun ventili açılaraq Şahdəniz Bravo platformasından ilk qaz əldə olundu. Bu da ümumilikdə Xəzər dənizində sualtı quyudan çıxarılan ilk hasilat olmaqla və təhlükəsiz, büdcədən aşağı və cədvəli qabaqlayaraq həyata keçirilməklə çox mühüm bir nailiyyətdir.
Hazırda Şahdəniz Bravo qurğularından qaz və kondensat Səngəçal terminalına ixrac olunmaqdadır.
2020-ci il 31 dekabrda Şahdəniz yatağından ilk dəfə olaraq Avropaya yeni Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə kommersiya qaz nəqli başlandı. CQD Şahdəniz yatağından başlayır və Şahdənizdən Avropa bazarlarına qaz nəqlinin başlanması Azərbaycandan Avropaya uzanan 3500 km uzunluğunda CQD qaz dəyər zəncirinin tam inteqrasiya olunduğunu bildirir. Bu mühüm nailiyyət nəticəsində Şahdəniz Avropanın enerji bazarını şaxələndirəcək və onun enerji təhlükəsizliyini gücləndirəcək yeni enerji təchizatı mənbəyinə çevrilib.
2024-cü ilin üçüncü rübündə Şahdəniz 2 layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından üçüncü quyunun işə salınması istiqamətində irəliləmişdir.
Regionda tətbiq edilən vahid gəmi strategiyasına uyğun olaraq Xankəndi gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün əsas gəmi kimi istifadə olunur ki, bu da bp və tərəfdaşlarının əməliyyatlarının daha təhlükəsiz və daha səmərəli olmasına xidmət edir.
Şahdəniz 2 layihəsi çərçivəsində görülən işlər Xənkəndi gəmisinin əsas iş həcmi olmaqda davam edir. Burada əsas diqqət layihə üzrə qalan quyuların təhvil verilməsinə yönəlib. Gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafik hazırlanmışdır.
Qazma əməliyyatları
2024-cü iıin üçüncü rübü ərzində İstiqlal və Heydər Əliyev qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib.
İstiqlal qazma qurğusu şərq-şimal cinahında SDH02 quyusu və qərb-şimal cinahında SDF02 quyusu üzərində işlər həyata keçirib. Heydər Əliyev qazma qurğusu qərb cinahında SDD05 quyusunun qazma işlərini davam etdirib.
Ümumilikdə Şahdəniz 2 çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.